24 noyabr

Sosialyönümlü islahatlarda keyfiyyətcə yeni mərhələ - TƏHLİL

Son illərdə Azərbaycanda sosial-iqtisadi islahatların genişlənməsi və əhalinin rifahının yaxşılaşdırılmasına yönəlmiş tədbirlərin daha sistemli şəkildə həyata keçirilməsi dövlət büdcəsinin strukturunda mühüm dəyişikliklərə səbəb olub. Bu dəyişikliklər öz dolğun ifadəsini “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsində tapıb.

Milli Məclisdə birinci oxunuşda qəbul edilən, gəlir və xərc göstəricilərinə görə indiyə qədərki rekordları yeniləyən büdcə layihəsi göstərir ki, gələn il sosial rifahın gücləndirilməsi, həssas təbəqələrin müdafiəsi və sosial xidmətlərin keyfiyyətinin artırılması üzrə tədbirlər daha genişmiqyaslı şəkildə reallaşdırılacaq. Büdcədə sosial xərclərin xüsusi çəkisi həm mövcud sosial proqramların davam etdirilməsinə, həm də yeni sosial paketlərin icrasına imkan yaradır.

Azərbaycanda formalaşan sosialyönümlü inkişaf modelinin əsas özəlliyi ondan ibarətdir ki, ölkədə sahibkarlığın və yeni mülkiyyət formalarının inkişafını hədəfləyən islahatlar əhalinin sosial cəhətdən daha zəif qruplarının maraqları ilə ziddiyyət təşkil etmir. Həmçinin, zəruri və bəzən sərt islahatlar həyata keçirilərkən sosialyönümlü tədbirlərlə yaranan yük dərhal kompensasiya olunur. Dövlət bir çox hallarda sosial maraqların təminatı naminə böyük maliyyə tələb edən investisiya layihələrini də öz üzərinə götürür.

Bir sıra Avropa ölkələrində sosial gərginlik fonunda problemlər yaşandığı halda, Azərbaycanda sosial layihələrin icrasında ləngimə və çətinlik müşahidə edilməyib. Dünya Bankının hesabatına əsasən, milli gəlirin ədalətli bölgüsünə görə Azərbaycan 110 inkişaf edən ölkəni geridə qoyur və bu, həyata keçirilən siyasətin effektivliyini təsdiqləyir.

2026-cı il dövlət büdcəsi sənədi göstərir ki, əhalinin müxtəlif kateqoriyalarının sosial təminatını və sosial sabitliyi möhkəmləndirən geniş tədbirlər paketi icra olunacaq. Gələn il sosialyönümlü xərclərin dövlət büdcəsinin 41,1 faizini təşkil etməsi və 17 milyard 145,5 milyon manat həcmində olması proqnozlaşdırılır. Bu göstərici əvvəlki illə müqayisədə 1,3 faiz artım deməkdir və sosial proqramların maliyyə təminatının dinamik şəkildə gücləndiyini göstərir.

Xüsusi qeyd etmək lazımdır ki, Azərbaycanın sosial xərclərinin həcmi Gürcüstan və Ermənistanın ümumi sosialyönümlü büdcə xərclərindən 2,5 dəfə çoxdur. Bu fakt Azərbaycanı regionda sosial siyasətə ən böyük maliyyə resursu ayıran və sosial müdafiə sahəsində ardıcıl addımlar atan ölkəyə çevirir.

Son beş ildə sosial xərclərin artımı dövlətin sosialyönümlü siyasətinin davamlılığını təsdiqləyir. İkinci Qarabağ müharibəsindən sonra, 2021-ci ildə sosial xərclərə 12,2 milyard manat ayrıldığı halda, hazırda bu rəqəm 16,9 milyard manata yüksəlib. Yəni cəmi beş ildə sosial xərclərdə 4,7 milyard manat artım qeydə alınıb.

2018-ci ildən bəri həyata keçirilən dörd sosial islahat paketi sosial sahədə sistemli və ardıcıl yanaşmanın mövcudluğunu göstərir. Təqaüd və müavinətlərin artırılması, minimum əməkhaqqının mərhələli şəkildə yüksəldilməsi, icbari tibbi sığortanın ölkə üzrə tam tətbiqi, sosial xidmətlərin yeni standartlarla təşkili, əlilliyi olan şəxslərin təminatının gücləndirilməsi kimi istiqamətlərdə mühüm işlər görülüb. Bu tədbirlər əhalinin həyat keyfiyyətinin yaxşılaşdırılmasına və sosial müdafiə mexanizmlərinin təkmilləşdirilməsinə xidmət edir.

2026-cı ilin dövlət büdcəsində sosial xərclərin 17,1 milyard manat səviyyəsində nəzərdə tutulması iqtisadi artımın dayanıqlığı ilə birbaşa bağlıdır. Qeyri-neft sektorunun genişlənməsi, vergi və gömrük daxilolmalarının artması, fiskal sabitliyin təmin olunması sosial sahəyə daha çox maliyyə ayırmağa imkan verir. Büdcə gəlirlərinin artması uzunmüddətli sosial proqramların maliyyə dayanıqlığını gücləndirir.

Sosialyönümlü xərclərin artması yaşayış minimumu, ehtiyac meyarı və sosial ödənişlərin tənzimlənməsi ilə sıx bağlıdır. Bu artımlar sosial infrastrukturun yenilənməsinə, müasir xidmət modellərinin tətbiqinə və sosial təminat sisteminə çıxış imkanlarının artırılmasına şərait yaradır. Ünvanlı sosial yardım sisteminin təkmilləşdirilməsi, məşğulluq təşəbbüslərinin genişləndirilməsi və əlilliyi olan şəxslərin müdafiəsinin gücləndirilməsi də prioritet istiqamətlərdəndir.

Bütün bu məqamlar fonunda 2026-cı ilin dövlət büdcəsi Azərbaycanın sosial siyasətində yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilir. Sosial rifah tədbirlərinin genişləndirilməsi hökumətin əhalinin həyat səviyyəsini Avropa Sosial Xartiyasının tələblərinə uyğunlaşdırmaq hədəfinə daha da yaxınlaşdığını göstərir.

MTM Analitik Qrupu 

SORĞU

Parklanma yerləri

Yaşadığınız yerdə parklanma ilə bağlı vəziyyət necədir?