Rano Tursunova: “Azərbaycan Mərkəzi Asiya üçün etibarlı tərəfdaşdır” - AÇIQLAMA

Azərbaycanın Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Görüşünə tamhüquqlu üzv kimi qəbul edilməsi tarixi hadisədir və region əməkdaşlığında yeni mərhələnin başlanğıcını qoyur.
Bu fikri təhlil.az saytına Ümumdünya İqtisadiyyat və Diplomatiya Universitetinin (Daşkənd) politologiya kafedrasının professoru, tarix elmləri doktoru Rano Tursunova açıqlamasında bildirib.
O bildirib ki, Mərkəzi Asiya formatında keçirilən yeddinci Məşvərət Görüşü öncədən böyük maraqla gözlənilirdi:
“Prezident İlham Əliyev ənənəvi olaraq görüşə fəxri qonaq kimi dəvət olunmuşdu. Lakin formatın beş ölkədən altıya genişləndirilməsi və Azərbaycanın tamhüquqlu tərəfdaş kimi daxil edilməsi informasiya məkanında böyük rezonans yaratdı. Bu qərarla Bakı Mərkəzi Asiya ailəsinin tamhüquqlu üzvü oldu”.
R.Tursunova Azərbaycanın üzvlüyünün həm iqtisadi, həm geosiyasi, həm də humanitar baxımdan xüsusi əhəmiyyət kəsb etdiyini vurğulayıb:
“Bu gün Azərbaycan Mərkəzi Asiyanın bütün ölkələri ilə səmimi və isti münasibətlər qurub. Bu, təsadüfi deyil. Ölkələrimiz ən vacib məsələlərin həlli üçün siyasi iradə nümayiş etdirir və iqtisadi baxımdan bir-birini qarşılıqlı tamamlayır”.
Professor Özbəkistanın nəqliyyat dəhlizlərinin inkişafında maraqlı olduğunu xatırladıb:
“Hazırda Azərbaycan Mərkəzi Asiyanı Avropa ilə birləşdirən əsas nəqliyyat və ticarət qovşağı kimi qiymətləndirilir. Transxəzər dəhlizinin tam şəkildə reallaşacağına əminik. Enerji sahəsində də çoxlu aktual məsələlər mövcuddur. Azərbaycan enerji resurslarının tranziti baxımından güclü geosiyasi potensiala malikdir”.
Onun sözlərinə görə, Bakı Özbəkistana faydalı qazıntı yataqlarının axtarışı və inkişafı sahəsində dəstək göstərə bilər:
“Formatın altı ölkəyə genişlənməsi təsadüfi deyil. Bu gün qarşılıqlı maraqlar və etibarlı münasibətlər mövcuddur. Ölkələrimiz beynəlxalq arenada bir-birini tamamlayır.”
Professor əlavə edib ki, Azərbaycan alternativ enerji sahəsində də Özbəkistana mühüm dəstək verə bilər:
“Zəngəzur dəhlizinin reallaşması Mərkəzi Asiya ölkələri üçün böyük fayda gətirəcək. Bundan sonra biz Bakı ilə daha sıx əməkdaşlıq edəcəyik. Azərbaycan çox etibarlı tərəfdaşdır”.
Sonda o, Prezident İlham Əliyevin Türk Dövlətləri Təşkilatının Qəbələdə keçirilən sammitində irəli sürdüyü təşəbbüsün əhəmiyyətini qeyd edib:
“Türk dünyasının birgə hərbi təlimlər keçirilməsi çox vacib təşəbbüsdür. Müasir turbulent dünyada qlobal təhlükəsizlik məsələləri əsas prioritetdir”.
Rasim Babayev