Bu gün

Yerli banklar COP29 çərçivəsində layihələrə 330 mln. manat ayırıb

Azərbaycan bank sektoru COP29 çərçivəsində elan etdiyi “dayanıqlı maliyyə öhdəliyi” üzrə konkret nəticələr ortaya qoymağa başlayıb.

Təhlil.az xəbər verir ki, Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımovun sözlərinə görə, banklar 2030-cu ilə qədər yaşıl və dayanıqlı layihələrə 2 milyard manat ayırmağı öhdəsinə götürüblər. Artıq bu öhdəliyin 330 milyon manatı – yəni 17%-i – 2025-ci ilin ilk yarısında səfərbər edilib.

O bildirib ki, bu investisiya bank sektorunun sadəcə iqtisadi fəaliyyətini deyil, ekoloji və sosial məsuliyyəti də prioritetə çevirdiyini göstərir:

“Azərbaycan bankları dayanıqlı inkişaf prosesində maliyyə vasitəçiliyinin gücləndirilməsinə real töhfə verir. Bu, həm iqlim hədəflərinə, həm də yeni yaşıl iqtisadiyyat modelinə keçidi dəstəkləyir”.

AMB-nin COP29-a hazırlıq çərçivəsində gördüyü əsas işlərdən biri 15-dən çox dövlət və özəl qurumla birgə hazırlanmış “Yaşıl taksonomiya” sənədinin qəbuludur. Bu sənəd ölkədə yaşıl layihələrin maliyyələşdirilməsi üçün vahid standartlar müəyyən edir və iqlim yönümlü investisiyaların genişlənməsinə imkan yaradır.

Bundan əlavə, Mərkəzi Bank beynəlxalq tərəfdaşlarla birlikdə “Dayanıqlı maliyyə taksonomiyalarının qarşılıqlı əlaqəliliyi və müqayisəliliyinin inkişafına dair Yol Xəritəsi” təşəbbüsünü də təqdim edib. Bu addım Azərbaycanın qlobal yaşıl maliyyə sisteminə inteqrasiyasını gücləndirməyi hədəfləyir.

Taleh Kazımov vurğulayıb ki, bütün bu təşəbbüslər maliyyə sektorunun COP29-un iqlim gündəliyinə sistemli və məqsədyönlü töhfə verdiyini göstərir.

SORĞU

Parklanma yerləri

Yaşadığınız yerdə parklanma ilə bağlı vəziyyət necədir?