Mədəni diplomatiyanın qələbəsi – Azərbaycan UNESCO-nun nüfuzlu komitəsində - MƏQALƏ

Paris şəhərində Ümumdünya Mədəni və Təbii İrsin Qorunması üzrə 1972-ci il Konvensiyasına Tərəf Ölkələrin Baş Assambleyasının 25-ci sessiyası çərçivəsində keçirilən seçkilərdə Azərbaycan 2025–2029-cu illər üçün UNESCO-nun Ümumdünya İrs Komitəsinin (ÜİK) üzvü seçilib. Bu qərar təkcə diplomatik uğur deyil, Azərbaycanın uzun illər boyu həyata keçirdiyi ardıcıl mədəni diplomatiyanın və beynəlxalq etimadının təsdiqidir.
Azərbaycanın UNESCO ilə əməkdaşlığı müstəqillikdən dərhal sonra yəni 1992-ci ildən başlayıb və illər keçdikcə həm institusional, həm də mədəni müstəvidə əhəmiyyətli şəkildə dərinləşib. Ölkənin zəngin tarixi irsinin qorunması dövlət siyasətinin prioritet istiqamətlərindən biri olduğundan, Azərbaycan UNESCO-nun bir çox konvensiyalarına qoşulub və bu prinsipləri milli səviyyədə tətbiq edib.
2000-ci illərin əvvəlində İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu, Şirvanşahlar Sarayı Kompleksi və Qız Qalası kimi nümunələrin Ümumdünya İrs Siyahısına daxil edilməsi Azərbaycanın beynəlxalq mədəni platformada yüksəlişinin əsas mərhələlərindən biri oldu. Daha sonra Qobustan Qaya Rəsmləri, Şəki Xan Sarayı və geniş mədəni landşaftı əhatə edən Xınalıq və Köç yolu kimi layihələr Azərbaycanın irs idarəçiliyi üzrə professional potensialının artdığını ortaya qoydu.
Ölkədə bu sahədə qanunvericilik təkmilləşdirildi, bərpa işləri beynəlxalq standartlara uyğunlaşdırıldı və UNESCO metodologiyasına uyğun idarəetmə planları hazırlanmağa başladı. Bütün bunlar Azərbaycanın etibarlı tərəfdaş kimi qəbul olunmasının əsasını qoydu.
2004-cü ildə Mehriban Əliyevanın UNESCO-nun xoşməramlı səfiri seçilməsi ölkənin mədəni diplomatiyasını tamamilə yeni mərhələyə çıxardı. Onun təşəbbüsləri nəticəsində muğam, aşıq sənəti, Novruz, xalçaçılıq ənənələri, tar və kamança ifaçılığı kimi ənənəvi irs nümunələri UNESCO-nun Qeyri-Maddi İrs Siyahısına daxil edilərək Azərbaycanın mədəniyyətini dünya miqyasında daha da tanındırdı.
Azərbaycan UNESCO çərçivəsində təkcə mədəniyyət deyil, humanitar və təhsil layihələrinə də dəstək göstərən ölkə kimi tanınır. Mədəniyyətlərarası dialoq, multikulturalizm və tolerantlıq istiqamətində irəli sürülmüş Bakı Prosesi kimi təşəbbüslər UNESCO ilə tərəfdaşlığın genişlənməsinə ciddi töhfə verib. Azərbaycan həmçinin qızların təhsili və mədəni irs sahəsində bacarıqların artırılması kimi proqramlara maliyyə dəstəyi ilə diqqət çəkib.
UNESCO-nun Ümumdünya İrs Komitəsinə 92 səslə seçilmək Azərbaycanın bu təşkilat qarşısında uzun illər boyu nümayiş etdirdiyi etibarlılığın, peşəkarlığın və ardıcıl siyasətin nəticəsidir. Bu seçki ölkənin qlobal mədəni irs siyasətində nüfuzunun artdığını və Azərbaycanı beynəlxalq mədəni diplomatiyanın fəal iştirakçısına çevirdiyini sübut edir.
ÜİK üzvlüyü Azərbaycanın UNESCO ilə münasibətlərində yeni mərhələ açır. Bu, həm ölkənin öz irs idarəçiliyinə beynəlxalq standartlar daxil etməsinə, həm də qlobal irs siyasətinin formalaşmasında daha aktiv rol oynamağa imkan yaradır. Eyni zamanda, Azərbaycanın yumşaq güc siyasətini gücləndirərək mədəni diplomatiyanın təsir dairəsini genişləndirir.
Beləliklə, Azərbaycanın Ümumdünya İrs Komitəsinə seçilməsi bir addımın nəticəsi deyil, uzun illərin sistemli fəaliyyətinin, ardıcıl siyasətin və mədəni irsin qorunmasına olan strateji yanaşmanın məntiqi davamıdır. Bu uğur ölkənin beynəlxalq imicinə mühüm töhfə verməklə yanaşı, mədəni diplomatiyanın yeni, daha yüksək mərhələyə keçidini də ifadə edir.
Hikmət Həsənov