Bu gün

Amerika Ukraynada yeni siyasi fiqur axtarır? - ŞƏRH

Ukraynanın sabiq Baş naziri Nikolay Azarov son günlər diqqətçəkən iddia ilə çıxış edib. Onun sözlərinə görə, ABŞ administrasiyası Ukrayna Prezidenti Volodimir Zelenskini əvəzləyə biləcək siyasi fiqur axtarışındadır. Azarov bildirir ki, buna səbəb həm cəbhə xəttindəki uğursuzluqlar, həm də ölkə daxilində dərinləşən korrupsiya qalmaqallarıdır. Bu bəyanat həm Ukrayna siyasətinin daxili dinamikasını, həm də Vaşinqtonun Kiyevlə münasibətlərini yenidən gündəmə gətirib. Nikolay Azarov iddia edir ki, artıq yarım ildir Vaşinqton Ukraynadan müəyyən siyasətçiləri müxtəlif formatlarda qəbul edir və onların seçkilərdən sonra ölkəni idarə edə biləcək potensialını qiymətləndirir. Bu görüşlərin məqsədi isə alternativ rəhbər formalaşdırmaqdır. Azarovun Yanukoviç hakimiyyətinin əsas fiqurlarından biri və rusiyapərəst xəttin nümayəndəsi olması onun bu iddiasının motivləri barədə suallar yaradır. Lakin bu, onun iddialarının siyasi analiz üçün əhəmiyyətsiz etmir.

ABŞ Ukraynanın əsas müttəfiqidir. Bu səbəbdən Kiyevdəki siyasi sabitlik Vaşinqton üçün strateji əhəmiyyət daşıyır. Hazırda ABŞ administrasiyasını narahat edən bir neçə faktor mövcuddur. Onlardan birincisi son aylarda Zelenskinin yaxın çevrəsində bir sıra korrupsiya qalmaqallarının baş verməsidir. Enerji sektoru, müdafiə xərcləri və dövlət satınalmaları ilə bağlı araşdırmalar Zelenski komandasına ciddi reputasiya zərbəsi vurub. Anti-korrupsiya institutlarının zəiflədilməsi cəhdləri də Qərbdə narahatlıq yaradıb. Bu vəziyyət, yəni milyardlarla dollar yardımın şəffaf şəkildə xərclənməməsi ABŞ üçün risklidir. Bu kimi hallar Vaşinqtonda siyasi mübahisələr yaradır. Cəbhədə Ukraynanın istədiyi nəticələri əldə etməməsi, Rusiyanın son aylarda müəyyən istiqamətlərdə irəliləməsi də Zelenski hakimiyyətinin hərbi qərarlarını tənqid obyektinə çevirib. Görünür, Qərb analitikləri Ukraynanın müdafiə strategiyasında dəyişiklik ehtiyacını müzakirə edirlər. Böyük ehtimal ki, Vaşinqton üçün strateji planlama yalnız mövcud liderlə iş aparmaq deyil, həm də alternativ potensial liderləri tanımaq, münasibət qurmaq, böhran vəziyyətində siyasi vakuum yaranmasına imkan verməməkdir. Bu, Zelenskini devirmək niyyəti deyil, daha çox siyasi sığorta və gələcəyə hazırlıqdır.

Zelenski hökumətinin reputasiya itkiləri realdır. Korrupsiya faktlarının beynəlxalq mətbuatda geniş işıqlandırılması Qərbdə narahatlıq yaradıb. Digər tərəfdən ABŞ-nin Ukraynada alternativ siyasi fiqurlarla görüşlər keçirməsi tamamilə mümkündür və diplomatik praktikaya uyğundur. Belə olan halda müharibənin uzanması Vaşinqtonun yeni strategiya axtarışına səbəb ola bilər. Onu da nəzərə almaq lazımdır ki, Azarovun siyasi mövqeyi və təbliğat dili onu Ukraynanın legitim siyasi kursuna qarşı duran fiqur kimi göstərir. ABŞ-nin Zelenskini aktiv şəkildə əvəzləmək istəməsi çoxriskli addımdır və müharibə şəraitində siyasi dağınıqlıq yarada bilər. Həmçinin Ukrayna Konstitusiyası və fövqəladə vəziyyət şəraiti lider dəyişikliyini mürəkkəbləşdirir. Ukraynada hazırkı şəraitdə Zelenskini əvəz edə biləcək güclü, konsensus yaradan fiqur yoxdur. Lakin yeni namizədlərlə dialoq Zelenski hakimiyyəti üçün açıq mesajdır. Yəni korrupsiya və idarəçilik problemləri davam edərsə, Qərbin dəstəyi zəifləyəcək.

O da qeyd edilməlidir ki, Azarovun iddiası Rusiyanın informasiya müharibəsinin bir parçası olaraq Qərb-Ukrayna münasibətlərini zəiflətmək məqsədi daşıya bilər. Lakin iddiaların həqiqi siyasi plan kimi təqdim olunması hələlik əsaslı görünmür. Çünki Ukraynanın taleyi yalnız Zelenski və ya ABŞ tərəfindən deyil, həm də cəmiyyətin, ordunun və regional geosiyasətin yeni mərhələsinə uyğun formalaşacaq.

MTM Analitik Qrupu 

SORĞU

Parklanma yerləri

Yaşadığınız yerdə parklanma ilə bağlı vəziyyət necədir?