Dünən

Azərbaycan–Pakistan enerji və tranzit əməkdaşlığı yeni strateji mərhələyə keçir - ŞƏRH

Noyabrın 25-də İqtisadiyyat naziri Mikayıl Cabbarovun başçılıq etdiyi Azərbaycan nümayəndə heyəti Pakistana səfər edib. Görüş zamanı Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif Azərbaycan hökumətini neft-qaz sektoruna investisiya qoymağa çağırıb və bərabər şərtlərlə birgə investisiya şirkəti yaratmağı təklif edib. Pakistan nümayəndə heyəti Transxəzər Nəqliyyat Dəhlizindəki Azərbaycanın rolunu və Ağ Neft Boru Kəməri layihəsindəki marağını qeyd edib. Azərbaycanın dövlət şirkəti SOCAR-a Pakistan bazarının imkanlarından istifadə etməsi təklif edilib.

Azərbaycan və Pakistan arasında siyasi müttəfiqlik, hərbi əməkdaşlıq və diplomatik həmrəylik uzun illərdir davam etsə də, son dövrlərdə enerji, nəqliyyat və ticarət sahələrində inteqrasiyanın dərinləşdirilməsi iki ölkə münasibətlərinə yeni strateji məzmun verir. Pakistanın Azərbaycana neft-qaz əməkdaşlığı ilə bağlı yeni təklifləri, Azərbaycanın Transxəzər nəqliyyat dəhlizində artan rolu və Pakistan bazarının Azərbaycana açılması təşəbbüsləri bu əlaqələrin növbəti mərhələyə keçdiyini göstərir. Bu kontekst həm regional geoiqtisadi reallıqlar, həm də iki ölkə arasında artan siyasi etimad fonunda daha şəffaf görünür.

Azərbaycanın neft-qaz sektoru regional enerji bazarının əsas oyunçularındandır: 2025-ci ilin ilk üç rübündə ölkədə 20,7 milyon ton neft (kondensat daxil olmaqla) və 38,2 milyard kubmetr qaz hasil edilib, qaz ixracı isə 18,3 milyard kubmetrə çatıb. Bu sektora bu günə qədər 144 milyard dollara yaxın sərmayə yatırılması Azərbaycanın enerji infrastrukturunun geniş, inteqrasiya olunmuş və beynəlxalq istehlakçılar üçün təhlükəsiz tədarük imkanına malik olduğunu göstərir. Pakistan iqtisadiyyatı isə enerji çatışmazlığı ilə üzləşir və həm LNG, həm neft, həm də alternativ tədarük marşrutları axtarır. Bu səbəbdən Pakistanın SOCAR-ı öz neft-qaz bazarında aktiv iştirak etməyə dəvət etməsi, həmçinin LNG və neft məhsullarının Azərbaycandan idxalını müzakirə etməsi məntiqli və qarşılıqlı faydalı addım kimi qiymətləndirilir. Son görüşlərdə Pakistan tərəfi açıq şəkildə Azərbaycanın enerji təcrübəsini, investisiya potensialını və texnoloji imkanlarını yüksək qiymətləndirərək birgə enerji layihələri və hətta Pakistan daxilində emal müəssisələrinin yaradılması kimi ideyaları gündəmə gətirib.

Enerji əməkdaşlığı ilə paralel olaraq, Azərbaycanın Transxəzər Orta Dəhlizində oynadığı rol Pakistanın diqqətində xüsusi yer tutur. Coğrafi mövqeyi sayəsində Azərbaycan Avropa ilə Asiyanı birləşdirən ən qısa, təhlükəsiz və etibarlı quru-marşrut əlaqəsinin mərkəzinə çevrilib. Xüsusilə Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu (TITR/Orta Dəhliz) və Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Pakistanın Orta Asiya, Qafqaz və Avropa bazarlarına çıxışını sürətləndirmək üçün ideal platformadır. Pakistan 2024-cü ildə Preferensial Ticarət Sazişi və Tranzit Ticarət Sazişləri imzalamaqla bu marşrutdan istifadəyə marağını artırıb. Azərbaycana yönəlik son təkliflərdə Pakistan şirkətlərinin Bakı limanından və Transxəzər dəhlizindən yükdaşıma üçün aktiv istifadəsi xüsusi vurğulanır. Bu, Pakistan üçün həm logistika xərcinin azalması, həm tranzit müddətinin qısalması, həm də ixracın yeni bazarlara çıxması baxımından əhəmiyyətli ola bilər. İkitərəfli münasibətlərin hazırkı mərhələsi göstərir ki, Azərbaycan-Pakistan əməkdaşlığı sadəcə enerji ticarəti ilə məhdudlaşmır, həm də investisiya, nəqliyyat, sənaye və strateji ticarət çərçivəsində genişlənir. Pakistanın Azərbaycanı enerji ixrac mənbəyi, tranzit qapısı və investisiya tərəfdaşı kimi görməsi təsadüfi deyil: Bakı təkcə neft və qaz təminatçısı deyil, həm də Asiya ilə Avropanı birləşdirən alternativ iqtisadi dəhlizin əsas həlqəsidir. Azərbaycanın Pakistan şirkətlərini Transxəzər dəhlizindən istifadə etməyə dəvət etməsi də bu strategiyanın tərkib hissəsidir. Həmçinin, iki ölkənin birgə investisiya şirkəti yaratmaq barədə apardığı müzakirələr göstərir ki, artıq ticarət mübadiləsindən çox, kapital və texnologiya sinergiyasına əsaslanan uzunmüddətli əməkdaşlıq modeli formalaşır.

Enerji və nəqliyyat əməkdaşlığının dərinləşməsi Azərbaycanın Cənubi Asiya ilə əlaqələrini genişləndirməsi, Pakistanın isə Orta Asiya və Qafqaza inteqrasiya olunması üçün strateji kanal rolunu oynayır. Pakistan üçün Azərbaycan enerji təhlükəsizliyi, tədarük diversifikasiyası və ixrac marşrutu imkanları baxımından vacibdir. Azərbaycan üçün isə Pakistan böyük istehlak bazarı, Cənubi Asiyaya giriş qapısı və siyasi baxımdan etibarlı tərəfdaş kimi əhəmiyyət daşıyır.

Nəticə olaraq, Pakistanın Azərbaycana neft-qaz əməkdaşlığı təklifi, Azərbaycanın Transxəzər dəhlizində oynadığı strateji rol və Pakistan bazarının Azərbaycan üçün açılması təşəbbüsünün sintezi iki ölkə münasibətlərində yeni iqtisadi mərhələnin əsasını qoyur. Bu proses təkcə ikitərəfli ticarət dövriyyəsini artırmayacaq, həm də Avrasiya məkanında yeni iqtisadi xəritənin formalaşmasına töhfə verəcək. Azərbaycan-Pakistan münasibətlərinin inkişaf dinamikası göstərir ki, qarşıdakı illərdə enerji, logistika və investisiya üçlüyü iki ölkə arasında strateji əməkdaşlığın aparıcı dayağına çevriləcək.

Hikmət Həsənov

SORĞU

Parklanma yerləri

Yaşadığınız yerdə parklanma ilə bağlı vəziyyət necədir?