D-8 Media Forumu Bakıda yeni inteqrasiya modeli formalaşdırdı - ŞƏRH

2025-ci ildə Bakıda keçirilmiş ilk D-8 Media Forumu media sahəsində çoxtərəfli regional əməkdaşlığın gücləndirilməsi baxımından mühüm mərhələ kimi qiymətləndirilir. Forumda qəbul edilmiş Bakı Bəyannaməsi üzv ölkələr arasında media əlaqələrinin institusional səviyyəyə yüksəldilməsini, xüsusən rəqəmsal transformasiya, informasiya təhlükəsizliyi və media savadlılığı istiqamətlərində yeni koordinasiya mexanizmlərinin formalaşdırılmasını nəzərdə tutur. Sənəd həm strateji məqsədləri, həm də konkret icra mexanizmlərini özündə birləşdirərək D-8 ölkələrinin informasiya məkanında qarşılıqlı inteqrasiyanı dərinləşdirməyi hədəfləyir.
Bəyannamənin əsas strateji xəttini D-8 Media Forumunun institusional platformaya çevrilməsi təşkil edir. Forumun hər il rotasiya əsasında keçirilməsi üzv ölkələr arasında davamlı dialoq, qarşılıqlı anlayış və informasiya siyasətində uzlaşma üçün yeni imkanlar açır. Bu yanaşma media sahəsində uzunmüddətli proqramların koordinasiyasını asanlaşdırır və regional miqyasda vahid informasiya gündəminin formalaşmasına töhfə verir.
Sənəddəki mühüm yeniliklərdən biri də D-8 Media Mükəmməllik Mərkəzinin Azərbaycanda yaradılması ilə bağlı razılaşmadır. Mərkəz təlim, tədqiqat, rəqəmsal media texnologiyalarının tətbiqi, peşəkar inkişaf və informasiya axınının idarə edilməsi sahələrində beynəlxalq institut rolunu oynayacaq. Bu təşəbbüs D-8 məkanında peşəkar jurnalistikanın inkişafı üçün dayanıqlı infrastrukturun qurulmasına xidmət edir.
Bəyannamə milli media qurumları, xəbər agentlikləri və ictimai yayımçılar arasında əməkdaşlığın genişləndirilməsini prioritet elan edir. Bu çərçivədə D-8 Ölkələri Yayım Assosiasiyasının yaradılması təşəbbüsü xüsusi diqqət çəkir. Belə bir qurum proqram mübadiləsi, ortaq layihələr və mədəni-informasiya axınının gücləndirilməsi üçün yeni imkanlar yarada bilər.
Media subyektlərinin şəbəkələşməsi informasiya dövriyyəsinin genişlənməsinə, həmçinin rəqəmsal dövrdə baş verən kəskin informasiya böhranlarının dezinformasiya, kiberhücumlar, manipulyativ mesajlar daha çevik idarə edilməsinə şərait yarada bilər.
Bakı Bəyannaməsi rəqəmsal media əməkdaşlığını strateji prioritet kimi müəyyən edib. Üzv ölkələr arasında ortaq rəqəmsal platformaların qurulması, birgə məzmun istehsalı və rəqəmsal hekayəçilik metodlarının tətbiqi D-8 informasiya məkanını daha rəqabətədavamlı etmək məqsədi daşıyır. Bu yanaşma həm də informasiya suverenliyinin gücləndirilməsi baxımından əhəmiyyətlidir.
Sənəd süni intellekt texnologiyalarının etik istifadəsi, media sektorunda innovativ həllərin tətbiqi və rəqəmsal təhlükəsizlik standartlarının formalaşdırılması kimi məsələləri də əhatə edir. Bu, avtomatlaşdırma, kontent analizi, fakt-yoxlama sistemləri və kibertəhlükəsizlik sahələrində yeni çərçivələrin yaranmasına imkan verir.
Dezinformasiya, manipulyasiya və nifrət nitqinə qarşı birgə mübarizə bəyannamədə xüsusi yer tutur. Üzv dövlətlər ortaq fact-checking mexanizmləri yaratmağa, sürətli məlumat mübadiləsi kanallarını gücləndirməyə çağırılır. Qlobal informasiya rəqabətinin kəskinləşdiyi dövrdə bu, D-8 ölkələri üçün strateji əhəmiyyət kəsb edir.
Bəyannamədə vahid davranış kodeksinin hazırlanması da nəzərdə tutulur. Bu kodeks jurnalist etikası, obyektivlik, peşəkar məsuliyyət və informasiya dəqiqliyi prinsiplərinə əsaslanaraq D-8 məkanında etibarlı informasiya mühitinin formalaşmasına dəstək verəcək.
Forum çərçivəsində media savadlılığı proqramlarının genişləndirilməsi, xüsusilə gənclər və təhsil işçiləri arasında yayılması da planlaşdırılır. Bu addım cəmiyyətin yanlış və manipulyativ məlumatlara qarşı davamlılığının artırılması baxımından xüsusi önəm daşıyır.
Jurnalistlər, redaktorlar və media menecerləri üçün nəzərdə tutulan ixtisasartırma proqramları D-8 ölkələri arasında insan kapitalının inkişafına uzunmüddətli investisiya kimi dəyərləndirilir. Eyni zamanda jurnalistika məktəbləri və media institutları arasında əməkdaşlıq regional akademik şəbəkənin formalaşmasına töhfə verə bilər.
Bəyannamənin icrasında bir sıra çağırışlar da mövcuddur. İlk növbədə yeni institutların xüsusən Media Mükəmməllik Mərkəzinin maliyyələşmə, idarəetmə və davamlı fəaliyyət məsələləri hələ də açıq qalır. Bu təşəbbüslərin uğuru üzv ölkələrin siyasi iradəsi və resurs ayırmaq qabiliyyətindən asılı olacaq.
İkinci çətinlik media sahəsində normativ fərqlərlə bağlıdır. D-8 ölkələri media azadlığı, tənzimləmə və informasiya siyasəti baxımından fərqli modellərə malikdir. Bu səbəbdən vahid etik kodeksin tətbiqi və fact-checking sistemlərinin obyektiv işləməsi müəyyən çətinliklər yarada bilər.
Üçüncü çağırış rəqəmsal mədəniyyət və dil müxtəlifliyidir. Birgə platformaların yaradılması üçün məzmunun lokallaşdırılması, auditoriyaya uyğunlaşdırılması və mədəni həssaslığın qorunması əlavə resurs tələb edir.
Bütün çətinliklərə baxmayaraq, Bakı Bəyannaməsi D-8 ölkələri arasında media sahəsində uzunmüddətli əməkdaşlığın əsasını qoyur. Sənəd ardıcıl və şəffaf şəkildə icra olunarsa, regionda informasiya təhlükəsizliyi, rəqəmsal dayanıqlıq və media sahəsində peşəkarlıq səviyyəsi əhəmiyyətli dərəcədə yüksələ bilər.
Azərbaycan üçün bu bəyannamə media diplomatiyasında liderlik rolunun güclənməsi baxımından strateji əhəmiyyət daşıyır. Media Mükəmməllik Mərkəzinin Bakıda yerləşməsi ölkənin D-8-in media ekosistemində mərkəzi aktora çevrilməsinə xidmət edir.
Nəticə etibarilə, Bakı Bəyannaməsi D-8 ölkələrinin media sahəsində koordinasiyasını gücləndirən geniş çərçivə formalaşdırır və media diplomatiyasının yeni mərhələsinə keçidin göstəricisi kimi dəyərləndirilə bilər. Bu qərarlar düzgün icra olunduğu təqdirdə, regionun informasiya təhlükəsizliyinə, media dayanıqlılığına və peşəkar jurnalistikanın inkişafına ciddi töhfə verəcək.
Hikmət Həsənov