25 noyabr

Ermənistan KTMT-dən uzaqlaşır: İrəvan–Moskva xətti gərginləşir - TƏHLİL

Ermənistanın 27 noyabr 2025-ci il tarixli Bişkek KTMT sammitində iştirak etməyəcəyini açıqlaması, Yerevan–Moskva münasibətlərində uzun müddətdir yığılan ziddiyyətlərin açıq təzahürünə çevrilib. Bu addım sadəcə protokol xarakterli qərar deyil, Ermənistanın təhlükəsizlik arxitekturasını yenidən qurmaq, Rusiyadan strateji asılılığı azaltmaq və alternativ tərəfdaşlıqlara yönəlmək cəhdinin mühüm mərhələsidir.

Ermənistanın ardıcıl şəkildə KTMT tədbirlərindən imtina etməsi, Moskva ilə münasibətlərin getdikcə kövrəkləşdiyini göstərir. Rusiya tərəfi Yerevanın bu davranışını yalnız ikitərəfli münasibətlərə zərbə kimi deyil, həm də KTMT-nin bütövlüyünə və nüfuzuna təhlükə sayır. Kremlin mesajı aydındır: Ermənistan təşkilatın tamhüquqlu üzvü kimi kollektiv təhlükəsizlik mexanizmlərində iştirak etməlidir.

Erməni analitikləri isə bu mövqeni qəbul etmir. Onların fikrincə, Ermənistanın Rusiya liderliyindəki təhlükəsizlik bloklarından uzaqlaşması gecikmiş qərardır. Moskvanın regional siyasəti dəyişdikcə Ermənistan da öz təhlükəsizlik modelini yeniləməyə və daha balanslı mühitə çıxmağa çalışır. Bu səbəbdən KTMT büdcəsinə ödənişin dayandırılması və tədbirlərdən imtina yalnız siyasi etiraz deyil, strateji xəttin dəyişdiyinin rəsmi təsdiqidir.

Rus ekspert mühiti artıq fərqli arqumentlər səsləndirir. Kremlin yaxınlığında olan analitiklər iddia edirlər ki, Ermənistan Qərbin təsiri altında səhv qərar verir və bu proses nə təhlükəsizlik baxımından, nə də geosiyasi reallıqlar kontekstində Yerevana fayda gətirəcək. Onlara görə Qərb Ermənistanı Rusiya qədər təmin edə bilməyəcək və Yerevanın KTMT-dən uzaqlaşması yalnız özünə zərbədir.

Lakin erməni siyasi dairələri bu arqumentləri qəbul etmir və hesab edirlər ki, Ermənistanın istiqamət dəyişməsi gecikmiş, lakin qaçılmaz addımdır. Onlara görə, Ermənistanın uzunmüddətli təhlükəsizliyi üçün Rusiya asılılığının azaldılması və yeni tərəfdaşlıq formatlarına çıxış zəruridir.

Ermənistanın KTMT sammitində iştirakdan imtinası həm simvolik, həm də real nəticələr yaradır. Simvolik nəticə ondan ibarətdir ki, Yerevan Moskvanın liderlik etdiyi qurumdan prinsipial məsafə saxladığını nümayiş etdirir. Real nəticəyə gəlincə, Ermənistan faktiki olaraq KTMT-nin qərarvermə proseslərindən kənarda qalır və bu, təşkilatda “dondurulmuş üzv” statusuna keçmək kimi qiymətləndirilir. Bu presedent gələcəkdə digər üzv ölkələrin davranışına da təsir göstərə bilər.

Moskvanın cavab taktikasının hələlik sərtləşdirilməməsi onu göstərir ki, Rusiya Ermənistanı tamamilə itirmək istəmir. KTMT-nin imici və regional balans üçün Ermənistanın üzvlüyü Kreml üçün hələ də vacibdir. Bununla belə, Ermənistan daxilində ictimai rəyin və siyasi dairələrin sürətlə Rusiyadan uzaqlaşması Moskvanın bu strategiyasının nə dərəcədə uğurlu olacağını sual altında qoyur.

Hikmət Həsənov 

SORĞU

Parklanma yerləri

Yaşadığınız yerdə parklanma ilə bağlı vəziyyət necədir?