Laçının işğaldan azad edilməsindən 5 il ötür

2020-ci il dekabrın 1-də Azərbaycanın dövlətçilik tarixində mühüm bir səhifə açıldı. 28 il işğal altında qalan Laçın rayonu bir güllə belə atılmadan ölkəmizə qaytarıldı.
Təhlil.az xəbər verir ki, bu tarixi nailiyyət Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın Baş naziri Nikol Paşinyan tərəfindən 2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli bəyanatın nəticəsi idi.
Ermənistanın sentyabrın 27-də törətdiyi genişmiqyaslı təxribatdan sonra Azərbaycan Ordusu əks-hücum əməliyyatına başladı. 44 gün davam edən Vətən müharibəsində yüzlərlə kənd, qəsəbə və strateji yüksəklik azad edildi. Ordunun qətiyyətli əməliyyatları Ermənistanı kapitulyasiya sənədini imzalamağa məcbur etdi və bunun nəticəsində Laçın rayonu döyüşsüz şəkildə geri qaytarıldı.
2020-ci il dekabrın 1-də Azərbaycan Ordusunun bölmələri Laçına daxil olaraq şəhər mərkəzində üçrəngli bayrağımızı ucaltdılar. Bu an Azərbaycan xalqının yaddaşında qürur və birliyin təntənəsi kimi qaldı.
Bu gün Laçın rayonunda genişmiqyaslı bərpa və yenidənqurma işləri həyata keçirilir. Yeni yollar, yaşayış məhəllələri, mühəndis-kommunikasiya xətləri, su və enerji infrastrukturu salınır, şəhər və kəndlər müasir tələblərə uyğun yenidən qurulur.
Prezident İlham Əliyevin iştirakı ilə Laçında bir sıra strateji layihələrin, Laçın şəhərinin yenidən qurulması, Laçın Beynəlxalq Hava Limanının, Kəlbəcər–Laçın avtomobil yolu tunelinin təməlinin qoyulması rayonun sürətlə dirçəldiyini göstərir.
Artıq müəyyən sayda ailələrin qayıdışı başlanıb. Bununla belə, təxminən 80 minə yaxın keçmiş sakin doğma yurdlarına tam şəkildə qayıdacaqları günü böyük ümid və həsrətlə gözləyir.
Beş il əvvəl olduğu kimi, bu gün də Laçının azad olunması Azərbaycan xalqının birlik, güc və əzmkarlıq rəmzi kimi xatırlanır.