22 noyabr

D-8 ölkələrinin qlobal informasiya təhdidlərinə qarşı səmərəli mübarizəsi təmin edilir - TƏHLİL

Dövlət suverenliyinin bərpasından sonra ölkəmiz əleyhinə genişlənən qərəzli kampaniyaların, məqsədli informasiya manipulyasiyalarının, feyk məlumatların, ümumən ideoloji təxribatların qarşısının alınması, beynəlxalq rəyin düzgün istiqamətləndirilməsi ölkə diplomatiyası və mediası qarşısında əsas vəzifələrdən birinə çevrilib.

Regionda geosiyasi maraqlarını gerçəkləşdirməyə çalışan qüvvələr bu cür kampaniyalarla son iki ildə ölkə rəhbərliyinin siyasi iradəsinə təsir etməyə çalışsalar da, daim fiasko ilə üzləşirlər. Ermənistan və Azərbaycan arasındakı gərginlikdən siyasi alət kimi istifadə etməyə çalışan bəzi Qərb dairələrinin son iki ildə apardıqları məkrli təbliğat nəticəsiz olub. Avropa Şurası Parlament Assambleyasında Azərbaycanın iştirakı olmadan ölkəmizlə bağlı aparılan qərəzli müzakirələr, Avropa Parlamentində, ABŞ Konqresində, Fransada və digər bir sıra ölkələrdə, qurumlarda səsləndirilən əsassız fikirlər bu baxımdan xüsusi vurğulanmalıdır. Qərb dairələrində aparılan koordinasiyalı anti-Azərbaycan kampaniyasının qarşısı məhz rəsmi Bakının yürütdüyü qətiyyətli hücum diplomatiyası, prinsipial xarici siyasət, eyni zamanda, səmərəli əks-təbliğatla alınıb.

Ümumilikdə, ölkəmizin beynəlxalq informasiya məkanında aktiv iştirakı, hibrid təhdidlərə qarşı mübarizəni önə çəkən strateji yanaşması və media sahəsində beynəlxalq əməkdaşlıq xətti yeni aktual çağırışlarla şərtlənir. İnkişaf etməkdə olan səkkiz ölkənin İqtisadi Əməkdaşlıq Təşkilatının (D-8) ilk Media Forumunun Bakıda təşkili də bu prizmadan mühüm əhəmiyyətə malikdir. Prezident İlham Əliyevin Forum iştirakçılarına ünvanladığı müraciətdə yer alan fikirlər də bu sahədə əməkdaşlığın praktik istiqamətlərini müəyyən edir: “Bugünkü Forum dost ölkələrin media qurumları arasında qarşılıqlı təcrübə mübadiləsi üçün əlverişli imkanlar yaradan yeni əməkdaşlıq müstəvisidir. İnanıram ki, burada səslənəcək ideyalar, təkliflər və irəli sürüləcək birgə layihə təşəbbüsləri gələcəkdə D-8 ölkələrinin informasiya siyasətində mühüm rol oynayacaqdır”.

Azərbaycanın D-8 kimi böyük iqtisadi və siyasi potensiala malik platformada fəal mövqeyi yalnız iqtisadi inteqrasiyanın genişlənməsi baxımından deyil, həm də informasiya təhlükəsizliyi, media diplomatiyası və regional həmrəyliyin möhkəmləndirilməsi nöqteyi-nəzərindən vacibdir. İnformasiya mühitinin ciddi təhdidlərlə üzləşdiyi hazırkı şəraitdə dövlətlərin milli təhlükəsizliyini yalnız sərhədlərin mühafizəsi ilə məhdudlaşdırmaq mümkün deyil. Dezinformasiyaların, saxta xəbərlərin, “deepfake” texnologiyalarının genişlənməsi, süni intellektin yaratdığı risklər dövlətlərarası əməkdaşlığı diktə edir. Bu amillər informasiya sahəsində kollektiv fəaliyyət mexanizmlərinin, ortaq media platformalarının yaradılmasını zərurətə çevirir. Belə əməkdaşlıq qarşılıqlı məlumat mübadiləsi ilə yanaşı, müştərək müdafiə strategiyasının müəyyənləşdirilməsi, informasiya təhlükəsizliyinin idarə olunması və qlobal media məkanında səmərəli təmsilçiliyin təmini baxımından zəruridir.

Azərbaycanın informasiya sahəsində beynəlxalq əməkdaşlığa xüsusi önəm verməsinin bir neçə əsas səbəbi var. Birincisi, rəsmi Bakı postkonflikt dövründə ədalətli mövqeyinin, sülh təşəbbüslərinin və yeni regional reallıqların dünyaya çatdırılması istiqamətində ardıcıl fəaliyyət göstərir. Məhz bu baxımdan ölkəmiz beynəlxalq media platformaları ilə sıx əməkdaşlığı, faktlara əsaslanan kommunikasiya modelini prioritet elan edib.

Bundan əlavə, Azərbaycanın D-8, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı, Türk Dövlətləri Təşkilatı kimi beynəlxalq platformalardakı fəallığı qlobal informasiya məkanında balansın yaradılmasına, İslam dünyasının səsinin daha güclü duyulmasına, informasiya təhdidlərinin kollektiv şəkildə zərərsizləşdirilməsinə xidmət edir. Bu həm də İslam dininə, müsəlmanlara, eləcə də türklərə qarşı bəzi Qərb dairələrinin apardığı qərəzli təbliğatın qarşısının alınması və islamofob yanaşmaların ifşası baxımından vacibdir.

Azərbaycan hazırda azad edilmiş ərazilərdə genişmiqyaslı bərpa və quruculuq işləri həyata keçirir. Bu, Böyük Qayıdış proqramının icrasının sürətləndirilməsinə xidmət etməklə yanaşı, beynəlxalq səviyyədə investisiyaların cəlbinə imkanlar açır. Ölkənin müasir bərpa modelinin, “ağıllı şəhər”, “yaşıl enerji zonası” kimi konseptlərin, əlverişli sərmayə mühitinin beynəlxalq səviyyədə təbliği mükəmməl informasiya siyasəti tələb edir. Beynəlxalq auditoriyanın obyektiv məlumatlandırılması Azərbaycanın sülh və etimad quruculuğu siyasətinə əlavə dəstək yaradır.

D-8 platformasında əməkdaşlığın genişləndirilməsi Azərbaycanın milli informasiya strategiyasının bölünməz hissəsidir. Azərbaycanın ötən il qurumun tamhüquqlu üzvlüyünə qəbul edilməsi bir sıra sahələrlə yanaşı, həm də informasiya müstəvisində yeni imkanlar açıb.

Tədbirin yekunu olaraq qəbul edilmiş Bakı Bəyannaməsində yer alan hədəflər deməyə əsas verir ki, təşkilata üzv dövlətlərin media strukturları arasında koordinasiyanın güclənməsi, ortaq layihələrin reallaşdırılması, qərəzsiz və obyektiv xəbər mühitinin təşviqi regional etimadın güclənməsinə və qlobal informasiya balansının yaradılmasına mühüm töhfə verəcək.

MTM Analitik Qrupu

SORĞU

İstilik təchizatı

Yaşadığınız evin istilik təchizatını hansı üsulla təmin edirsiniz?