Azərbaycanda kredit götürənlər işsiz qalmaq riskindən qorunacaq

Azərbaycanda kredit götürən şəxslərin işini itirməsi hallarında sığortalanması ilə bağlı yeni mexanizm hazırlanır.
Təhlil.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) Maliyyə Sektorunun Davamlı İnkişafı Departamentinin direktoru Rüstəm Tahirov “AmCham”ın Bakıda keçirdiyi “Bank və sığorta sektorlarının inteqrasiyası” mövzusunda tədbirdə bildirib.
Onun sözlərinə görə, AMB bu sahədə artıq bir müddətdir iş aparır:
“Hazırda borcalanların həyat, ölüm və əmək qabiliyyətinin itirilməsi hallarından sığortası tətbiq olunur və bu məhsul uğurla işləyir. Paralel olaraq kredit götürən şəxslərin işsiz qalmaq riskindən sığortalanması üzərində də iş gedir. Məhsulun parametrləri müəyyən edilir, qaydalar hazırlanır”.
Tahirov qeyd edib ki, yaxın aylarda bu yeni sığorta məhsulu ilə bağlı yeniliklər ictimaiyyətə açıqlanacaq:
“Proses biznes kreditlərinin də bu mexanizmə daxil edilməsi istiqamətində davam etdirilir”.
Yeni mexanizmin tətbiqi bank sektorunda risklərin azaldılmasına, borcalanların isə sosial müdafiəsinin gücləndirilməsinə xidmət edəcək.