Bu gün

Kəlbəcər Şəhəri Günündə silsilə sərgilər açılıb

Noyabrın 25-də Kəlbəcər Şəhəri Günündə şəhərin mərkəzində Mədəniyyət Nazirliyinin və Kəlbəcər rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin birgə təşkilatçılığı ilə silsilə sərgilər açılıb.

Təhlil.az xəbər verir ki, mədəniyyət naziri Adil Kərimli, Kəlbəcər rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Bəşir Hacıyev, eləcə də yerli sakinlər və şəhərin qonaqları sərgiləri ziyarət ediblər.

İştirakçılar üçün “Kəlbəcər – obyektivdən tarixə” adlı fotosərgi, Azərbaycan Milli Xalça Muzeyinin “Yaddaş” sərgisi, “Kəlbəcərin palitrası” adlı rəsm əsərlərinin nümayişi, ustad dərsləri və ənənəvi sənətkarlıq sərgisi təşkil olunub.

Fotosərgi “Kəlbəcər – obyektivdən tarixə”

Sərgi Azərbaycan Fotoqraflar Birliyinin üzvləri olan peşəkar fotoqrafların Kəlbəcərə həsr olunmuş əsərlərindən ibarətdir. Sərgidə 44 foto nümayiş etdirilir. Burada Kəlbəcərin işğaldan əvvəlki füsunkar mənzərələri, tarixi abidələri, eləcə də Vətən müharibəsindən sonra azad edilmiş ərazilərdə aparılan bərpa və quruculuq işlərini əks etdirən fotomateriallar nümayiş olunur. Bu sərgi Kəlbəcərin keçmişi, bu günü və parlaq gələcəyi arasında canlı körpü rolunu oynayır, vizual hekayələrlə tarixin şahidi olmaq imkanı yaradır.

Milli Xalça Muzeyinin sərgisi - “Yaddaş”

Azərbaycanın milli irsinin bərpası və qorunması missiyasına sadiq qalan Milli Xalça Muzeyinin zəngin kolleksiyasından yığılan “Yaddaş” sərgisində Qarabağ və Kəlbəcər xalçaçılıq məktəbinin nadir nümunələri təqdim edilib. Sərgi, xüsusilə köçəri həyat sürən, heyvandarlıqla məşğul olan əhalinin məişətini əks etdirən alaçıq interyerini canlandıraraq, bölgənin qədim etnoqrafik xüsusiyyətlərini və mədəni kodunu ziyarətçilərə çatdırır. Nümayiş olunan eksponatlar vasitəsilə torpaqlarımızın tarixi yaddaşı və mənəvi sərvəti bir daha canlanır.

“Kəlbəcərin palitrası”

Bu sərgi Mədəniyyət Nazirliyinin təşəbbüsü ilə yerli rəssamların Kəlbəcərə təşkil edilmiş səfərlərinin bəhrəsidir. Bu səfərlər zamanı yaradılan əsərlər Kəlbəcərin bənzərsiz təbiətini, qədim tarixini, azadlıq sevincini və qələbə ruhunu rənglərin dili ilə ifadə edən parlaq sənət mənzərələri nümayiş etdirir.

Tədbir çərçivəsində gənc və yeniyetmələr üçün ustad dərsləri təşkil olub. Bu dərslər onlara Kəlbəcər mənzərələrinin çəkilməsi texnikalarını öyrədəcək, eyni zamanda, sənətə olan marağı artıracaq. Bu, regionda gələcək nəsillərin mədəni inkişafına dəstək məqsədi daşıyır.

Mədəni irsimizin ayrılmaz hissəsi olan xalq sənətkarlığı nümunələri xüsusi sərgidə təqdim olunub.

Ziyarətçilər qədim sənət ənənələrini yaşadan bir sıra tətbiqi sənət nümunələri ilə tanış olublar. Burada taxtaoyma sənəti, xatəmkarlıq sənəti, keçə sənəti ustalarının əl işlərini və ustad dərslərini də seyr etmək mümkündür.

SORĞU

Parklanma yerləri

Yaşadığınız yerdə parklanma ilə bağlı vəziyyət necədir?