ABŞ-nin Ermənistan planının görünməyən tərəfləri - ŞƏRH

Son illərdə ABŞ-nin Ermənistana yüksək texnologiya sahəsində etdiyi investisiyaların həcmi artıb. Bu, xüsusilə “semikonduktorlar”, süni intellekt (AI), eləcə də elmi-tədqiqat infrastukturu kimi kritik sahələrdə özünü göstərir. Rəsmi Amerika və Ermənistan qurumlarının bəyanatlarında bu əməkdaşlıq “ikili fayda” (look-ahead) kimi xarkterizə edilir: Ermənistan texnoloji inkişaf əldə edir, ABŞ isə strateji və geosiyasi mövqeyini gücləndirir. Bu yaxınlarda yayılan xəbərlərdə isə “NVIDIA” şirkətinin İrəvanda super kompüter texnologiyalarına 1,5 milyard dollar yatırım edəcəyi üzə çıxıb. Paşinyan hökuməti bu xəbəri toy-bayram, uğur kimi qəbul edib mətbuat vasitəsilə xalqa sırımağa çalışsa da, medalyonun digər tərəfində fərqli reallıq üzə çıxır. Bu investisiyalarda yalnız iqtisadi məqsəd yoxdur — onlar ABŞ-nin casusluq və strateji texnoloji üstünlük əldə etmək niyyətlərini ortaya qoyur.
2025-ci ildə Ermənistan və ABŞ arasında semikonduktor və süni intellekt üzrə memorandum imzalanıb. Ermənistanda yüksək texnologiyalar naziri Mxitar Hayrapetyan bunu strateji tərəfdaşlıq kimi qiymətləndirir. ABŞ ilə Ermənistan arasında 2025-ci ildə Strateji Tərəfdaşlıq Xartiyası da imzalanıb.
Bir sıra Amerika şirkətləri və xarici şirkətlər Ermənistanda tədqiqat-inkubasiya mərkəzləri açıb. ABŞ-erməni investisiyalarından “Firebird” adlı süni intellekt şirkəti ABŞ-nin “Dell” və “NVIDIA” şirkətləri ilə əməkdaşlıqla Ermənistanda superkompüter qurmağı planlaşdırır. “New Eastern Europe” məqaləsində qeyd olunur ki, “Starlink”in (İlon Maskın yüksək sürətli peyk interneti layihəsi) Ermənistanda genişlənmə planları var. Bu, ölkənin internet infrastrukturu üçün strateji əhəmiyyət daşıyır. İnformasiya mühiti üzrə araşdırma hesabatında Ermənistanın informasiya mühitinin “narrativ manipulyasiya”ya açıq olduğu iddia edilir. Bu cür zəifliklər investisiya layihələri ilə paralel istifadə olunaraq strateji informasiyanın yığılması üçün bir “sürücü” rolunu oynaya bilər.
Bu səbəbdən də ABŞ investisiyasının arxasında müəyyən məqsədlərin dayanması ehtimalı yüksəkdir. Semikonduktorlar və AI kimi sahələr strateji əhəmiyyət daşıyır. ABŞ bu sahələrdə tərəfdaşlıqları genişləndirərək beynəlxalq rəqabətdə öz texnoloji üstünlüyünü saxlamaq istəyir. Ermənistanda belə tərəfdaşlıq, ABŞ-yə lokal təcrübə, tədqiqatçı potensialı və məlumat toplamaq imkanı verə bilər. “Starlink” kimi peyk internet layihələri vasitəsilə ABŞ potensial olaraq regionda kommunikasiyaya çıxışı gücləndirə bilər. Bu, ABŞ-yə informasiyaları izləmək, bloklama və ya prioritetləşdirmə gücünü verməklə regional təsir üçün strateji resurs ola bilər. İnvestisiyalar tədqiqat mərkəzləri, inkubatorlar və universitetlərdəki layihələrə gedir. Bu yatırım ABŞ-nin məlumat toplaması, texnoloji əsaslı dialoqları idarə etməsi və geoinformasiya şəbəkələrini genişləndirməsi üçün vasitədir. İran və Rusiya faktorunu nəzərə alsaq, rəsmi Vaşinqton üçün bu layihə ideal sayılır.
Tədqiqatçılar və işçi qüvvəsi arasında əməkdaşlıq kritik və ya həssas məlumatların paylaşılması riskini yaradır — xüsusilə AI, semikonduktor texnologiyaları və ya beynəlxalq kommunikasiya infrastrukturunda. İnvestisiyalar vasitəsilə ABŞ yalnız texnologiya deyil, həm də ideoloji təsir gücü qazana bilər. Bu, informasiya mühitində narativ dəyişikliklərə, tənqidi medianın zəifləməsinə gətirib çıxara bilər. ABŞ investisiyaları ilə kibercasusluq üçün kanalların açılması ehtimalı da var — Bu, ayrı-ayrı texnoloji sistemlərdə “giriş qapıları” yarada bilər.
Hikmət Həsənov