Ermənistanın saxta “əsir gündəliyi” – sülhə mane olan siyasi oyun - MƏQALƏ

Son aylarda Azərbaycan və Ermənistan arasında diplomatik təmasların intensivləşməsi və sülh danışıqlarının real şəkildə irəliləməsi fonunda rəsmi İrəvanın Bakıda məhkəməsi davam edən erməniəsilli şəxsləri yenidən “hərbi əsir” kimi təqdim etməsi və onların müdafiəsinə yönəlmiş addımlar narahatlıq doğurmaya bilməz. Etimad quruculuğu tədbirlərinə xüsusi ehtiyac duyulan indiki məqamda Ermənistan rəsmilərinin süquta uğramış Qarabağ separatçı rejiminin keçmiş rəhbərlərini himayə etməyə çalışması danışıqlar prosesinə ciddi təhdiddir.
Bir neçə gün əvvəl Ermənistanın Baş naziri Nikol Paşinyan İrəvana səfər edən ABŞ Dövlət katibinin müavini Ellison Hukerlə görüşündə “Bakıda saxlanılan 23 erməniəsilli şəxslə bağlı Vaşinqtonun hansı addımları atdığı” barədə açıqlama tələb edib və bunu məlum 8 avqust razılaşmalarının tərkib hissəsi kimi təqdim etməyə çalışıb. Ardınca Ermənistan parlamentinin spikeri Alen Simonyanın noyabrın 24-də ATƏT Parlament Assambleyasının vitse-prezidenti Luis Qrassa ilə görüşündə eyni iddiaları səsləndirməsi göstərir ki, İrəvan yenidən “hərbi əsirlər” mövzusunu siyasi manipulyasiya vasitəsinə çevirmək istəyir.
Halbuki 8 avqustda Vaşinqtonda əldə olunmuş razılaşmalar və Sülh Sazişinin paraflanması fonunda bu cür məsuliyyətsiz açıqlamalar etimad mühitini zədələyə bilər. Birinci və İkinci Qarabağ müharibələri zamanı hərbi cinayətlər törətmiş şəxslər barəsində cinayət işlərinin açılması və onların milli qanunvericiliyə, eləcə də beynəlxalq konvensiyalara uyğun şəkildə məsuliyyətə cəlb olunması Azərbaycanın suveren hüququdur. Azərbaycan separatçı rejimin rəhbərlərinin cinayət işləri üzrə ədalətli, şəffaf və açıq məhkəmə prosesini təmin edib.
Bu məhkəmələr həm də Ermənistanın və keçmiş separatçı rejimin rəhbərlərinin müharibə cinayətlərini dünya ictimaiyyətinə çatdırmaq üçün mühüm imkan yaradıb. Ağır cinayətlərdə təqsirləndirilən Araik Harutyunyan, Davit Babayan və digərləri məhkəmə prosesində heç bir təzyiqə məruz qalmadıqlarını, təcridxanada onlara normal şəraitin yaradıldığını özləri etiraf ediblər.
Ermənistan tərəfinin “hərbi əsir” kimi manipulyasiya cəhdlərinin hüquqi əsası yoxdur. Azərbaycan İkinci Qarabağ müharibəsindən sonra 200-dən çox hərbi əsiri Ermənistana təhvil verib. Konkret hərbi cinayətlərdə ittiham edilən separatçıların “hərbi əsir” kimi təqdim edilməsi isə faktların saxtalaşdırılmasıdır. Onların barəsindəki ittiham aktlarında yer alan sübutlar — şahid ifadələri, materiallar və digər faktlar — məsuliyyətin tam hüquqi əsaslara söykəndiyini təsdiqləyir. Azərbaycan Ermənistan tərəfinə cinayət işlərinin müxtəlif epizodları üzrə əməkdaşlıq təklif etsə də, İrəvan prosesə qoşulmaqdan yayınıb ki, bu da səsləndirilən iddiaların siyasi motivli olduğunu aydın göstərir.
Görünən odur ki, Ermənistan qarşıdakı parlament seçkiləri ərəfəsində separatçı rejimin qalıqlarını müdafiə edərək daxili narazılıqları yumşaltmağa çalışır. Digər tərəfdən, davam edən məhkəmələrin gedişi Ermənistanın hərbi-siyasi rəhbərliyinin İkinci Qarabağ müharibəsi dövründə və sonrasında verdiyi qeyri-qanuni əmrlərin, mülki infrastruktura raket hücumlarının və digər ağır cinayətlərin üzə çıxmasına səbəb olur. Bu faktor İrəvanda ciddi narahatlıq yaradır və buna görə də separatçıların “hərbi əsir” kimi təqdim edilməsi məsələsi danışıqlara süni şəkildə daxil edilməyə çalışılır.
Qeyd edilməlidir ki, 8 avqustda Vaşinqtonda imzalanmış sənədlərin heç birində “hərbi əsirlərin müzakirəsi” barədə müddəa yoxdur. Ermənistanın bunu ABŞ vasitəçiliyi ilə aparılan danışıqların tərkib hissəsi kimi göstərməsi yolverilməzdir. Bu cür destruktiv davranışlar və “hərbi əsir” mövzusu üzərindən çaşqınlıq yaratmaq cəhdləri Vaşinqton Bəyannaməsinin ruhuna ziddir. Həmin sənəddə revanşist və əsassız iddialara yol verilməyəcəyi açıq şəkildə qeyd olunub. Ermənistan rəhbərliyinin bu öhdəlikdən yayınması sülh prosesinə ciddi zərbə vura bilər.
MTM Analitik Qrupu