Bakıda yenilik: İki qadın avtobus sürücüsü bu gündən işə başladı

Bakıda ictimai nəqliyyatda qadın sürücülərin fəaliyyətinin artırılması məqsədilə mühüm yenilik həyata keçirilib.
Təhlil.az xəbər verir ki, bu gündən etibarən iki xanım sürücü 140 və 121E nömrəli avtobus xətlərində işə başlayıb.
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) qadınların peşəkar sürücü kimi fəaliyyətini təşviq etmək üçün xüsusi təlim proqramı təşkil edib. Proqram çərçivəsində xanım namizədlər nəzəri biliklərlə yanaşı, mürəkkəb yol şəraitində idarəetmə, manevretmə, slalom, təhlükəsiz ara məsafəsinin qorunması və fövqəladə vəziyyətlərə reaksiya kimi praktiki bacarıqlar üzrə hazırlıq keçiblər.
Sürücü olmaq istəyən namizədlər tibbi müayinələrdən, psixoloji qiymətləndirmədən və təhlükəsizlik üzrə uyğunluq testlərindən keçərək “BakuBus” MMC-də rəsmi şəkildə işə qəbul olunublar. İşə qəbul mərhələsində onlar üçün əlavə olaraq “Ehtiyatlı idarəetmə və təhlükəsiz sürücülük” təlimi də təşkil edilib.
Bu gündən etibarən marşruta çıxan xanım sürücülərə ilk günlərdə təcrübəli mentorlar müşayiət edəcək və onların adaptasiya prosesinə dəstək verəcəklər.
Qadın sürücülərin işə başlaması ictimai nəqliyyatda gender balansının gücləndirilməsi və yeni peşə imkanlarının yaradılması baxımından müsbət addım kimi qiymətləndirilir.