Avropanın Ermənistanla viza oyunu - ŞƏRH

Uzun müddətdir ki, Ermənistan hökumətinin gündəmində Avropa İttifaqına inteqrasiya əsas mövzulardan biridir. Cəmiyyət üçün isə ən vacib sual bir olaraq qalır: Avropaya vizasız səyahət nə vaxt mümkün olacaq? Əgər bu qərar tətbiq edilsə, qısa müddətdə ölkənin kütləvi şəkildə boşalacağı ehtimalı belə səsləndirilir. Lakin Paşinyan hökumətinin israrına baxmayaraq, Qərbdən hələlik vizasız rejimlə bağlı heç bir real siqnal yoxdur.
Son görüşlər də bunu təsdiqləyir. Avropa Komissiyasının Miqrasiya və Daxili İşlər üzrə baş direktorunun müavini Yohannes Luxner Yerevanda Ermənistanın daxili işlər naziri Arpine Sarkisyanla danışıqlarda yalnız viza qaydalarının sadələşdirilməsi paketini təqdim edib. Bu, illərdir davam edən, lakin nəticə verməyən vizasız səyahət danışıqlarının davamı idi. Brüssel isə Ermənistanın Avropa İttifaqı ilə real inteqrasiyaya hazır olmadığını bir daha göstərib.
Aİ-nin son genişlənmə sammitində Ermənistanın adının belə çəkilməməsi Brüsselin prioritetlərinin tam başqa olduğunu nümayiş etdirdi. Üstəlik, Ermənistan 2018-ci illə müqayisədə belə, Kopenhagen meyarları üzrə geriləmə göstərir. Buna görə də “vizasız rejim” yalnız Paşinyan hakimiyyətinin seçiciləri cəlb etmək üçün istifadə etdiyi siyasi ritorika olaraq qalır.
Brüssel rəsmi Yerevana hər görüşdə eyni mesajı verir: “Çox böyük işlər görməlisiniz.” Lakin bu diplomatik sözlərin arxasında daha açıq bir mövqe dayanır: Ermənistan Aİ-nin real gündəminə uyğun gəlmir. Qərb üçün bu proses siyasi təsir mexanizmidir, hədəf isə inteqrasiya yox, nəzarətin qorunmasıdır.
Əgər “Avropa qapıları” açılacaqsa, Ermənistan qarşısında yeni və daha sərt tələblərin qoyulacağı da istisna deyil. Bu mənzərə Yerevanın sonsuz şərtlər zəncirinə bağlandığını göstərir. Qərbin Ermənistan üçün yaratdığı bu proses nəticə əldə etməkdən daha çox, onu daim asılı vəziyyətdə saxlamağa xidmət edir.
Bütün bunlar fonunda ehtimal olunur ki, parlament seçkilərindən sonra Paşinyan hökuməti qələbə qazansa, Avropa ilə münasibətlərə yenidən baxa bilər. Çünki hazırkı kursun nə real inteqrasiya, nə də vizasız gediş-gəliş baxımından nəticə vermədiyi artıq açıq şəkildə görünür.
Hikmət Həsənov