Azərbaycan millisinin baş məşqçisi kim olmalıdır? - Azarkeşlərin cavabı

Media Təhlil Mərkəzinin (MTM) 2021–2025-ci illər arasında apardığı sorğular Azərbaycan futbol ictimaiyyətində maraqlı və dinamik dəyişiklikləri üzə çıxarıb. Müxtəlif illərdə keçirilən üç sorğunu müqayisə etdikdə aydın olur ki, ictimaiyyətin milli komandanın baş məşqçisi ilə bağlı gözləntiləri həm zamandan, həm də komandanın nəticələrindən asılı olaraq nəzərəçarpacaq dərəcədə dəyişib.
2021-ci ilin noyabrında keçirilən sorğu göstərib ki, vətəndaşların 63,3%-i milli komandanı yerli məşqçinin çalışdırmasını istəyib. Bu dövrdə “özümüzünkülərə şans verilməlidir” fikrinə daha geniş yer verilib. Xarici mütəxəssisin təyinatını dəstəkləyənlər isə cəmi 15,9% olub.
2024-cü ilin mart ayında keçirilən sorğuda yerli məşqçiyə dəstək daha da artaraq 77,1%-ə yüksəlib, xarici məşqçiyə üstünlük verənlərin payı azalaraq 8,1%-ə enib. Nəticə göstərir ki, həmin dövr üçün cəmiyyətdə “xarici mütəxəssislərlə nəticə əldə etmək çətindir” düşüncəsi daha güclü olub.
Lakin 2025-ci ilin noyabrında vətəndaşlar arasında eyni mövzuda aparılan sorğu mənzərəni yenidən dəyişib. Bu dəfə, yerli baş məşqçiyə üstünlük verənlərin payı 71,3%-ə düşərək əvvəlki pik göstəricidən bir qədər uzaqlaşmaqla yanaşı, xarici mütəxəssisi dəstəkləyənlərin də payı az (cəmi 3,1%) olub.
Budəfəki sorğuda ən diqqətçəkən məqam “fərqi yoxdur” cavabının 25,6%-ə qədər artmasıdır. Bu rəqəm göstərir ki, artıq ictimaiyyət üçün mühüm olan komandanın nəticəsi və oyunun keyfiyyətidir.
Sorğuların ümumi təhlili göstərir ki, ictimai rəylər komandanın nəticələri, idman mediasındakı müzakirələr və futbol ictimaiyyətindəki psixoloji ab-hava ilə sıx bağlıdır. Hər üç sorğunun nəticəsi göstərir ki, yerli məşqçiyə dəstək hələ də dominant mövqedədir.
