Uzun müddət oturmaq yeriməni dəyişdirir - ARAŞDIRMA

Uzun müddət oturmaq təkcə bel ağrısı yaratmır gənc və sağlam insanların belə yerimə tərzini və tarazlığını pozur.
Təhlil.az xəbər verir ki, ABŞ tədqiqatçılarının apardığı yeni araşdırma göstərir ki, oturaq həyat tərzi düşündüyümüzdən daha ciddi təsirlərə malikdir.
18–35 yaş arası 133 könüllü üzərində aparılan araşdırmada iştirakçılar gün ərzində oturma vaxtına görə dörd qrupa bölünüb. Onlardan həftədə ən azı 150 dəqiqə fiziki aktivlik tövsiyəsinə əməl edib-etmədikləri də soruşulub.
Mütəxəssislər bədənin yeddi fərqli nöqtəsinə yerləşdirilən inersial sensorlar vasitəsilə balansı, mikro-hərəkətləri və dönmə anında ilk addıma hazırlığı ölçüblər. Gözləri bağlı halda dayandıqda bədənin nə qədər “yalpalandığı” belə qeydə alınıb.
Nəticələr isə gözləniləndən daha aydın olub:
Uzun müddət oturanlarda tarazlıq əhəmiyyətli dərəcədə pozulur
Yerimənin başlanğıcı zəifləyir və bədən gec reaksiya verir
Daha aktiv olanlarda isə balans güclü və addımlar daha inamlıdır
Tədqiqatçılar bildirir ki, oturaq həyat tərzi gənc yaşda belə tarazlıq pozuntusuna və gələcəkdə yıxılma riskinin artmasına səbəb ola bilər.
Mütəxəssislərin tövsiyəsinə görə:
Hər 30–40 dəqiqədən bir qalxıb 2–3 dəqiqə gəzmək, gün ərzində daha çox ayaqüstü fəaliyyət planlaşdırmaq və həftəlik fiziki aktivlik normasına əməl etmək.
Yeni araşdırma bir daha göstərir ki, oturduğumuz hər əlavə saat bədənimizin həm balansı, həm də hərəkət ritmini dəyişir.