Bu gün

Tayvan hökuməti müharibəyə hazırlaşır - Müdafiə xərcləri kəskin artırıldı - ŞƏRH

Tayvan hökuməti müdafiə xərclərini artırır. Tayvan prezidenti Lai Çinde 2033-cü ilə qədər səkkiz il müddətinə 40 milyard dollarlıq əlavə müdafiə büdcəsini baxılması üçün parlamentə təklif etməyə hazırlaşır. Xərclərin artırılması bir sıra planlardan xəbər verir. Bu sıraya yüksək dəqiqlikli raketlər və hava hücumundan müdafiə sistemləri də daxil olmaqla Amerika silahlarının alınması, İsrailin Dəmir Günbəzinə bənzər, raketləri aşkarlaya və ələ keçirə bilən yerli hava hücumundan müdafiə sisteminin yaradılması, Çini çəkindirmək üçün "asimmetrik hərbi imkanların" inkişaf etdirilməsi daxildir. Əsas məqsəd 2030-cu ilə qədər müdafiə xərclərini ÜDM-nin 5%-nə çatdırmaqdır. Hökumət bildirib ki, bu addım yalnız hərbi gücə arxalanmaq deyil — həm də “Tayvanın gələcəyini qorumaq”, “öz siyasi iradəsini” müdafiə etmək niyyətidir.

Amma nəzərə almaq lazımdır ki, Tayvan parlamenti prezidentin təmsil olunduğu partiya tərəfindən idarə edilmir. Kuomintanq və Tayvan Xalq Partiyasının təmsil etdiyi müxalifət yaxın keçmişdə oxşar təşəbbüslərin qarşısını ala bilmişdi. İndi isə söhbət 40 milyard dollardan gedir. Ölkənin aparıcı müxalifət partiyası Kuomintanq hazırda parlamentdə üstünlük təşkil edən qüvvədir və büdcə artımının qanunvericilik müzakirəsindən kənar elan edilməsi və bunun “borclanma” ilə bağlı risklər doğurması ilə bağlı narahatlıq ifadə edib. Partiya liderləri hökuməti “sərhədləri aşmaqda” ittiham edir. Onlar bildiriblər ki, Tayvan xalqı “sülh”ü üstün tutur və “müharibə alovlarına yaxın durmaq” istəmir. Buna baxmayaraq, hökumət təhlükənin reallığını vurğulayaraq, “təslim olmaq” variantını “həqiqi təhlükə” adlandırır və həm partiyalararası, həm də ictimai dəstək çağırışı edir.

Tayvan prezidentinin təşəbbüsü ilə bağlı xəbərə Çindən dərhal ciddi reaksiya gəlib. Pekin hökuməti bildirir ki, Tayvanın müdafiə xərclərini artırması “ayrılıq və müstəqillik çağırışları”nın bir hissəsidir və bu cəhdin uğursuz olacağını öncədən bəyan edib. Bu isə əslində yalnız simvolik bir xəbər deyil. 2025-ci il də daxil olmaqla son illərdə Çində müdafiə xərcləri orta hesabla 7–8% artıb və bu, ordunun modernləşdirilməsi və Tayvana yönəlmiş hərbi potensialın artırılması siyasətinin davam etməsi deməkdir. Tayvanın silah və hava-müdafiə sistemlərində modernləşməsi, “asimmetrik müdafiə” strategiyası, yəni dronlar, raketlər, hava-radar sistemləri Çin üçün hücumun xərclərini artıraraq “mübarizənin baha başa gəlməsini” təmin edə bilər.

Nəticə etibarilə, 40 milyard dollarlıq müdafiə paketi Tayvanın hazırkı regional təhlükəsizlik mühitinə verdiyi strateji cavabdır. Hökumət bu addımla ölkənin müstəqilliyini və demokratik quruluşunu qorumaqda qətiyyət göstərdiyini vurğulayır. Bununla belə, müdafiə büdcəsinin kəskin artırılması həm daxili siyasi mübahisələri gücləndirir, həm də Çinlə münasibətlərdə qarşılıqlı təzyiq risklərini artırır. Belə bir şəraitdə Tayvanın seçdiyi yol “müdafiə və caydırıcılığa əsaslanan sülh” modeli kimi təqdim edilsə də, regionda balansın daha həssas hala gəlməsi qaçılmaz görünür.

Hikmət Həsənov

SORĞU

Parklanma yerləri

Yaşadığınız yerdə parklanma ilə bağlı vəziyyət necədir?