Şuşada qlobal mesaj: Yeni güc mərkəzi formalaşır - TƏHLİL

Şuşada keçirilən Azərbaycan–Türkiyə Beyin Mərkəzlərinin birinci forumu təkcə iki ölkə arasında elmi-analitik əməkdaşlığın yeni mərhələsinin başlanğıcı deyil, həm də Cənubi Qafqazda formalaşan geosiyasi reallıqlar fonunda strateji sinxronluğun nümayişidir. Forum regionda təhlükəsizliyin, iqtisadi inteqrasiyanın və qərarvermə proseslərinin intellektual əsaslarının gücləndirilməsi baxımından mühüm platforma kimi önə çıxır. Tədbirin məhz Şuşada – Azərbaycanın siyasi və mədəni suverenliyinin simvoluna çevrilmiş şəhərdə keçirilməsi isə siyasi simvolizm baxımından xüsusi əhəmiyyət kəsb edir. Çünki Şuşa həm post-müharibə dövrünün yeni reallıqlarının mərkəzində dayanır, həm də Azərbaycan–Türkiyə müttəfiqliyinin rəsmiləşdiyi məkandır.
Forum Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi (BMTM) və Türkiyə Xarici İşlər Nazirliyinin Strateji Araşdırmalar Mərkəzi (SAM) tərəfindən təşkil olunub. Açılış nitqlərində BMTM sədri Fərid Şəfiyev və SAM rəhbəri Polat Safi iki ölkə beyin mərkəzləri arasında institusional tərəfdaşlığın gücləndirilməsinin vacibliyini vurğulayıblar. Bu vurğular təsadüfi deyil. Son illərdə regionda yaranan yeni geosiyasi düzən, xüsusilə Cənubi Qafqazda güc balansının dəyişməsi, Azərbaycanın enerji və nəqliyyat qovşağına çevrilməsi, Türkiyənin regional və qlobal güc statusunun möhkəmlənməsi, Rusiya–Qərb qarşıdurmasının bölgəyə təsirləri iki ölkənin həm siyasi, həm də analitik səviyyədə koordinasiyasının zəruriliyini artırır. Bu baxımdan Şuşa Forumu yalnız akademik görüş deyil, Azərbaycan və Türkiyənin strateji düşüncə sistemlərini birləşdirən platforma funksiyasını daşıyır.
Forum çərçivəsində keçirilən üç panel müzakirəsi Azərbaycan–Türkiyə münasibətlərinin strateji istiqamətlərini müəyyənləşdirən dörd əsas sahəni – xarici siyasət və təhlükəsizlik, iqtisadi əməkdaşlıq və ticarət inteqrasiyası, nəqliyyat-kommunikasiya dəhlizləri və regional inteqrasiya mexanizmlərini əhatə edir. Birinci sessiyanın “Azərbaycan və Türkiyənin xarici siyasətində əsas trendlər və əməkdaşlıq imkanları” mövzusuna həsr olunması iki ölkənin geosiyasi koordinasiya mərkəzinin təhlükəsizlik və diplomatiya sahələrində cəmləndiyini göstərir. Paneldə SETA, ORSAM, İRAM, ANKASAM kimi nüfuzlu tədqiqat qurumlarının rəhbərlərinin iştirakı müzakirələrin elmi ağırliyini daha da artırıb. Ekspertlərin diqqəti əsasən post-müharibə dövründə Cənubi Qafqazda güc balansının yenidən formalaşmasına, Azərbaycan–Türkiyə müttəfiqliyinin regional təhlükəsizlik sistemində roluna, Azərbaycan–Türkiyə–Mərkəzi Asiya xəttində inteqrasiya zəncirinin perspektivlərinə, İran, Rusiya və Qərbin bölgədəki siyasətlərinin iki ölkənin xarici siyasətinə təsirlərinə, enerji və nəqliyyat dəhlizlərinin geosiyasi əhəmiyyətinə yönəlib. Müzakirələr iki ölkə arasında analitik sinxronluğun dərinləşdiyini bir daha nümayiş etdirib.
Forumda səsləndirilən çıxışlarda ortaq mesaj aydın görünür: Azərbaycan–Türkiyə müttəfiqliyi artıq təkcə siyasi və hərbi müstəvidə deyil, analitik-institusional səviyyədə də sistemləşdirilir. Bu isə bir neçə aspektdən əhəmiyyətlidir. Birincisi, yeni təhlükəsizlik reallıqlarıdır. 2020-ci ildən sonra Cənubi Qafqazda yaranmış vəziyyət xarici siyasətdə daha çevik qərarların qəbulunu tələb edir və bu qərarların intellektual bazası beyin mərkəzləri tərəfindən hazırlanır. İkincisi, regionda informasiya müharibəsinin genişlənməsidir. Azərbaycan və Türkiyə dəfələrlə koordinasiya edilməmiş təbliğat hücumlarının hədəfi olublar. Ortaq araşdırma platformaları qarşı narrativlərin formalaşdırılmasına şərait yaradır. Üçüncüsü, nəqliyyat və enerji qovşaqlarında rəqabət güclənib və Orta Dəhliz, TANAP, TAP, BTQ kimi layihələr geoiqtisadi mübarizəni daha da sərtləşdirir.
Forumun Şuşada keçirilməsi Azərbaycan–Türkiyə tərəfdaşlığının daha da gücləndiyini göstərən siyasi siqnaldır. Forumdan çıxan nəticələr göstərir ki, Ankara–Bakı xətti Cənubi Qafqazın gələcək siyasi arxitekturasını müəyyənləşdirən əsas gücdür. İki ölkə yalnız hərbi müttəfiq deyil, həm də analitik-siyasi ekosistem formalaşdıran strateji tərəfdaşlardır. Bu mesaj xüsusilə Ermənistan və digər regional aktorlar üçün ciddi siqnal xarakteri daşıyır. Digər tərəfdən, forum iki ölkə arasında strateji koordinasiyanı dərinləşdirir, regional siyasətdə analitik çərçivəni gücləndirir, Cənubi Qafqazda yeni geosiyasi düşüncə modelinin formalaşmasına təkan verir və Şuşanı beynəlxalq analitik dialoqun mərkəzlərindən birinə çevirir.
Bu forumun davamlı keçirilməsi Azərbaycan–Türkiyə münasibətlərinin intellektual və strateji sütunlarını daha da gücləndirəcək.
MTM Analitik Qrupu