Bu gün Kəlbəcər Şəhəri Günüdür

Bu gün – 25 noyabr Azərbaycan xalqı üçün xüsusi əhəmiyyət daşıyan bir gündür.
Təhlil.az xəbər verir ki, Kəlbəcərin işğaldan azad olunmasının beşinci ildönümü və eyni zamanda Kəlbəcər Şəhəri Günü artıq ikinci dəfədir ki, qeyd edilir. Bu günün rəsmi şəkildə təsis olunması Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixli sərəncamı ilə rəsmiləşdirilib.
30 ilə yaxın işğalda qalan Kəlbəcər rayonu Azərbaycanın ən strateji bölgələrindən biridir. Rayonun azad edilməsi təkcə ərazi bütövlüyünün bərpası deyil, həm də Qarabağda təhlükəsizlik arxitekturasının tam formalaşması baxımından həlledici məqam idi.
44 günlük Vətən müharibəsində əldə edilən tarixi Zəfərdən sonra 10 noyabr 2020-ci il üçtərəfli Bəyanatına uyğun olaraq Kəlbəcər rayonu 25 noyabrda Azərbaycan Respublikasına təhvil verildi.
Kəlbəcərin geri qaytarılması həm də qədim Azərbaycan tarixinin, mədəniyyətinin və təbiətinin bərpası deməkdir.
Rayon ölkənin ən zəngin təbii su ehtiyatlarına, müasir dövrə qədər gəlib çatan tarixi abidələrə, məşhur İstisu sanatoriyası, bənzərsiz meşə və dağ ekosisteminə
ev sahibliyi edir.
Kəlbəcər həm də kommunikasiyalar baxımından mühüm əhəmiyyət daşıyır. Hazırda burada tunellər və magistral yollar, elektrik və su infrastrukturu, ağıllı kənd layihələri,
yenidən qurulan yaşayış məntəqələri, üzərində genişmiqyaslı quruculuq işləri aparılır.
Noyabrın 25-nin rəsmi bayram günü elan olunması həm də dövlətin azad edilən ərazilərə qayıdışa göstərdiyi xüsusi diqqətin göstəricisidir. Bu gün rayonun hərbi-siyasi gücü ilə azad edilməsinin rəmzi, Kəlbəcərin yenidən dirçəldilməsi prosesinin xronologiyası, qayıdışın artıq reallığa çevrildiyini göstərən mühüm tarix kimi qeyd olunur.
Son illərdə Kəlbəcərdə aparılan quruculuq işləri, yeni yol və tunellər, yaşayış məhəllələri, sosial infrastruktur layihələri bölgənin yaxın illərdə tam bərpasını təmin edəcək.