Bu gün

Almaniya suriyalı miqrantları ölkədən çıxarır - ŞƏRH

Bir neçə ildir Avropanın bəzi dövlətləri Yaxın Şərq münaqişələrindən əziyyət çəkərək ölkələrini tərk edib qoca qitəyə sığınan miqrantların sayından narazılıq edir. Xüsusən də iqtisadiyyatı güclü olan ölkələrə axın edən miqrantlarla yaşanan xoşagəlməz halların sayında artım müşahidə edilir. Bu, həm yerli əhalinin, həm də hökumət orqanlarının narazılığına səbəb olur.

Artıq Almaniya hökuməti suriyalı miqrantları ölkəsində görmək istəmədiyini biruzə verməyə başlayıb. Bir illik dondurmadan sonra Federal Miqrasiya və Qaçqınlar İdarəsi təxminən 53 000 işin baxılmasını bərpa edib. Maraqlıdır ki, yayılan xəbərlərə görə, idarənin əsas məqsədi müraciətlərin böyük əksəriyyətini rədd etməkdir. Bunun səbəbi kansler Fridrix Merz ilə Suriya rejiminin rəhbəri Əbu Məhəmməd əl-Culani arasında əldə edilən razılaşmalar ola bilər. Suriya rəsmisi qaçqınların geri qayıtmasından daxili və xarici siyasətdə güclü bir kozır kimi istifadə etməyi planlaşdırır.

Burada diqqətçəkən başqa bir məqam var. Bir müddət əvvəl Merz Suriyanın tamamilə təhlükəsiz olduğunu və sözügedən ölkənin Almaniyadakı təxminən 1 milyon vətəndaşının nəhayət vətənlərinə qayıda biləcəyini bildirmişdi. Bu, əslində işarə idi və Almaniyanın suriyalı miqrantlarla vidalaşmaq niyyətini ortaya qoyurdu. Vəziyyəti əhalinin immiqrasiya əleyhinə əhval-ruhiyyəsindən fəal şəkildə istifadə edərək reytinqlərdə kansleri ötüb keçən sağ görüşlü “Almaniya üçün Alternativ” partiyasının uğuru daha da ağırlaşdırır. Bu isə onu deməyə əsas verir ki, miqrant məsələsi artıq Almaniyada siyasi prosesləri idarə etməyə başlayıb. Əgər hökumət suriyalı miqrantlarla vidalaşmasa, sağ görüşlü partiyalar bundan istifadə edərək həm reytinqlərini, həm də növbəti seçkilərdə uğurlarını artıra bilərlər.

Hikmət Həsənov

SORĞU

Parklanma yerləri

Yaşadığınız yerdə parklanma ilə bağlı vəziyyət necədir?