Bu gün

Paşinyan-kilsə qarşıdurması ölkənin siyasi-ideoloji arxitekturasına təsir edir - ŞƏRH

Son həftə ərzində erməni ictimaiyyəti, media və kilsə dairələrində diqqət çəkən dövlət və kilsə arasındakı münasibətlərin kritik nöqtəyə çatdığını göstərən bir sıra hadisələr baş verib. Əvvəlcə, 26 noyabr 2025-ci il tarixində bəzi ruhanilər kilsə daxilində —açıq şəkildə Paşinyanın mövqeyinə qoşuldular. Onlar bildirdilər ki, katolikos postunda “etik və kanonik şübhələr” olan birinin qalması kilsənin adına ləkədir. Bu bəyanatın ardından noyabrın 27-də kilsə rəhbərliyinə sarsıdıcı zərbə kimi qiymətləndirilən yeni çağırış səsləndi. Bir qrup yüksək rütbəli yepiskop bəyan etdi ki, katolikosluq kreslosu “təmizlənməli” və kilsə rəhbərliyi dəyişdirilməlidir.

Eyni gün Paşinyan rəsmi brifinq zamanı bildirdi ki, bu çağırış vaxtında və zamanında səsləndirilib və onu dəstəkləyir. Baş nazir qeyd edib ki, katolikos artıq islahat prosesində iştirak etmək üçün bütün imkanlarını tükədib və “Eçmiədzin taxtı” azad edilməli, kilsə üçün yeni seçkilər yolu açılmalıdır. Hökumət başçısının sözlərinə görə, hər kəs bu prosesdə iştirak edə bilər.

Bundan bir gün öncə isə kilsənin ali ruhani şurası Eçmiədzində toplantı keçirib. Bu iclas zamanı hökumətin və aidiyyəti orqanların kilsə və ruhanilərə qarşı “qanunsuz təzyiqlər və təqiblər” apardığı bildirilib. Şura bu addımları sərt şəkildə pisləyib və kilsə daxilində zorakılığa, dövlət müdaxiləsinə qarşı çıxıb.

Beləliklə, son həftənin hadisələri, kilsə daxilindəki bölünmənin açıq surətdə görünməsi, yepiskoplardan rəsmi çağırış və bu çağırışa dövlət səviyyəsindən dəstək sübut edir ki, münaqişə artıq kilsə daxilində ciddi parçalanmalara yol açıb və struktur dəyişikliyi qaçınılmaz görünür.

Paşinyanın çağırışları, yepiskopların bəyanatı və kilsənin ali ruhani şurasının reaksiyasını nəzərə alanda görünür ki, kilsənin liderliyində radikal dəyişiklik üçün real zəmin yaranıb və bu dəyişiklik yalnız kilsə daxilində yox, dövlət–kilsə münasibətlərində dönüşə yol aça bilər.

Son bir həftədə Paşinyan–kilsə qarşıdurmasının açıq fazaya keçməsi göstərir ki, proses artıq sadəcə şəxsi rəqabət və ya mənəvi ittihamlar səviyyəsində deyil, Ermənistanın gələcək siyasi-ideoloji arxitekturasını müəyyənləşdirəcək struktur dəyişikliyi mərhələsinə daxil olub. Gələcəkdə üç əsas ssenari mümkündür. Birincisi, hökumətin dəstəklədiyi ruhani qruplar üstünlük qazanaraq II Qaregini istefaya məcbur edir və dövlətə daha loyal yeni katolikos seçilir. İkinci ssenariyə görə, kilsə daxilində parçalanma dərinləşir, iki paralel dini qanad formalaşır və bu, ölkədə uzunmüddətli mənəvi-siyasi böhran yaradır. Üçüncü variantda isə daxili və xarici təzyiqlər fonunda Paşinyan geri addım atmağa məcbur olur, amma buna baxmayaraq kilsənin nüfuzu artıq zədələndiyi üçün institut əvvəlki gücünü bərpa edə bilmir. Hər üç halda Ermənistanı yaxın aylarda həm siyasi, həm də kimlik müstəvisində ciddi təlatümlər, xüsusən dövlətin ənənəvi dini strukturlara nəzarət cəhdinin doğura biləcəyi sosial qütbləşmə gözləyə bilər.

Hikmət Həsənov

SORĞU

Parklanma yerləri

Yaşadığınız yerdə parklanma ilə bağlı vəziyyət necədir?