ADB Bakı–Böyük Kəsik dəmir yolunun modernləşdirilməsi üçün 300 milyon dollarlıq kredit ayıra bilər

Asiya İnkişaf Bankı (ADB) Bakı–Böyük Kəsik dəmir yolu xəttinin elektrikləşdirmə, siqnalizasiya və telekommunikasiya sistemlərinin yenilənməsi üçün Azərbaycanın müraciət etdiyi 300 milyon ABŞ dolları həcmində kreditin ayrılmasını nəzərdən keçirir.
Təhlil.az xəbər verir ki, layihə dəmir yolu xətti boyunca müasir elektrikləşdirmə infrastrukturu, siqnalizasiya avadanlıqları və telekommunikasiya sistemlərinin tam şəkildə qurulmasını əhatə edir. Bakı–Böyük Kəsik xətti ölkənin Şərq-Qərb dəhlizinin əsas hissəsi olmaqla, beynəlxalq yük daşımalarının böyük bölümünü təmin edir.
Layihənin icrası nəticəsində:
dəmir yolu əməliyyatlarının enerji səmərəliliyi və təhlükəsizliyi artacaq,
Şərq-Qərb və Şimal-Cənub dəhlizləri üzrə tranzit imkanları güclənəcək,
Azərbaycanın dəmir yolu nəqliyyatı davamlı və rəqabətqabiliyyətli infrastrukturla təmin olunacaq.
ADB-nin kreditin təsdiqi ilə bağlı qərarı 2027-ci il sentyabrın 17-də keçiriləcək Direktorlar Şurasının iclasında gözlənilir.
Qeyd edək ki, Azərbaycan 1999-cu ildən ADB üzvüdür və bu dövrdə bank ölkəyə ümumilikdə 5,6 milyard dollara yaxın maliyyə dəstəyi göstərib. Bankın yeni tərəfdaşlıq strategiyası çərçivəsində Azərbaycana əlavə 2,5 milyard dollara qədər investisiya ayırması nəzərdə tutulur.