Vatikan Azərbaycanı niyə etibarlı tərəfdaş sayır? - TƏHLİL

Azərbaycanla Müqəddəs Taxt-Tac - Vatikan arasında uzun illər ərzində qarşılıqlı maraqlar əsasında formalaşan münasibətlər son dövrdə keyfiyyətcə yeni mərhələyə qədəm qoyub. Bu əlaqələr təkcə diplomatik sahə ilə məhdudlaşmır, həm də humanitar, mədəni və dini istiqamətlərdə genişlənərək strateji məzmun qazanır. Xüsusilə 2020-ci ildən sonra Cənubi Qafqazda yaranmış yeni reallıqlar fonunda Azərbaycanın Vatikanla əməkdaşlığı həm ölkəmizin beynəlxalq nüfuzunun möhkəmləndirilməsi, həm də tolerantlıq və multikultural dəyərlərin dünyaya təqdim olunması baxımından xüsusi əhəmiyyət daşıyır.
Bu əməkdaşlıq həm də beynəlxalq münasibətlərdə Vatikanın artan rolu ilə bağlıdır. Vatikan qlobal münaqişələrin dinc yolla həlli, etnik-dini dözümlülük, humanitar böhranların aradan qaldırılması, ətraf mühitin qorunması kimi məsələlərdə fəal və konstruktiv mövqeyi ilə seçilir. Ərazi və əhali baxımından dünyanın ən kiçik dövlətlərindən biri olsa da, Müqəddəs Taxt-Tac Avropanın əsas dini mərkəzi kimi beynəlxalq aləmdə ciddi təsir gücünə malikdir.
Azərbaycanda din dövlət işlərindən ayrı olsa da, dini irsin və mədəni-mənəvi dəyərlərin qorunması, bu sahədə beynəlxalq tərəfdaşlığın genişləndirilməsi dövlət siyasətinin mühüm istiqamətlərindəndir. Vatikanla əməkdaşlıq ölkəmizin uzun illər təbliğ etdiyi tolerantlıq və multikulturalizm dəyərlərinin qlobal miqyasda nümayişi üçün mühüm platforma yaradıb. Ölkəmizin mədəniyyətlərarası dialoqa həsr olunmuş beynəlxalq humanitar forumlara ev sahibliyi etməsi, xristian irsinin – xüsusilə Qafqaz Albaniyası dövrünə aid abidələrin dövlət səviyyəsində qorunması Vatikanda yüksək qiymətləndirilir.
Bu kontekstdə Vatikanla genişlənən ikitərəfli əlaqələr təkcə diplomatik münasibətlərin inkişafı deyil, həm də qlobal səviyyədə siyasi, iqtisadi, sosial və humanitar çağırışların həllinə kollektiv töhfələri təşviq edir. Milli və dini zəmində gərginliklərin, ksenofobiya və islamofobiyanın artdığı hazırkı dövrdə ölkələr arasında əməkdaşlıq, birgə layihələr və yeni öhdəliklər zərurətə çevrilib. Qlobal gərginliklərin azaldılması və çağdaş dünyanın problemlərinin həlli sivilizasiyalar arasında qarşılıqlı anlaşmanı və konstruktiv dialoqu tələb edir.
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun Vatikana rəsmi səfəri, Müqəddəs Taxt-Tacın dövlət katibi kardinal Pietro Parolin və digər rəsmilərlə keçirdiyi görüşlər bu baxımdan xüsusi diqqət çəkir. Görüşlərdə ikitərəfli münasibətlərin inkişafı, dinlərarası dialoq, mədəni-humanitar əməkdaşlıq və qlobal səviyyədə sülh təşəbbüslərinin önəmi vurğulanıb.
Mövcud müqavilə-hüquqi baza da əməkdaşlığın güclənməsində mühüm rol oynayır. İndiyə qədər tərəflər arasında 9 dövlətlərarası saziş imzalanıb. 2008-ci ildə Heydər Əliyev Fondu ilə Roma Katolik dini icması arasında imzalanmış Anlaşma Memorandumu, eləcə də 2011-ci ildə “Katolik Kilsəsinin Azərbaycandakı hüquqi statusu haqqında” saziş əlaqələrin möhkəmlənməsində əsas mərhələlərdən olub.
Heydər Əliyev Fondunun humanitar əməkdaşlıq çərçivəsində Vatikandakı qədim katakombaların bərpasına göstərdiyi dəstək xüsusilə qeyd edilməlidir. Fondun dəstəyi ilə 2012-ci ildə San Marçellinio və Pietro katakombalarının, 2016-cı ildə isə San Sebastian katakombalarının bərpası başa çatdırılıb. Vatikan Apostol Kitabxanasında əlyazmaların, Vatikan Muzeylərində sənət nümunələrinin bərpası da Fondun təşəbbüsü ilə həyata keçirilib. 2021-ci ildə Kommodilla katakombalarının bərpası ilə bağlı yeni müqavilə imzalanıb.
Kommodilla katakombalarının, eləcə də Müqəddəs Pavel və Pyotr bazilikalarının bərpası, Apostol Kitabxanası və “Bambino Gesu” xəstəxanası ilə əməkdaşlıq Azərbaycanın humanitar yönümlü siyasətinin bariz nümunəsidir. Xüsusilə Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın ötən ay Vatikana səfəri ikitərəfli münasibətlərin inkişafına yeni təkan verib. Bu səfər zamanı imzalanmış sənədlər dini, mədəni və tibbi-humanitar sahələrdə əməkdaşlığın daha da genişlənməsini təmin edib. Bakıda II İoann Pavelin şərəfinə yeni katolik kilsəsinin inşası ilə bağlı görülən işlər də bu münasibətlərin dərinliyini göstərir.
Vatikanda keçirilən görüşlərdə Azərbaycan–Ermənistan münasibətlərinin normallaşması, avqust ayında Vaşinqtonda əldə olunmuş razılaşmalar və regionda post-münaqişə reallıqları barədə məlumat verilməsi Müqəddəs Taxt-Tacın Cənubi Qafqazda sülh və sabitliyə marağından irəli gəlir. Vatikan münaqişələrin həlli və dini icmalar arasında dialoq sahəsində böyük təcrübəyə malikdir və bu, Azərbaycan üçün diplomatik üstünlükdür.
Vatikanla münasibətlər Azərbaycanı beynəlxalq humanitar təşəbbüslərin fəal iştirakçısına çevirir, ölkəmizin dünyada sülh, tolerantlıq və qarşılıqlı anlayış ideyalarının müdafiəçisi kimi mövqeyini daha da gücləndirir.
MTM Analitik Qrupu