Tailand ABŞ–Çin savaşının yeni döyüş meydanına çevrilir - ŞƏRH

Sakit okean regionunda ABŞ və Çin arasında artan geosiyasi qarşıdurma bölgə ölkələrini böyük güclərin rəqabətinə daha dərindən cəlb edir. Son aylarda Tailand–Kamboca sərhədindəki gərginlik bunun ən bariz nümunəsidir. Yerli xarakterli münaqişə qlobal güclərin təsiri ilə regional balansı dəyişdirən siyasi alətə çevrilib.
İyul ayında Tailand–Kamboca sərhədində baş verən hərbi əməliyyatlar ABŞ Prezidenti Donald Trampın təzyiqi ilə dayandırılıb. Bundan sonra Vaşinqton Tailandla tarif danışıqlarını dondurub və Banqkoka qarşı sərt mövqe nümayiş etdirib. Tailandın Baş naziri Anuthin Çanvirakun isə açıqlamasında tarif danışıqlarının artıq onun üçün önəm daşımadığını və sərt cəza tətbiq edilərsə, ölkənin alternativ tərəfdaşlara üz tutmağa hazır olduğunu bildirib.
Bu gərginliyin fonunda Tailand kralı X Rama Çinə beşgünlük gözlənilməz səfərə yollanıb. Rəsmi izahda səfərin iki ölkə arasında diplomatik münasibətlərin 50 illiyinə həsr olunduğu bildirilsə də, Pekinlə iqtisadi və təhlükəsizlik sahəsində gizli danışıqların aparıldığı ehtimal olunur. Bu səfər kralın 2016-cı ildən bəri cəmi ikinci xarici səfəridir və ABŞ üçün siyasi mesaj daşıdığı açıq görünür.
Vaşinqton isə qarşı addım olaraq Tailandın ticarət güzəştləri əldə etməsinə imkan verən tarif estafetini ləğv edib. ABŞ administrasiyası Banqkoka bildirib ki, danışıqlar yalnız Tailand Kamboca ilə atəşkəsə sadiqliyini təsdiqlədikdən və Kuala Lumpurda imzalanmış birgə bəyannamə çərçivəsində əməkdaşlığa qayıtdıqdan sonra bərpa olunacaq.
Banqkok isə cavabında sərhəd təhlükəsizliyi məsələlərinin ABŞ-la ticarət dialoqundan ayrı müzakirə edilməli olduğunu bildirib. Maraqlıdır ki, bir neçə gün əvvəl Baş nazir özünün tarif danışıqlarına maraqlı olmadığını demişdi.
Hazırkı vəziyyət Tailandın mürəkkəb geosiyasi oyun oynadığını göstərir. Ölkə həm Çinlə yaxınlaşır, həm də ABŞ-la münasibətləri tam qoparmaq istəmir. Tramp administrasiyasının taktiki yanaşması isə Tailand–Kamboca sərhədində real həll yaratmaqdan çox, geosiyasi təsir mexanizmlərini gücləndirməyə yönəlib.
Bütün bu proseslər ABŞ–Çin rəqabətinin Sakit okeanda daha da kəskinləşdiyini, region ölkələrinin isə böyük güclərin təsiri altında manevr etməyə məcbur qaldığını göstərir.
Hikmət Həsənov