Bu gün

Elxan Şahinoğlu: “Sülhün açarı 2026-cı ildədir” - AÇIQLAMA

"Azərbaycan və Ermənistan arasında sülh prosesinin yeni mərhələyə qədəm qoyduğu bir vaxtda, 2026-cı ilin həm ikitərəfli münasibətlər, həm də ümumilikdə Cənubi Qafqaz üçün həlledici il olacağı gözlənilir". 

Bu fikirləri tehlil.az saytına açıqlamasında “Atlas” Siyasi Araşdırmalar Mərkəzinin rəhbəri, siyasi ekspert Elxan Şahinoğlu deyib.

O bildirib ki, Azərbaycan və Ermənistan arasında qeyri-hökumət təşkilatları səviyyəsində başlanan dialoq prosesini yüksək qiymətləndirir.

Onun sözlərinə görə, QHT-lər arasında ünsiyyətin kökləri 1990-cı illərin əvvəllərinə gedib çıxır: 

"Həmin dövrdə keçirilən görüşlər xarici ölkələrin moderatorluğu ilə təşkil edilir, ekspertlər Avropa şəhərlərinə və Tbilisiyə dəvət olunurdu. Mən özüm də o görüşlərin birində – Baltik dənizində yerləşən Aland adalarında iştirak edmişəm. Burada tərəflər adaların geniş muxtariyyət statusunu araşdırır və bu təcrübənin Qarabağ üçün tətbiqi ehtimalını müzakirə edirdilər. Lakin o zaman erməni ekspertləri məsələyə razılıq vermir, yalnız Qarabağın “Ermənistana məxsus olduğunu” iddia edir və qarşılıqlı tərəfdaşlığın ancaq bu şərtlə mümkün olacağını bildirirdilər. Buna görə də həmin mərhələdə dialoqdan real nəticə əldə edilməmişdi". 

Ekspert vurğulayıb ki, bu gün vəziyyət tamamilə dəyişib. Azərbaycan öz ərazi bütövlüyünü bərpa edib, Qarabağın Azərbaycana məxsus olduğu faktını Ermənistan rəhbərliyi də qəbul edir:

"Hazırda rəsmi nümayəndələr və diplomatlar səviyyəsində dialoq davam edir. Bununla paralel olaraq QHT-lər arasındakı təmaslar da yeni mərhələyə qədəm qoyub. Ekspert vurğulayır ki, bu dialoqun ən mühüm cəhəti radikal qrupların prosesdən kənarda qalmasıdır. Onun fikrincə, görüşlərin həm Bakıda, həm də İrəvanda keçirilməsi və xarici moderatorlardan imtina olunması prosesin daha sağlam irəliləməsinə səbəb olacaq". 

E. Şahinoğlu hesab edir ki, Bakı və İrəvan arasında sülh sazişinin imzalanması Ermənistanın 2026-cı ilin iyununda keçiriləcək parlament seçkilərinin nəticələrindən ciddi şəkildə asılı olacaq: 

 "Paşinyan seçkilərdə qalib gəldiyi halda referendum keçirəcəyini və yeni Konstitusiyanı qəbul edəcəyini açıqlayıb. Bu isə sülh sazişinin imzalanmasını praktiki olaraq qarşılıqsız buraxa bilər. Eyni zamanda ekspert mümkün alternativ ssenarini də istisna etmir: Paşinyanın növbədənkənar seçkilər elan etməsi ehtimalı mövcuddur və bu halda sülh sazişi daha tez imzalana bilər. Xüsusilə qeyd edilir ki, 2025-ci ilin sonunda və ya 2026-cı ilin əvvəlində belə bir addım atılsa, Bakının və Ankaranın may ayında İrəvanda keçiriləcək Avropa Siyasi Birliyi sammitinə qatılması üçün münbit şərait yaranar". 

Siyasi-şərhçi qeyd edib ki, 2026-cı ildə həm sülh sazişi, həm də Ermənistanın yeni Konstitusiyasının qəbul edilməsi real perspektiv kimi görünür.

Onun fikrincə, həmin il Zəngəzur dəhlizinin Ermənistan tərəfindən tikintisinə də başlanılması gözlənilir.

Ekspert əlavə edib ki,  Azərbaycanın öz ərazisində dəhliz üzrə işlərin böyük hissəsi artıq tamamlanmaq üzrədir, Ermənistan isə hələ prosesə start verməyib:

"Bu baxımdan 2026-cı il təkcə iki ölkə arasında deyil, bütün regionda sülhün və əməkdaşlığın möhkəmlənməsi üçün açar rol oynaya bilər".

Rasim Babayev 

SORĞU

Parklanma yerləri

Yaşadığınız yerdə parklanma ilə bağlı vəziyyət necədir?