2026-cı ildə 450 minə yaxın şəxs aktiv məşğulluq proqramlarına cəlb olunacaq

Gələn il İşsizlikdən Sığorta Fondunun (İSF) vəsaiti hesabına 450 minə yaxın şəxsin aktiv məşğulluq tədbirlərinə cəlb edilməsi planlaşdırılır.
Təhlil.az xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev Milli Məclisdə “2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı bildirib.
Nazir qeyd edib ki, İSF-nin 2026-cı il üçün gəlirləri 238,3 milyon manat məbləğində proqnozlaşdırılır. Bu ilin 10 ayında məşğulluq orqanları tərəfindən 158 min nəfər işsiz və işaxtaran şəxs işlə təmin edilib. Növbəti il isə 170 minə yaxın şəxsin işə düzəlməsinə dəstək göstərilməsi gözlənilir.
Anar Əliyevin sözlərinə görə, özünüməşğulluq proqramı gələn il də genişləndiriləcək və İSF büdcəsinin 29%-ni təşkil edəcək. 2026-cı ildə İSF vəsaiti hesabına 8 min nəfər, Dünya Bankı layihəsi çərçivəsində isə 7 min nəfər olmaqla ümumilikdə 15 min ailə özünüməşğulluq proqramına cəlb ediləcək. Proqram çərçivəsində təqdim edilən zərflərin çeşidi də artırılacaq.
Nazir əlavə edib ki, gələn il işsiz və işaxtaran şəxslərin peşə hazırlığı və əlavə təhsil imkanlarının genişləndirilməsi üçün 17 min 500-dək şəxsin təlim prosesinə qoşulması planlaşdırılır.
Rəsmi qurum məşğulluq imkanlarının artırılmasının və aktiv proqramların genişləndirilməsinin 2026-cı il üçün əsas sosial prioritetlərdən biri olduğunu bildirib.