Azərbaycan–NATO siyasi dialoqu yeni mərhələyə daxil olur - ŞƏRH

Azərbaycanla NATO arasında qarşılıqlı faydalı əməkdaşlığın genişləndirilməsinə xidmət edən siyasi dialoqun son aylarda daha da intensivləşməsi müşahidə olunur. Bu dinamika regionda formalaşan təhlükəsizlik mühiti, Cənubi Qafqazda sülhün təmininə yönəlmiş ardıcıl addımlar, xüsusən də ölkəmizlə ABŞ və Avropa İttifaqı arasında münasibətlərin normallaşması fonunda daha aydın görünür.
Təşkilat rəhbərliyinin son aylarda Bakıya səfərlərinin intensivləşməsi, ardınca ötən həftə Azərbaycan nümayəndə heyətinin iştirakı ilə Brüsseldə keçirilən görüşlər və aparılan müzakirələr NATO-nun ölkəmizə diqqətini artırdığını göstərir. Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici Siyasət Məsələləri Şöbəsinin müdiri Hikmət Hacıyevin Brüsseldə NATO-ya üzv ölkələrin səfirləri ilə keçirdiyi görüş də ikitərəfli dialoqun intensiv xarakter aldığının bariz nümunəsidir.
Müşahidələr göstərir ki, NATO üçün müasir təhlükəsizlik çərçivəsi təkcə hərbi-texniki əməkdaşlıqla məhdudlaşmır. Alyans son illərdə enerji təhlükəsizliyini ümumi təhlükəsizlik arxitekturasının mühüm elementi kimi qiymətləndirir. Xüsusilə Rusiya–Ukrayna müharibəsi fonunda enerji mənbələrinin şaxələndirilməsi NATO ölkələri üçün həyati əhəmiyyət daşımağa başlayıb. Bir çox Avropa İttifaqı ölkələrinin son üç ildə Rusiyadan qaz və neft idxalını tam dayandıra bilməməsi isə Aİ daxilində müəyyən ziddiyyətlər yaradır və təşkilatın Rusiyaya qarşı sanksiyalarının siyasi-iqtisadi təsirini zəiflədir. Məsələn, Macarıstan kimi ölkələr Rusiyadan qaz alışını davam etdirəcəyini açıq şəkildə bəyan edir.
Belə şəraitdə Azərbaycanın NATO üçün əhəmiyyəti daha da yüksəlib. Bakı uzun illərdir Avropanın etibarlı enerji tərəfdaşı kimi çıxış edir və enerji infrastrukturunun təhlükəsizliyinə yüksək səviyyədə təminat verir. Cənub Qaz Dəhlizi ilə qaz tədarükünün artırılması təşəbbüsləri, Xəzər üzərindən yaşıl enerjinin ixracına dair strateji layihələr Azərbaycanın Avropanın enerji xəritəsində möhkəm yerini təsdiqləyir. NATO üzvü olan bir çox dövlət bu imkanlardan birbaşa faydalanır və Azərbaycanın enerji resurslarının siyasi təsirlərə məruz qalmadan, sabit şəkildə təmin edilməsini yüksək qiymətləndirir.
Azərbaycan həmçinin gələcəyin enerji təhlükəsizliyində həlledici faktor sayılan yaşıl enerji layihələrinin icrasında mühüm rol oynayır. Prezident İlham Əliyevin 2022-ci ilin dekabrında Rumıniyaya işgüzar səfəri çərçivəsində imzalanmış “Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıniya hökumətləri arasında yaşıl enerji sahəsində strateji tərəfdaşlıq haqqında Saziş” ölkəmizin Avropanın enerji təhlükəsizliyinə təkcə karbohidrogenlərlə deyil, bərpaolunan enerji resursları ilə də sanballı töhfələr vermək gücündə olduğunu göstərir. Bu sazişin icrası Azərbaycanın Avropa İttifaqı və NATO ölkələri ilə “yaşıl enerji” əməkdaşlığında yeni mərhələnin başlanğıcıdır. Azərbaycan həm də Mərkəzi Asiyada istehsal olunacaq yaşıl enerjinin Avropaya ötürülməsində aparıcı tranzit ölkə kimi çıxış etməyi hədəfləyir.
Eyni zamanda, son illərdə artan geosiyasi gərginliklər fonunda Azərbaycanın tranzit imkanları daha da ön plana çıxıb. Orta Dəhliz vasitəsilə yükdaşımaların həcminin artması, Bakı–Tbilisi–Qars dəmir yolunun genişləndirilməsi, Bakı limanı və digər logistika infrastrukturlarının təkmilləşdirilməsi Avropanın Asiya ilə təhlükəsiz bağlantısında mühüm rol oynayır. NATO ölkələri üçün tranzit xətlərinin sabitliyi həm də təhlükəsizlik məsələsidir. Bu baxımdan Cənubi Qafqaz–Mərkəzi Asiya arasında genişlənən iqtisadi-siyasi əlaqələr NATO-nun ümumi təhlükəsizlik strategiyası ilə tam uyğunluq təşkil edir.
Prezident Donald Trampın hakimiyyəti dövründə Azərbaycan–ABŞ münasibətlərinin normallaşması da NATO ilə əməkdaşlığa müsbət təsir göstərib. Vaşinqton transatlantik təhlükəsizliyin vacib dayaqlarından biri kimi Azərbaycanın regionda oynadığı rolu yüksək qiymətləndirir və Qərb ölkələrinə Bakı ilə konstruktiv dialoqun genişləndirilməsini tövsiyə edir. Qarşılıqlı etimadın bərpası, sülh prosesinə verilən açıq dəstək, müdafiə sahəsində əməkdaşlığın genişləndirilməsi NATO–Azərbaycan münasibətlərinin inkişafına zəmin yaradıb.
Alyans Cənubi Qafqazda sülhün təmininə yönəlmiş addımları dəstəkləyir. NATO 8 avqust 2025-ci il tarixində Azərbaycan və Ermənistan arasında əldə olunan razılaşmaları müsbət qiymətləndirib və regionda sülh və etimad quruculuğuna xüsusi önəm verdiyini vurğulayıb. Alyans rəhbərliyi son aylarda bəyan edib ki, sərhədlərin delimitasiyası üzrə razılaşdırılmış mexanizmlər və kommunikasiya xətlərinin mərhələli açılması uzunmüddətli sülh sazişinin imzalanmasının əsas təməl daşlarıdır. Davamlı sülhün Cənubi Qafqazın inkişafına geniş imkanlar açacağı da xüsusi qeyd olunub.
NATO Cənubi Qafqazın sabitliyinin həm Avropa, həm də transatlantik məkan üçün strateji əhəmiyyət daşıdığını qəbul edir. Çünki regionda gərginlik və münaqişə riskləri ticarət yollarına, enerji infrastrukturlarına və ümumi geosiyasi balanslara mənfi təsir göstərir. Buna görə NATO həm siyasi dialoq, həm də institusional əməkdaşlıq vasitəsilə sülh prosesinin irəliləməsini dəstəkləyir.
Göründüyü kimi, Azərbaycanla NATO arasında münasibətlər tədricən genişlənir və sırf hərbi çərçivəni aşır. Mülki müdafiə, kibertəhlükəsizlik, fövqəladə hallar, sülhməramlı fəaliyyət üzrə təcrübə mübadiləsi kimi sahələr ikitərəfli əməkdaşlığın əsas istiqamətlərinə çevrilir. Mövcud müsbət dinamika göstərir ki, yaxın illərdə Azərbaycan–NATO əməkdaşlığı daha da dərinləşəcək və qarşılıqlı maraqlara əsaslanan yeni formatlarda davam etdiriləcək.
MTM Analitik Qrupu