Bu gün

Gürcüstan Aİ-yə qarşı - Kobaxidzenin sərt tənqidinin arxasında nə dayanır? - ŞƏRH

Son dövrlərdə Gürcüstan-Avropa münasibətlərində müəyyən soyuqluq müşahidə olunur. Bu trendin mərkəzində isə ölkənin Baş naziri İrakli Kobaxidzenin Avropa institutlarına, Avropa bürokratiyasına və Avropanın dəyərlərinə qarşı tənqidi ritorikası dayanır. Kobaxidzenin tənqidini sadəcə ritorika kimi yox, Gürcüstanın xarici siyasət kursunun – Avropa inteqrasiyasına münasibətinin reallıqda nə dərəcədə dəyişdiyini göstərən strateji mesaj kimi də oxumaq olar.

İrakli Kobaxidze Aİ-nin dəyərini və iqtisadi cəhətdən davamlılığını şübhə altına alıb. O, Avropanın “xristian kimliyini itirdiyini”, “inkişafda geridə qaldığını” və Gürcüstanın iqtisadi maraqlarını görməzdən gəldiyini bildirib. Baş nazirin sözlərinə görə, Aİ yalnız "LGBT və müharibə" mövzusunda müzakirə aparır və inteqrasiya istəyi yalnız avropalılar "bizi xristian kimliyi ilə qarşıladıqları" təqdirdə məntiqli olur.

Gürcüstanın hakim partiyası ardıcıl olaraq avroskeptisizmi alovlandırır, onu dəyərlər, mənəviyyat və müstəqillik haqqında söhbətlərlə gücləndirir — bu gün Qərblə hər hansı bir əlaqədən yapışmağa və xarici siyasətini "ənənəvi Avro" kursuna yönəltməyə çalışan müxalifət də eyni arqumentlərdən istifadə edir. Kənardan da olsa, on illər boyu geniş ictimai dəstək qazanan ölkənin strateji seçimi sual altına alınır. Baş nazirin Aİ-ni sistemli şəkildə tənqid etməsi Avropa bürokratlarının açıqlamalarına məntiqi cavabdır.

Kobaxidzenin tənqidinin mərkəzində Avropa qurumlarının Gürcüstanda gedən prosesləri “ədalətsiz” qiymətləndirdiyi iddiası dayanır. O, xüsusilə Avropa Komissiyasının Gürcüstanla bağlı genişlənmə hesabatlarını əsassız və siyasi motivli adlandırır, bu hesabatlarda ölkənin suveren siyasətinə hörmət edilmədiyini vurğulayır. Avropa bürokratiyasının “müdaxilə səviyyəsi”nə etirazı isə onun çıxışlarında suverenlik problemi kimi təqdim olunur. Bu, Kobaxidzenin tez-tez vurğuladığı əsas xəttdir: Avropanın siyasi tələbləri Gürcüstanın daxili qərarvermə mexanizmlərinə həddindən artıq təsir göstərir və bu, ölkənin strateji seçimini şübhə altına qoyur.

Onun ritorikasının digər istiqaməti Avropanın dəyərlər sisteminə yönəlib. Kobaxidze Qərbin bəzi mədəni-siyasi tendensiyalarını Gürcüstan cəmiyyəti üçün uyğunsuz hesab edir və onları “dəyər böhranı” kimi xarakterizə edir. Bu kontekstdə Avropa institutlarının demokratiya, hüquq və insan haqları ilə bağlı israrçı tələbləri siyasi təzyiq kimi təqdim olunur. Məsələn, LGBT hüquqları, vətəndaş cəmiyyətinin mövqeyi və QHT-lərlə bağlı qanun layihəsi ətrafında Avropanın tənqidi Kobaxidze tərəfindən Gürcüstanın daxili işlərinə müdaxilə kimi qələmə verilir. O, bəzən Avropa dövlətlərinin təbliğatını totalitar ritorika ilə müqayisə edərək Avropanın öz demokratik prinsiplərini selektiv tətbiq etdiyini iddia edir.

Bu tənqid xəttinin yalnız ideoloji elementlərlə bağlı olmadığı açıq görünür. Kobaxidzenin çıxışlarında Avropanın Gürcüstanla əməkdaşlıqda “strateji yanlışlıq etdiyi” fikri də yer alır. Onun arqumentinə görə, Brüssel Tbilisini yanlış istiqamətə yönəlmiş ölkə kimi təqdim etməklə həm özü üçün iqtisadi imkanları itirir, həm də Cənubi Qafqazda nüfuzunu zəiflədir. Bu tezis, əslində, Gürcüstanın regional və qlobal iqtisadi layihələrdə — xüsusən Orta Dəhlizdə və Şərq ölkələri ilə ticarət əməkdaşlığında — artan roluna diqqət çəkir. Kobaxidze Avropa ilə münasibətlərdə gərginlik yaşandığı dövrdə Gürcüstanın Asiyaya daha çox “baxmağa” başladığını açıq şəkildə göstərərək, çoxvektorlu siyasətin legitimləşdirilməsinə çalışır.

Kobaxidzenin Avropa liderləri ilə münasibətlərə dair çıxışları isə diplomatik soyuqluğun daha açıq göstəricilərindəndir. O, bir neçə Avropa liderini siyasi etiketi pozmaqda, Gürcüstana münasibətdə qərəzli davranmaqda ittiham edib. Bu, təkcə şəxsi münasibətlər müstəvisində deyil, həm də Avropa ilə dialoqun institusional səviyyədə çətinləşdiyini göstərən siqnaldır. Bəzi hallarda Kobaxidze Avropa Şurası və ya Avropa Parlamentinin qərarlarını siyasi manipulyasiya kimi xarakterizə edərək, Gürcüstanın bu qurumlarla əməkdaşlığını şərti formaya salıb.

Bütün bu proseslərin nəticəsi kimi 2024–2025-ci illərdə Gürcüstanın Avropa İttifaqına üzvlük istiqamətində danışıqları faktiki dondurması müşahidə olundu. Rəsmi izahata görə, bu qərar Avropanın “şantaj və təzyiqinə” cavab idi, lakin reallıqda Gürcüstanın Avropa prioritetlərini yenidən nəzərdən keçirdiyini göstərirdi. Bu addım Brüsseldə narazılıq yaratdı və bir sıra Avropa rəsmiləri Tbilisinin demokratik geriləmə yaşadığını bildirərək sərt açıqlamalar verdilər. Bu isə öz növbəsində Kobaxidzenin daha sərt tonla çıxışına səbəb oldu və siyasi dövr öz-özünü qidalandıran gərginlik mərhələsinə keçdi.

Məsələnin daxili siyasi tərəfi də diqqətdən kənarda qalmamalıdır. Kobaxidzenin Avropa tənqidi Gürcüstan daxilində müəyyən seçici kütləsini səfərbər etmək, xüsusən də millətçi və konservativ elektoratı konsolidasiya etmək məqsədi daşıyır. Avropa ilə qarşıdurma ritorikası hökumətin öz legitimliyini “suverenliyin qorunması” ideyası üzərində qurmasına şərait yaradır. Beləliklə, Kobaxidzenin Avropaya tənqidi həm daxili siyasət üçün faydalı alət, həm də xarici siyasətdə güc balansını saxlama cəhdi kimi dəyərləndirilə bilər.

Yekunda Kobaxidzenin Avropanı tənqid etməsi Gürcüstan–Avropa münasibətlərinin soyumasının həm səbəbi, həm də nəticəsi kimi çıxış edir. Bu tənqid bir tərəfdən Avropa ilə dialoqda gərginliyi artırır, digər tərəfdən Gürcüstanın geosiyasi orientasiyasını yenidən formalaşdırmağa yönəlmiş siyasi strategiyanın tərkib hissəsinə çevrilir. Brüssel və Tbilisi arasında münasibətlərin gələcək dinamikası məhz bu qarşılıqlı güvən böhranının necə idarə olunacağından asılı olacaq. Gürcüstan Avropaya inteqrasiyanı rəsmən hədəf kimi saxlayır, lakin Kobaxidzenin sərtləşən ritorikası bu hədəfin praktik olaraq uzaqlaşdığını göstərir. Bu prosesin davam edib-etməyəcəyi isə həm daxili siyasi balansdan, həm də Avropanın Gürcüstana qarşı strategiyasından asılı olacaq.

Hikmət Həsənov

SORĞU

Parklanma yerləri

Yaşadığınız yerdə parklanma ilə bağlı vəziyyət necədir?