“Tramp marşrutu” regionda çoxqütblü əməkdaşlıq modelinə keçidin göstəricisidir - ŞƏRH

Ermənistan və ABŞ arasında “Beynəlxalq sülh və rifah naminə Tramp Marşrutu” (TRIPP) çərçivəsində əldə olunan razılaşmaların icrasına başlanması Cənubi Qafqazda geosiyasi dinamikanın növbəti dəfə yenidən formalaşmasının əlaməti kimi dəyərləndirilir. Bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyanla ABŞ Dövlət Departamentinin siyasi məsələlər üzrə müavini Ellison Huker arasında baş tutan görüşdə bildirilib. Təqdim edilən çərçivə bölgədə sülh, iqtisadi inkişaf və kommunikasiyaların açılması baxımından yeni imkanlar yaradır və bir sıra strateji nəticələr doğurur.
“Tramp marşrutu” formal olaraq Ermənistan və ABŞ arasında çoxşaxəli əməkdaşlıq platforması kimi təqdim edilsə də, mahiyyət etibarilə Vaşinqtonun Cənubi Qafqaza geoiqtisadi və geosiyasi dönüşünü ifadə edir. Bu çərçivədə razılaşmaların icrasına başlanması ABŞ-nin regionda nüfuzunu artırmaq, Rusiya və İranın təsir imkanlarını məhdudlaşdırmaq, Ermənistanın təhlükəsizlik və iqtisadi asılılığını şaxələndirmək kimi strateji məqsədlərə xidmət edir. Hukerin Paşinyanla görüşdə “ticarət, investisiya, infrastruktur, regional kommunikasiyalar və təhlükəsizlik sahələrində əməkdaşlığın dərinləşdirilməsi”ni vurğulaması ABŞ-nin regiona təkcə siyasi deyil, həm də iqtisadi alətlərlə qayıtdığını göstərir.
Ellison Hukerin xüsusi vurğuladığı məqamlardan biri də ABŞ-nin Ermənistan və Azərbaycan arasında hərtərəfli sülh sazişi prosesində əldə olunan irəliləyişləri təqdir etməsidir. ABŞ-nin bölgədə sülh quruculuğunu dəstəkləməsi həm də “Tramp marşrutu”nun uğuru üçün əsas şərtlərdən biri sayılır. Çünki sülh olmadan regional ticarət marşrutlarının açılması mümkün deyil. Digər tərəfdən Ermənistanın kommunikasiyalara qoşulması ABŞ-ın Cənubi Qafqaz-Qara dəniz-Avropa xətti üzrə strateji planlarına uyğun gəlir. Bununla yanaşı, Azərbaycanla reallığa əsaslanan münasibət də Ermənistan üçün təhlükəsizlik balansı yarada bilər. Bu mənada “Tramp marşrutu” yalnız iki ölkənin razılaşması deyil, bütövlükdə Cənubi Qafqazda çoxqütblü əməkdaşlıq modelinə keçidin göstəricisidir.
Hukerin səsləndirdiyi fikirlərdən biri də Türkiyə ilə münasibətlərin normallaşmasının “Tramp marşrutu”nun funksionallığında mühüm rol oynaya bilməsidir. Bu yanaşma bir neçə strateji xətti ehtiva edir. Birincisi, Ermənistanla sərhədlər açılır, Qars-İrəvan xətti bərpa olunur, regionun ticarət və logistika xəritəsi yenidən formalaşır. İkincisi də Türkiyə və Ermənistan vasitəsilə yeni iqtisadi dəhliz yaradılır. ABŞ bu proseslə Rusiyanın Ermənistan üzərindəki sıx nəqliyyat nəzarətini zəiflətməyə, İran marşrutlarının alternativini yaratmağa, Avropa-Cənubi Qafqaz-Mərkəzi Asiya inteqrasiyasını gücləndirməyə nail olur.
Onu da nəzərə almalıyıq ki, ABŞ-nin Ermənistanla yaxınlaşması Moskvanın sərt reaksiyasına səbəb ola bilər. Hələ ki, Ermənistanın KTMT və digər strukturlardakı gələcək mövqeyi sual altındadır. ABŞ-nin regionda təsirinin artması Tehran üçün strateji təhdid sayılır. Bütün bunlara baxamayaraq, “Tramp marşrutu” Cənubi Qafqazda yeni geosiyasi mərhələnin başlanğıcıdır. Çünki bu marşrutun açılması regionda iqtisadi inteqrasiya, sülh təşəbbüsləri, geosiyasi tarazlıq, yeni nəqliyyat-kommunikasiya xətləri üçün geniş perspektivlər yaradır. Bununla belə layihənin real uğuru Ermənistan-Azərbaycan sülhünün əldə olunmasından, Türkiyə ilə münasibətlərin normallaşmasından və Ermənistanın ABŞ-Rusiya arasında balansı necə quracağından birbaşa asılı olacaq.
MTM Analitik Qrupu