Ekspert: “Yeni platforma Bakıya əlavə güc verir” - AÇIQLAMA

“Azərbaycanın Mərkəzi Asiya üzrə Məsləhətçi Şuraya tamhüquqlu qoşulması region üçün tarixi dönüş nöqtəsidir”.
Bu fikirləri təhlil.az saytına Qafqaz Siyasi Analiz Mərkəzinin direktoru Əhməd Əlili açıqlamasında deyib.
O Azərbaycanın Mərkəzi Asiya üzrə Məsləhətçi Şuraya tamhüquqlu üzv kimi daxil olmasının həm region, həm də Bakı üçün yeni mərhələnin başlanğıcı olduğunu bildirib.
Onun sözlərinə görə, bu qərar Cənubi Qafqaz və Mərkəzi Asiyada iqtisadi inkişaf, təhlükəsizlik və xarici sərmayələrin cəlb edilməsi baxımından mühüm inteqrasiya addımıdır:
“Hazırda regionun əsas vəzifəsi Avropa və ABŞ investisiyalarının daha effektiv şəkildə cəlb olunmasını təmin etməkdir. Bu investisiyalar elə səviyyədə olmalıdır ki, bütün ölkələr bundan faydalansın. Azərbaycan, Avropa İttifaqı və ABŞ arasında aparılan əməkdaşlıq Mərkəzi Asiya ölkələri üçün də ortaq strateji vizyonun bir hissəsidir”.
Ekspert qeyd edib ki, Azərbaycanın Xəzərin qərb sahilində yerləşməsi və son 30 ildə Avropa inteqrasiya layihələrində iştirak etməsi, yeni platformada əməkdaşlığın stimullaşdırılması üçün ciddi üstünlük yaradır:
“Avropa və Amerika investorlarının regionda mövcudluğunun artması həm ABŞ, həm də Avropa İttifaqının strateji iştirakının güclənməsi deməkdir. Bu isə Mərkəzi Asiya və Cənubi Qafqaz ölkələrinin diplomatik və iqtisadi resurslarını bir neçə dəfə artıracaq”.
Əhməd Əlili vurğulayıb ki, yaranacaq yeni əməkdaşlıq mühiti bütün ölkələr üçün faydalıdır:
“Azərbaycan üçün Çin investisiyalarının artması gözlənilir. Mərkəzi Asiya ölkələrində isə Qərb investisiyaları və şirkətləri daha çox görünəcək. Bu, region ölkələrinə geniş tərəfdaşlıq spektri qazandıracaq və ümumi inkişafı sürətləndirəcək”.
O xatırladıb ki, Azərbaycan uzun illər Şanxay Əməkdaşlıq Təşkilatı və BRİKS kimi qurumlara üzv olmaq istəyərkən müəyyən dövlətlərin təzyiqi ilə qarşılaşıb:
“Hindistan Azərbaycanın ŞƏT-ə üzvlüyünə qarşı çıxmışdı. Daha sonra məlum oldu ki, bəzi mərhələlərdə Rusiya da buna isti yanaşmayıb. Bu, Azərbaycanın Mərkəzi Asiya platformalarına yaxınlaşmasının qarşısını almağa yönəlmiş cəhdlərin bir hissəsi idi”.
Ə.Əlili söyləyib ki, Azərbaycanın uğurlu və dəqiq diplomatiyası nəticəsində bu maneələrin əksəriyyəti aradan qalxıb:
“Bu gün Azərbaycan həmin platformalara Türk Dövlətləri Təşkilatı vasitəsilə, həmçinin Mərkəzi Asiya üzrə Məsləhətçi Şuranın tamhüquqlu üzvü kimi qoşulur. Bu, faktiki olaraq "altılıq formatı"nın formalaşması deməkdir və çox mühüm tarixi hadisədir”.
Ekspertin fikrincə, yeni inteqrasiya modeli region ölkələrinə həm siyasi, həm iqtisadi, həm də diplomatik baxımdan əlavə güc qazandıracaq.
Rasim Babayev