Tamştatlı müəllim modeli 2027-dən əvvəl tətbiq olunmayacaq - RƏSMİ

Azərbaycanda təhsil sistemində nəzərdə tutulan “tamştatlı müəllim” konsepti yaxın iki il ərzində reallaşdırılmayacaq.
Təhlil.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev jurnalistlərə açıqlamasında bildirib.
Onun sözlərinə görə, yeni model hazırda yalnız konseptual mərhələdədir və prosesin əsas məqsədi müəllim əməyinin mahiyyətini düzgün şəkildə formalaşdırmaqdır.
Nazir qeyd edib ki, hazırkı saat hesabı ödəniş sistemi qalacaq, lakin paralel olaraq alternativ mexanizm üzərində iş aparılır:
“Biz indi konseptual mərhələdəyik. Mövcud saat hesabı sistem saxlanılsa da, tamştatlı müəllim konseptinin Azərbaycan məktəblərinə gətirilməsi üzərində işləyirik. Məqsədimiz müəllimin məktəbin tamhüquqlu üzvü olduğunu hiss etdirməkdir. Əsas sual budur: yeni hesablanma mexanizmini niyə tətbiq edirik və bununla hansı problemi həll etmək istəyirik?”
Əmrullayev bildirib ki, yeni model müəllimlərin tədris prosesində daha stabil və davamlı iştirakına, məktəb daxilində öhdəlik və məsuliyyətlərin aydın şəkildə bölünməsinə xidmət edəcək.
Qeyd edək ki, tamştatlı müəllim konsepti əməkhaqqı mexanizminin sadələşdirilməsi, müəllimin pedaqoji fəaliyyətinin daha şəffaf qiymətləndirilməsi və məktəbdaxili fəaliyyətin gücləndirilməsi kimi hədəfləri özündə birləşdirir.
Yeni sistemin tətbiqi üçün hazırlıq işlərinin 2027-ci ilə qədər davam edəcəyi gözlənilir.