Üç günlük tətilin böyük təsiri: Belçika iqtisadiyyatı dayanma nöqtəsində - ŞƏRH

Belçikada üç gündür davam edən genişmiqyaslı tətillər ölkənin sosial-iqtisadi həyatını ciddi şəkildə iflic edib. Hökumətlə həmkarlar ittifaqları arasında uzun müddətdir yığılan narazılıqlar 2026-cı il büdcəsinin qəbulundan sonra kəskin etiraz dalğasına çevrilib. Pensiya yaşının Aİ tələbi ilə 66-dan 67-yə qaldırılması, əməkhaqqının indeksləşdirilməsinin dondurulması, işsizlik müavinətlərinin azaldılması, iş həftəsinin 40-dan 50 saata artırılması və sosial ödənişlərin azaldılması ölkə əhalisində ciddi narazılıq yaradıb. Üç böyük həmkarlar ittifaqının təşəbbüsü ilə keçirilən ümumxalq tətili Belçikanın ənənəvi qış etiraz mövsümünün başlanğıcına çevrilib.
Hazırda vəziyyət xüsusilə nəqliyyat sektorunda daha kəskindir. Bir çox şəhərlərdə avtobus və metro xətləri dayanıb, dəmir yolu isə cəmi 20% güclə fəaliyyət göstərir. Qarşıdakı günlərdə Brüssel-Zaventem və Şarlerua hava limanlarının tam bağlanacağı gözlənilir ki, bu da ölkənin hava nəqliyyatı sistemini tam dayanma nöqtəsinə gətirəcək. Belçika hökumətinin sosial xərcləri azaltmaq istiqamətində qərarları təkcə ölkədaxili deyil, ümumavropa siyasətinin təsiri altında formalaşır. Avropa İttifaqı büdcə intizamı və xərclərin azaldılması ilə bağlı Belçikaya uzun müddətdir təzyiq göstərir və bu təzyiq hökumətin geri addım atmadan sərt islahatlara getməsinə səbəb olub.
Üç günlük tətillərin iqtisadi təsiri həm mənfi, həm də qismən kompensasiyaedici elementlərdən ibarətdir. Qısa müddətdə sənaye və sənaye yönümlü ofis sektorlarında istehsal azalır, bu isə ÜDM-in gündəlik artım tempini yavaşlada bilər. Logistika və ixracyönümlü müəssisələr isə gecikmələr və əlavə xərclərlə üzləşir. Kiçik və orta biznes üçün tətillərin ən ağır tərəfi dövriyyənin azalmasına baxmayaraq əməkhaqqı xərclərinin dəyişməz qalmasıdır ki, bu da likvidlik təzyiqini artırır.
Bununla yanaşı, daxili turizm, iaşə və ticarət sahələrində nisbi canlanma müşahidə oluna bilər. Tətillər səbəbindən insanların istirahət üçün daha çox vaxt ayırması bəzi xidmət sahələrində dövriyyəni artırır. Digər tərəfdən, hazırkı fasilə gələcək dövrlərdə əmək məhsuldarlığına müsbət təsir göstərə bilər. Bu səbəbdən tətillərin ümumi iqtisadi təsiri məhdud və balanslaşdırılmış qiymətləndirilir.
Tətillərin uzanıb-uzanmayacağı isə hökumətin həmkarlar ittifaqları və işəgötürən assosiasiyaları ilə aparacağı danışıqlardan asılı olacaq. Əgər iqtisadi itkilər artarsa və biznes dairələrinin hökumətə təzyiqi güclənsə, Brüssel sosial islahatlarla bağlı qərarları yumşaltmaq və ya dəyişmək məcburiyyətində qala bilər. Hazırda isə görünən odur ki, Belçika hökuməti Aİ tələbləri ilə daxili sosial gərginlik arasında çətin balans axtarır, cəmiyyət isə bu qərarların sosial ədalətə uyğun olmadığını düşünərək daha sərt etirazlara hazırlaşır.
Hikmət Həsənov