02 dekabr

Avropanın TRİPP layihəsində iştirakı - Azərbaycan beynəlxalq əməkdaşlıq mühitində yeni səviyyəyə qədəm qoyur - ŞƏRH

Bu ilin avqust ayında Vaşinqtonda keçirilən ABŞ-Azərbaycan-Ermənistan sülh sammitində əldə olunan nailiyyətlərdən biri də TRİPP layihəsi ilə bağlıdır. Bu layihənin reallaşması ilə Orta Dəhlizdə daha bir marşrut açılır və kilid nöqtə Azərbaycan olur. Bu, Zəngəzur vasitəsilə yüklərin Avropaya çatdırılması üçün ən təhlükəsiz marşrutlardan biri hesab edilir. İldə 15 milyon ton yük dövriyyəsi Azərbaycana bir sıra faydalarla yanaşı, əlavə gəlir deməkdir. Asiyadan Avropaya və əks istiqamətdə Azərbaycandan keçən yüklərin həcmi özlüyündə iqtisadi və maliyyə dividendlərinin artım potensialının göstəricisidir.

TRİPP layihəsində Avropanın iştirakı Azərbaycanın iqtisadi və strateji inkişafına çoxşaxəli töhfələr verə bilər. Avropa dövlətləri və institutları layihəyə qoşulduqda ilk olaraq maliyyə axınlarının sabitliyi təmin olunur. Bu, iri infrastruktur komponentlərinin vaxtında və yüksək keyfiyyətlə həyata keçirilməsinə şərait yaradır. Avropa maliyyə institutlarının şəffaflıq və risklərin idarə olunması üzrə tələbləri layihənin idarəetmə mexanizmlərini təkmilləşdirir və bu da Azərbaycanın dövlət və özəl sektorunda daha səmərəli idarəetmə mədəniyyətinin formalaşmasına yardım edir. Bundan əlavə Avropa şirkətlərinin innovativ texnologiyalarının tətbiqi Azərbaycanın logistika, rəqəmsal nəqliyyat sistemləri və enerji səmərəliliyi sahələrində müasir standartlara uyğunlaşmasını sürətləndirir.

Uzun müddətdir Avropanın da bu marşruta marağı əbəs deyil. Birincisi, ABŞ ilə iqtisadi əlaqələri gücləndirmək üçün Aİ-yə yeni imkandır. İkincisi, Rusiya və İrandan yan keçən müstəqil marşrut Avropaya sözügedən ölkələrdən asılılıqdan qurtulmağa, Mərkəzi Asiya və Çinlə ticarət əlaqələrini qorumağa şərait yaradır. Bununla yanaşı, Avropanın bu layihəyə qoşulması Azərbaycan üçün də müəyyən üstünlüklər deməkdir.

Geostrateji baxımdan Avropanın iştirakı Azərbaycanın regiondakı mövqeyini daha da gücləndirir. TRİPP layihəsi Avropanı Mərkəzi Asiya və Cənubi Qafqazla birləşdirən mühüm nəqliyyat və ticarət xətti kimi ölkənin tranzit rolunu genişləndirir. Bu, həm ticarət dövriyyəsinin artmasına, həm də yeni logistika qovşaqlarının və sənaye zonalarının inkişafına stimul verir. Azərbaycanın etibarlı tranzit ölkə kimi möhkəmlənməsi xarici investisiyalar üçün əlavə cəlbedicilik yaradır və ölkənin regional iqtisadi təşəbbüslərdə söz sahibliyini artırır. Avropanın siyasi dəstəyi də layihənin təhlükəsizliyini və uzunmüddətli davamlılığını təmin edir ki, bu da regionda sabitliyin möhkəmlənməsinə müsbət təsir göstərir.

Sosial və institusional baxımdan Avropanın iştirakının gətirdiyi standartlar və tələblər Azərbaycanda idarəetmə keyfiyyətinin yüksəlməsinə, şəffaflığın artmasına və dövlət xidmətlərinin modernləşməsinə təkan verir. Bu proses uzunmüddətli perspektivdə biznes mühitini yaxşılaşdırır, rəqabət qabiliyyətini artırır və yerli kadrların peşəkar bacarıqlarının genişlənməsinə səbəb olur. Beləliklə, Avropanın TRİPP layihəsində iştirakı yalnız iqtisadi deyil həm də sosial, texnoloji və siyasi aspektlərdə Azərbaycanın inkişafını sürətləndirə və ölkəni beynəlxalq əməkdaşlıq şəbəkəsində daha güclü mövqeyə çıxara bilər.

Hikmət Həsənov

SORĞU

İstilik təchizatı

Yaşadığınız evin istilik təchizatını hansı üsulla təmin edirsiniz?