“Azərbaycanın gücü revanşı mümkünsüz edir” – İsveçli ekspert - RƏY

“Ermənistanın nə iqtisadi, nə siyasi, nə də insan potensialı var ki, Azərbaycanın öz torpaqlarını erməni işğalından azad etməsindən sonra revanş alsın”.
Bu fikirləri təhlil.az saytına İsveçin Yöteborq Universitetinin baş müəllimi, hüquq elmləri doktoru Kamal Makili-Əliyev açıqlamasında deyib.
O bildirib ki, parlament seçkilərində iştirak etmək istəyən Robert Köçəryan və Serj Sarkisyan hər zaman millətçi mövqedə olublar və bu gün də bu xətti davam etdirirlər:
“Ermənistanın keçmiş liderlərinin əlləri dirsəklərinə qədər qana batıb. Onlar hələ də Azərbaycan torpaqlarının işğalı ideyasını beynində gəzdirirlər. Lakin artıq onların imkanları dəyişib və bu gün hakimiyyətdə deyillər. Hətta nəzəri olaraq yenidən hakimiyyətə qayıtsalar belə, Ermənistanın revanşizm üçün iqtisadi, siyasi və insan resursları yoxdur”.
Ekspert bildirib ki, vaxtilə Azərbaycan torpaqlarının uzun müddət işğal altında qalmasına bir çox amillər təsir edib:
“Biz daim revanshistlərdən danışırıq. Bəs revanşizm nəyə əsaslanır? Ermənistan həmin dövrdə SSRİ-nin dağılması nəticəsində Azərbaycanın tam siyasi tənəzzül dövrünə düşməsindən istifadə etdi. Qərb dünyası isə erməni lobbisinin təsiri ilə Ermənistanı dəstəkləyir, Bakının ədalətli və beynəlxalq hüquqa əsaslanan mövqeyinə məhəl qoymurdu.
BMT Təhlükəsizlik Şurasının Azərbaycanın işğal olunmuş əraziləri ilə bağlı qəbul etdiyi dörd qətnamə də kağız üzərində qaldı və icra edilmədi. Bunun əvəzinə Fransa və digər ölkələr beynəlxalq ictimaiyyəti BMT əvəzinə əvvəlcədən təsirsiz olan ATƏT-in prosesə cəlbinə inandırdılar.
ATƏT isə danışmaqdan başqa real heç nə edə bilmirdi. Ermənistan da bu amildən məharətlə yararlandı. Bunlar İrəvanın xeyrinə işləyən çox ciddi faktorlardı”.
Kamal Makili-Əliyevin sözlərinə görə, bu gün vəziyyət tamamilə dəyişib:
“Bu gün dünya köklü şəkildə dəyişib. 1990-cı illərdə mövcud olan situasiya artıq yoxdur. Son onilliklərdə Azərbaycan sürətlə güclənib, iqtisadi və hərbi cəhətdən inkişaf edib. Ermənistan isə əksinə demoqrafik və iqtisadi cəhətdən zəifləyib. Ermənistanın siyasəti onu daim hansısa gücə bağlayıb və asılı vəziyyətə salıb. Buna görə də bu gün İrəvanın revanşizm üçün heç bir potensialı yoxdur və yaxın illərdə də olmayacaq”.
Ekspert əlavə edib ki, 2026-cı ildə keçiriləcək parlament seçkilərinin nəticəsindən asılı olmayaraq, Ermənistan özünü elə ağır vəziyyətə salıb ki, revanşist planlar düşünmək belə onlar üçün mümkün deyil.
Rasim Babayev