Dünən

Azərbaycanda 9 min sayt niyə dayandı? - AÇIQLAMA

Noyabrın 18-də 9 mindən çox yerli saytın fəaliyyətinin dayanması məsələsinə sadəcə “Cloudflare problemi” kimi baxmaq düzgün deyil.

Təhlil.az xəbər verir ki, bu barədə “Proxima Cyber Security”nin təşkil etdiyi “Kibertəhlükəsizlik Günü”ndə Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin baş idarə rəisinin müavini Tural Məmmədov açıqlama verib.

Onun sözlərinə görə, baş verən insident ölkənin xarici xidmətlərdən, xüsusilə özəl sektorun isə xarici infrastrukturdan asılılığını açıq şəkildə göstərdi. Media resurslarının da fəaliyyətinin dayanması informasiya müharibəsinə hazırlıq səviyyəsinin daim diqqətdə saxlanılmalı olduğunun göstəricisi kimi qiymətləndirilib.

Məmmədov bildirib ki, son üç ildə bir sıra dövlət qurumlarında “Cloudflare” kimi trafikin xaricə daşınması praktikasına son qoyulub və mühafizə “AzStateNet” üzərindən lokal şəkildə təmin edilir. Bu müddət ərzində 457 dövlət obyektinin şəbəkə təminatı AzStateNet-ə keçirilib. Rəsmi qeyd edib ki, qlobal internetdə problem yaransa belə, dövlət informasiya ehtiyatları ölkədaxili infrastrukturlar üzərindən işləməyə davam edəcək.

O əlavə edib ki, güc strukturları və kritik infrastruktur obyektləri üçün yaradılmış xüsusi radiorabitə sistemləri mobil şəbəkələrdən asılı olmadan bütün ölkə ərazisində fasiləsiz fəaliyyət göstərir. Dövlət qurumlarında tətbiq olunan TİMS messenceri isə “WhatsApp”a alternativ olaraq xarici xidmətlərdən asılılığı minimuma endirir.

Məmmədov qeyd edib ki, yerli kibertəhlükəsizlik şirkətlərinin inkişafı ölkənin rəqəmsal suverenliyi və təhlükəsizlik ekosistemi üçün strateji əhəmiyyət daşıyır. Onun sözlərinə görə, görülən işlər geniş prosesin yalnız bir hissəsidir və bu istiqamətdə fəaliyyətlər davam etdiriləcək.

SORĞU

Parklanma yerləri

Yaşadığınız yerdə parklanma ilə bağlı vəziyyət necədir?