Ukrayna Trampın sülh planına hələ razılıq verməyib

Ukraynanın Təhlükəsizlik və Müdafiə Şurasının (TMŞ) katibi Rüstəm Umerov ABŞ-yə səfər zamanı Donald Trampın təklif etdiyi sülh planının müzakirə olunduğunu təsdiqləyib.
Təhlil.az xəbər verir ki, hələlik Ukrayna bu plana razılıq verməyib və danışıqlar davam edir.
Umerov açıqlamasında bildirib ki, ABŞ-yə səfəri zamanı onun rolu texniki xarakter daşıyıb:
“ABŞ səfərim zamanı mənim vəzifəm texniki idi – görüşlərin təşkili və dialoqa hazırlıq. Heç bir qiymətləndirmə və ya hər hansı maddənin razılaşdırılması olmayıb. Bu, səlahiyyətlərimə daxil deyil və prosedura uyğun deyil”.
O əlavə edib ki, dünən Ukrayna Prezidenti Tramp tərəfindən səlahiyyət verilmiş ABŞ nümayəndə heyəti ilə danışıqlar aparıb və proses bu gün Kiyevdə tərəflərin komandaları arasında texniki səviyyədə davam edir.
Umerov həmçinin Ukraynanın tələbi ilə plandan “Ukraynaya göstərilən beynəlxalq yardımın yoxlanılması” maddəsinin çıxarıldığı barədə yayılan məlumatları təkzib edib:
“Mətbuatda yayılan “razılaşdırma” və ya “bəndlərin çıxarılması” barədə xəbərlərin reallıqla heç bir əlaqəsi yoxdur. Bunlar kontekstdən kənar, yoxlanılmamış məlumatlardır. Biz tərəfdaşların təkliflərini Ukraynanın dəyişməz prinsipləri çərçivəsində diqqətlə dəyərləndiririk: suverenlik, insanların təhlükəsizliyi və ədalətli sülh”.
Qeyd edək ki, Rüstəm Umerov ABŞ-də Trampın təklif etdiyi plan üzrə aparılan danışıqlarda əsas ukraynalı rəsmilərdən biridir.