Azərbaycan beynəlxalq fikir məkanında liderliyini gücləndirir - TƏHLİL

Azərbaycanın son illərdə irəli sürdüyü çoxşaxəli təşəbbüslər, həyata keçirdiyi strateji layihələr və təşviq etdiyi dialoq platformaları ölkəmizin beynəlxalq arenada həm də intellektual müzakirələr məkanına çevrilməsini təmin edib. Respublikamızın təşəbbüsü ilə ilk dəfə 2008-ci ildə qəbul edilmiş “Mədəniyyətlərarası dialoqun təşviqinə dair Bakı Bəyannaməsi”ndə İslam və Qərb sivilizasiyaları, eləcə də müxtəlif xalqlar və mədəniyyətlər arasında dialoqun inkişafı məqsədilə irəli sürülən “Bakı Prosesi” təşəbbüsü geniş dəstək qazanıb. Bununla da paytaxtımızda müxtəlif beynəlxalq tədbirlərin keçirilməsi xoş ənənəyə çevrilib.
Rəsmi Bakı təkcə region deyil, ümumən dünya üçün əhəmiyyətli və aktual mövzularda müzakirələrin təşkili baxımından əlverişli platforma formalaşdırmağa nail olub. Fərqli formatlı beynəlxalq tədbirlərin Bakıda keçirilməsi Azərbaycanın bu cür mötəbər toplantılar üçün həm infrastruktur, həm təhlükəsizlik, həm də təşkilati mühit baxımından yetkin olduğunu nümayiş etdirir. Bu statusu formalaşdıran əsas elementlər sırasında ictimai-siyasi sabitlik, maliyyə imkanları, müasir şəhər infrastrukturu, tolerant mühit və peşəkar təşkilatçılıq xüsusilə fərqlənir.
Paytaxtda keçirilən Azərbaycan–ABŞ beyin mərkəzlərinin Birinci Bakı Forumunda müzakirə olunan məsələlər də məzmun və aktuallığı ilə diqqət çəkir. Forum dövlətlərarası dialoqun təkcə diplomatik masada deyil, həm də ekspert və analitik müzakirə platformalarında formalaşdığını göstərir. Bu cür tədbirlər ikitərəfli və çoxtərəfli münasibətlərin inkişafında intellektual körpü rolunu oynayır, geosiyasi proseslərin realist və praqmatik təhlilinə şərait yaradır. Mütəmadi olaraq ölkəmizdə belə forumların keçirilməsi onu deməyə imkan verir ki, Azərbaycan regionun enerji və tranzit mərkəzi olmaqla yanaşı, qlobal problemlərin həllinə analitik-intellektual baxışın formalaşmasında da aktiv mövqeyə malikdir.
Azərbaycan–ABŞ beyin mərkəzlərinin Birinci Bakı Forumunun əhəmiyyəti həm də ondadır ki, dünyada artan geosiyasi ziddiyyətlər fonunda ölkəmiz sülhü, dialoqu və barışı təşviq edən müzakirələrə ev sahibliyi edir. Azərbaycan bu gün yalnız öz milli maraqlarını qətiyyətlə müdafiə edən dövlət deyil, həm də qlobal intellektual düşüncəyə töhfə verən, müxtəlif fikirləri bir masa arxasında toplaya bilən fəal aktor kimi çıxış edir.
Tədbir çərçivəsində keçirilən “Vaşinqton sammitinin qiymətləndirilməsi: ABŞ–Azərbaycan münasibətlərinə təsirləri” adlı panel xüsusi əhəmiyyət daşıyır. ABŞ-la Azərbaycan arasında münasibətlər 2025-ci il avqustun 8-də Vaşinqtonda keçirilmiş tarixi görüşdən və imzalanmış razılaşmalardan sonra yeni strateji mərhələyə daxil olub. Prezident İlham Əliyevin səfəri çərçivəsində imzalanmış sənədlər iki ölkə arasında Co Bayden Administrasiyası dövründə yaranmış soyuqluğun və ziddiyyətlərin aradan qaldırılmasına, qarşılıqlı etimadın bərpasına şərait yaradıb. Bu sənədlər həm ikitərəfli münasibətlərin, həm də Cənubi Qafqazın gələcək geosiyasi arxitekturasının formalaşması baxımından mühüm rol oynayır.
Prezident İlham Əliyevin ABŞ-yə son səfəri yalnız münasibətlərin normallaşması və strateji tərəfdaşlığın dərinləşməsi ilə yekunlaşmayıb, həm də Ermənistanla sülh prosesinin irəliləməsinə, Zəngəzur dəhlizinin reallaşmasını nəzərdə tutan tarixi sənədlərin imzalanmasına imkan yaradıb. Bu razılaşmalar regionda sabitliyin təmin olunması baxımından da dönüş nöqtəsi sayılır.
Vaşinqton görüşünün nəticələri həm ABŞ–Azərbaycan, həm də Azərbaycan–Ermənistan münasibətlərinin sivil məcraya yönəlməsinə və qarşılıqlı etimadın artmasına şərait yaradıb. Yekun Sülh Sazişinin paraflanması və TRIPP yolunun – “Trampın Beynəlxalq Sülh və Rifah Marşrutu”nun çəkilməsini, Naxçıvanla Azərbaycanın əsas hissəsi arasında maneəsiz keçidi təmin edən razılaşmaların əldə olunması Donald Tramp Administrasiyasının region proseslərinə obyektiv və rasional yanaşması nəticəsində mümkün olub. Forumda bu dəhliz Azərbaycan, Türkiyə, Mərkəzi Asiya ilə yanaşı, Avropa İttifaqı və ABŞ üçün də logistika, enerji təhlükəsizliyi və geosiyasi balans baxımından strateji layihə kimi qiymətləndirilib.
Azərbaycan–ABŞ beyin mərkəzlərinin Birinci Bakı Forumu qlobal təhlükəsizlik arxitekturasının yenidən qurulduğu bir dövrdə iki ölkə arasındakı münasibətlərin yeni mərhələsini təhlil etmək, qeyri-müəyyənlikləri müəyyənləşdirmək və əməkdaşlıq imkanlarını dəyərləndirmək üçün mühüm platformadır. Bu cür intellektual müzakirələr ölkəmizin beynəlxalq imicini gücləndirir, Azərbaycanın yalnız regional güc deyil, həm də qlobal fikir mərkəzi kimi tanınmasına xidmət edir.
MTM Analitik Qrupu