Şəkərsiz içkilər daha təhlükəlidirlər - XƏBƏRDARLIQ

ABŞ-dən olan kardioloq Dmitri Yaranov illərlə tibbi təcrübədən sonra radikal bir qərara gəlib: o, artıq heç vaxt dietik qazlı içkilərə toxunmayacağını açıqlayıb.
Təhlil.az xəbər verir ki, həkim bu içkilərin üzərində yazılan “sıfır şəkər” ifadəsini qablaşdırmadakı ən böyük yalan adlandıraraq, onların sağlamlıq üçün düşündüyümüzdən daha ciddi təhlükə yaratdığını bildirib.
Yaranovun fikrincə, dietik içkilər uzun müddət çəkiyə və qan şəkərinə nəzarət üçün “daha sağlam alternativ” kimi təqdim edilsə də, yeni elmi nəticələr bunun əksini sübut edir.
Kardioloq UEG Week 2025 konfransında təqdim olunan geniş araşdırmaya diqqət çəkib. Araşdırmada 10 il ərzində qaraciyər xəstəliyi olmayan 124 mindən çox insan müşahidə olunub və nəticələr narahatedici olub.
Məlum olub ki, dietik və ya şəkərsiz içkiləri mütəmadi qəbul edən insanlarda qaraciyər yağlanması riski artır, qaraciyərdə yağ toplanmasının sürəti yüksəlir və qaraciyər xəstəliklərindən ölüm ehtimalı əhəmiyyətli dərəcədə çoxalır.
Ən vacib məqam isə ondan ibarətdir ki, adi şəkərli içkiləri dietik içkilərlə əvəz etmək riskləri azaltmır.
Yaranov süni şirinləşdiricilərin bədənə “təbii şəkərdən daha ağır təsir etdiyini” bildirərək deyib ki, bu maddələr bağırsaq metabolizmini pozur, qaraciyərin yağ emalını zəiflədir və xəstəlik riskini təxminən 60 faiz artırır.
“Sıfır şəkər heç vaxt sıfır ziyan demək deyil. Və bu ziyanın təsirini ilk hiss edən orqan məhz qaraciyərdir”, – deyə, həkim xəbərdarlıq edib.
Bununla belə, HCA London Bridge Hospitalın qastroenteroloqu Hel Brindli daha balanslı mövqedən çıxış edir. O bildirir ki, dietik içkiləri rasiondan tamamilə çıxarmaq mütləq deyil.
Hazırkı araşdırmaların mexanizmi tam aydın olmasa da, əsas təhlükə faktorlarının artıq çəki və II tip diabet olduğunu vurğulayan Brindli belə içkiləri yalnız mülayim miqdarda qəbul etməyi tövsiyə edir.
Beləliklə, zərərsiz kimi təqdim edilən dietik qazlı içkilərin sağlamlığa real təsiri barədə yeni elmi məlumatlar göstərir ki, onların istifadəsi ehtiyatla yanaşılmalı məsələdir. Xüsusən də qaraciyər xəstəliklərinə meyilli insanlar üçün bu içkilər göründüyündən daha böyük risk daşıyır.