Aİ-nin Rusiyadan idxalı Ukraynaya yardımını 124 milyard avro üstələyib – İsveç XİN

Ukraynada tammiqyaslı müharibə başladıqdan sonra Avropa İttifaqının Rusiyadan idxal etdiyi məhsulların dəyəri Kiyevə göstərilən maliyyə yardımından 124 milyard avro çox olub.
Təhlil.az xəbər verir ki, bu barədə İsveçin xarici işlər naziri Maria Malmör Stenerqard Aİ Xarici İşlər Şurasının 20 noyabr iclasında çıxışı zamanı bildirib. Nazir qeyd edib ki, Avropa ölkələrinin Rusiyaya ödənişləri faktiki olaraq Ukraynaya göstərilən dəstəyin həcmini üstələyir.
Malmör Stenerqardın sözlərinə görə, müharibənin başladığı dövrdən bəri Aİ Ukraynaya 187 milyard avro yardım ayırıb. Eyni zaman kəsiyində Avropa ölkələri Rusiyadan 201 milyard avro dəyərində neft və qaz, digər məhsullarla birlikdə isə ümumilikdə 311 milyard avro həcmində idxal həyata keçirib.
“Bu o deməkdir ki, Ukraynaya 124 milyard avro daha az dəstək göstərmişik. Bu, sadəcə rüsvayçılıqdır”, – deyə, isveçli nazir vurğulayıb.