Əhalinin banklara inamı kredit bazasını 20,8 milyarda çatdırdı

Bu ilin yanvar–oktyabr ayları üzrə Azərbaycan bank sektorunun kreditləşdirmə potensialı 20,8 milyard manat təşkil edib.
Təhlil.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov Milli Məclisdə 2026-cı il dövlət büdcəsinin müzakirəsi zamanı məlumat verib.
Taleh Kazımov bildirib ki, bank sektorunun öhdəlikləri 10 ay ərzində 6 % artaraq 49,2 milyard manata yüksəlib. Öhdəliklərin 73,3 %-i depozitlərdən formalaşır və onların 15,5 milyard manatı əhalinin əmanətləridir.
Mərkəzi Bank sədrinin sözlərinə görə, əhalinin əmanətləri il ərzində 8,7 %, müddətli əmanətlər isə 15 % artıb. Son üç ildə müddətli əmanətlər üzrə orta illik artım 22 % təşkil edib. Bu artım həm əhalinin sosial rifahının yüksəldiyini, həm də bank sektoruna güclü etimadın formalaşdığını göstərir.
Taleh Kazımov qeyd edib ki, artan əmanətlər bankların dayanıqlı resurs bazasını gücləndirir və iqtisadiyyatda nağd dövriyyənin məhdudlaşdırılmasına müsbət təsir göstərir.