2025-ci ildə Azərbaycanın təbii qaz gəlirləri 6,7 milyard dollar olub - STATİSTİKA

Media Təhlil Mərkəzinin (MTM) Dövlət Statistika Komitəsinin açıqladığı rəsmi məlumatlar əsasında apardığı təhlilə görə, son 5 ilin yanvar–sentyabr ayları üzrə ölkənin qaz ixracında əvvəlcə ardıcıl artım, daha sonra isə pik göstəricidən sonra nisbi sabitləşmə müşahidə olunub.
2021-ci ildə qaz ixracı 14,93 milyard kubmetr təşkil edib. 2022-ci ildə bu göstərici 16,55 milyard kubmetrə yüksələrək əvvəlki ilin nəticəsini 1,62 milyard kubmetr və ya 10,9% üstələyib.
Artım 2023-cü ildə daha da sürətlənib və ixrac həcmi 20,42 milyard kubmetrə çatıb. Bu, 2022-ci illə müqayisədə 3,87 milyard kubmetr və ya 23,4% artım deməkdir və dövr üzrə ən yüksək göstəricidir.
2024-cü ildə ixrac 18,73 milyard kubmetr olub. Bu, 2023-cü ilin nəticəsindən 1,69 milyard kubmetr və ya 8,3% az olsa da, 2021-ci illə müqayisədə 3,8 milyard kubmetr və ya 25,5% çoxdur.
2025-ci ildə qaz ixracı 18,53 milyard kubmetr təşkil edib. Bu, 2024-cü illə müqayisədə 0,2 milyard kubmetr və ya 1,1% azalma deməkdir. Lakin bu nəticə 2021-ci ilin göstəricisindən 3,6 milyard kubmetr və ya 24,1% çox olub.

Rəsmi rəqəmlər göstərir ki, son 5 ilin yanvar–sentyabr ayları üzrə təbii qazdan əldə edilən gəlirlər iqtisadiyyat üçün mühüm əhəmiyyət daşıyıb. Xüsusilə 2022 və 2023-cü illər bu sahədə gəlirlərin daha sürətlə artdığı dövr kimi seçilir.
2022-ci ildə qeydə alınmış kəskin yüksəliş əsasən Ukrayna–Rusiya müharibəsi fonunda enerji bazarlarında yaranan yüksək tələbatla bağlı olub. 2024 və 2025-ci illərdə isə əvvəlki pik səviyyələrdən sonra müəyyən azalmanın və sabitləşmə prosesinin müşahidə olunduğu görünür.
2021-ci ildə təbii qazdan əldə edilən gəlir 2,95 milyard dollar təşkil edib.
2022-ci ildə bu göstərici kəskin artaraq 12,1 milyard dollara yüksəlib. Bu isə əvvəlki illə müqayisədə 9,15 milyard dollar və ya 310,1% artım deməkdir.
2023-cü ildə gəlirlərdə nisbi azalma qeydə alınıb və ümumi həcm 11,41 milyard dollar olub. Bu, 2022-ci illə müqayisədə 0,69 milyard dollar və ya 5,7% azalma deməkdir.
2024-cü ildə təbii qazdan əldə edilən gəlirlərdə ciddi azalma qeydə alınıb. Belə ki, gəlir 6,08 milyard dollar təşkil edib ki, bu da 2023-cü illə müqayisədə 5,33 milyard dollar və ya 46,8% azalma deməkdir.
2025-ci ildə isə müəyyən bərpa tendensiyası müşahidə olunur. Cari ilin yanvar–sentyabr dövrü üzrə təbii qaz gəlirləri 6,7 milyard dollar olub. Bu, əvvəlki ilin eyni dövrü ilə müqayisədə 0,62 milyard dollar və ya 10,3% artım deməkdir.

2021–2025-ci illərdə yanvar–sentyabr ayları üzrə min kubmetr qazın ixrac dəyəri dəyişkən dinamika göstərib. 2021-ci ildə bu göstərici 197,7 dollar təşkil edib və dövrün ən aşağı qiymət səviyyəsi olub.
2022-ci ildə ixrac dəyəri kəskin yüksələrək 731,1 dollara çatıb. Bu artım Ukrayna–Rusiya müharibəsi fonunda enerji bazarındakı qeyri-sabitlik, Avropanın alternativ təchizat mənbələrinə yönəlməsi və Azərbaycan qazına tələbatın artması ilə izah olunur. Həmin dövrdə regional qiymət dəyişmələri ixrac dəyərinə birbaşa təsir göstərib.
2023-cü ildə qiymət 558,7 dollara enib. Bu, əvvəlki illə müqayisədə yumşalma olsa da, yenə də yüksək göstərici sayılır. 2024-cü ildə azalma daha da dərinləşib və ixrac dəyəri 324,3 dollara düşüb.
2025-ci ilin ilk doqquz ayı üzrə müəyyən bərpa meyli müşahidə edilir. Hər min kubmetr üçün ixrac qiyməti ötən ilin eyni dövrünə nisbətən 11,5 % artaraq 361,5 dollar olub. Artım qeydə alınsa da, ümumi dinamika əvvəlki pik illərlə müqayisədə daha aşağı səviyyədədir.

Son məlumatlara əsasən, 2025-ci ilin yanvar–sentyabr aylarında Azərbaycanın təbii qaz ixracının coğrafi bölgüsü əsasən iki ölkənin üzərində cəmləşib. Bu dövrdə ixracın ən böyük payı qardaş Türkiyəyə məxsus olub. Belə ki, Türkiyəyə 6,64 milyard kubmetr təbii qaz satılıb ki, bu da ümumi ixracın 40,3 faizini təşkil edir.
Azərbaycan qazının ikinci ən iri alıcısı İtaliya olub. Həmin ölkəyə 6,25 milyard kubmetr qaz ixrac edilib və bu göstərici ümumi ixrac strukturunda 38 faiz paya malikdir. Bununla da yalnız Türkiyə və İtaliya birlikdə Azərbaycanın qaz ixracının üçdə ikisindən çoxunu formalaşdırıb.
Qaz ixracının digər hissəsi region ölkələri arasında paylanıb. Gürcüstana 1,55 milyard kubmetr (9,4%), Bolqarıstana 1,23 milyard kubmetr (7,5%), Yunanıstana isə 0,6 milyard kubmetr (3,6%) qaz göndərilib. Siyahının sonuncu pilləsində Serbiya qərarlaşıb – bu ölkəyə 0,18 milyard kubmetr qaz ixrac olunub ki, bu da ümumi ixracın cəmi 1,18%-nə bərabərdir.
Ümumilikdə, statistik göstəricilər Azərbaycanın qaz ixracının əsasən Türkiyə və Avropa İttifaqı ölkələri üzrə cəmləşdiyini, ölkənin regional və qlobal enerji bazarlarında strateji rolunun getdikcə artdığını nümayiş etdirir.
.png)
Dövlət Statistika Komitəsinin məlumatlarına əsasən, 2025-ci ilin yanvar–sentyabr aylarında min kubmetr qazın orta ixrac dəyəri ölkələr üzrə əhəmiyyətli fərqlərlə xarakterizə olunur. Ən ucuz satış qiyməti Gürcüstan bazarında qeydə alınıb. Bu ölkəyə tədarük olunan min kubmetr qazın dəyəri cəmi 109,2 dollar təşkil edib.
Gürcüstanı Türkiyə izləyir. Bu istiqamətdə min kubmetr qazın orta ixrac dəyəri 273,5 dollar olub ki, bu da region üzrə daha sabit və nisbətən aşağı qiymət tendensiyasını əks etdirir.
Avropa ölkələrinə ixracda qiymətlərin daha yüksək olduğu müşahidə edilir. Belə ki, Bolqarıstan üçün min kubmetr qazın orta dəyəri 371,2 dollar, İtaliya üçün 501,3 dollar, Yunanıstan üçün isə 532,1 dollar təşkil edib.
Siyahının ən yüksək göstəricisi Serbiyaya məxsusdur. Bu ölkəyə ixrac olunan min kubmetr qazın orta qiyməti 559,5 dollar səviyyəsində müəyyən edilib.
Ümumilikdə, statistik mənzərə göstərir ki, Azərbaycanın qaz ixracında qiymət fərqləri əsasən regionlar üzrə enerji tələbi və Avropa bazarlarında formalaşan yüksək qiymət dinamikası ilə bağlıdır.
.png)