Qırğız ekspert: “Azərbaycanın qərarları bu gün regionun taleyini dəyişir” - AÇIQLAMA

“1990-cı illərdə imzalanmış “Əsrin müqaviləsi” və həmin dövrdə qəbul edilən strateji qərarlar bu gün Azərbaycanın siyasi-iqtisadi müstəqilliyinin sütununu formalaşdırır”.
Bu fikirləri təhlil.az saytına qırğızıstanlı iqtisadçı Marat Musuraliyev açıqlamasında deyib.
O bildirib ki, Azərbaycan o illərdə Rusiya marşrutlarına bağlı qalmamaq üçün neft və qaz ixrac yollarını şaxələndirdi və Bakı–Supsa, Bakı–Tbilisi–Ceyhan, Cənub Qaz Dəhlizi kimi layihələri həyata keçirdi.
İqtisadçı xatırladıb ki, həmin dövrdə Bakı–Novorossiysk marşrutunu qəbul etdirmək üçün böyük təzyiqlər olmasına baxmayaraq, Azərbaycan düzgün seçim edərək, Rusiyadan yan keçən marşrutlar qurmağı bacardı.
Onun sözlərinə görə, 2020-ci il Vətən müharibəsi və daha sonra başlayan Ukrayna müharibəsi bir daha sübut etdi ki, həmin strateji qərarlar Azərbaycanın real müstəqilliyini təmin edən əsas amillərdəndir.
M.Musuraliyev vurğulayıb ki, Azərbaycanın Mərkəzi Asiya üzrə Konsultativ Şuranın tamhüquqlu üzvü kimi qəbul edilməsi region üçün mühüm strateji addımdır
O, Mərkəzi Asiya ölkələrinin dənizə çıxışı olmadığını xatırladaraq Bakının bu dövlətlərin qlobal iqtisadiyyatla inteqrasiyası üçün unikal platforma rolunu oynadığını qeyd edib:
“2023-cü ilin sentyabrında Azərbaycanın birgünlük antiterror tədbiri zamanı hava məkanının qapanması bunun əyani sübutudur. Belə ki, həmin zaman Azərbaycan hava məkanını cəmi 24 saatlıq bağlasa da, biz Qərb istiqamətində uçuşları dayandırmağa məcbur olduq. Çünki regionumuzun şimalında və cənubunda sanksiya altındakı Rusiya və İran yerləşir”.
Qırğız iqtisadçı həmçinin Xəzərin dibi ilə Qazaxıstandan yüksək gərginlikli enerji xəttinin çəkilməsi layihəsində Azərbaycanın aparıcı rol oynaya biləcəyini də bildirib.
Onun fikrincə, bu layihələr Bakı iqtisadiyyatının xammal sektorundan xidmət sektoruna keçidini sürətləndirəcək.
Zəngəzur dəhlizinin açılmasının vacibliyinə diqqət çəkən M. Musuraliyev əlavə edib ki, Zəngəzur dəhlizi təkcə şərq–qərb deyil, həm də şimal–cənub istiqamətində yeni tranzit imkanları yaradaraq regionun geoiqtisadi çəkisini əhəmiyyətli dərəcədə artıracaq: “Ümid edirəm ki, Bakı ilə İrəvan arasındakı düşmənçilik dövrü geridə qalıb. Zəngəzur dəhlizinin açılması ilk növbədə Ermənistanın öz maraqlarına xidmət edir. Bu layihədən hər kəs, yəni həm ermənilər, həm Azərbaycan, həm də region ölkələri qazanacaq”.
Rasim Babayev