Zəngəzurun geosiyasi effekti: Regionda güc balansını dəyişən Azərbaycan modeli - TƏHLİL

Cənubi Qafqaz regionunun tranzit potensialının gücləndirilməsi istiqamətində mühüm təşəbbüslərlə çıxış edən Azərbaycan son illərdə Mərkəzi Asiya ölkələri ilə münasibətlərini keyfiyyətcə yeni mərhələyə qaldırmağa nail olub.
Bu siyasətin əsas məqsədi nəqliyyat-kommunikasiya qovşaqlarını əlaqələndirmək, yükdaşımaların məsafə və zaman baxımından rentabelliyini artırmaq, regional geosiyasi risklərdən sığortalanmaq və Avrasiyada dayanıqlı tranzit şəbəkəsi formalaşdırmaqdır.
Azərbaycan Prezidenti İlham Əliyevin Özbəkistanın Milli İnformasiya Agentliyinə (UzA) verdiyi müsahibədə Zəngəzur dəhlizinin (Beynəlxalq Sülh və Rifah naminə Tramp marşrutu) Mərkəzi Asiya və Cənubi Qafqaz üçün yaradacağı iqtisadi və geosiyasi üstünlükləri xüsusi vurğulaması ölkəmizin regional nəqliyyat siyasətinin strateji mahiyyətini bir daha göstərir. Prezidentin qeyd etdiyi kimi, Azərbaycanın son 20 ildə qurduğu müasir logistika infrastrukturu təkcə ölkəmizin tranzit imkanlarını genişləndirmir, həm də Orta Asiya dövlətlərini Avropa bazarlarına daha qısa, təhlükəsiz və səmərəli marşrutlarla birləşdirən yeni geoiqtisadi xətt yaradır. Bu mənada Zəngəzur dəhlizinin Avrasiyada inteqrasiya proseslərinə böyük təkan verəcəyi şübhəsizdir.
Azərbaycanın güclü ticarət donanması, yükaşırma gücü 25 milyon tona çatacaq Ələt Beynəlxalq Ticarət Limanı, Bakı–Tbilisi–Qars dəmir yolu, doqquz beynəlxalq hava limanı ölkəmizi qlobal daşımalar xəritəsində əsas tranzit mərkəzlərindən birinə çevirib. Bu infrastruktur regionun logistika cəlbediciliyini artırmaqla yanaşı, Zəngəzur dəhlizinin işə düşməsi ilə vahid sistemə inteqrasiya olunaraq daha çevik və dayanıqlı tranzit məkanının formalaşmasına səbəb olacaq.
Zəngəzur dəhlizi, eyni zamanda, Çin–Mərkəzi Asiya–Xəzər–Cənubi Qafqaz–Avropa marşrutunu birləşdirən Orta Dəhlizin əsas həlqələrindən biridir. Son illərdə qlobal ticarət marşrutlarında qeyri-sabitlik və geosiyasi gərginliklərin artması bu dəhlizin əhəmiyyətini daha da artırıb. Azərbaycan bu prosesdə Özbəkistan başda olmaqla bütün Mərkəzi Asiya ölkələri üçün etibarlı tranzit tərəfdaşına çevrilir.
Region ölkələri üçün əsas çağırışlardan biri ixrac yollarının şaxələndirilməsi və dünya bazarlarına çıxışın etibarlı təminatıdır. Zəngəzur dəhlizinin açılması ilə Mərkəzi Asiyadan daşınan yüklər Xəzər vasitəsilə Azərbaycana, buradan isə Naxçıvan və Türkiyə üzərindən Avropaya ən qısa və səmərəli marşrutla çatdırılacaq. Bu, xərcləri azaldacaq, daşımaların vaxtını qısaldacaq və Avrasiya iqtisadi zəncirinə inteqrasiyanı gücləndirəcək.
Prezident İlham Əliyevin qeyd etdiyi kimi, Azərbaycan və Özbəkistan arasında nəqliyyat sahəsində əməkdaşlıq təkcə iki ölkənin maraqlarını deyil, bütövlükdə Avrasiya məkanında yeni iqtisadi arteriyanın formalaşmasını əhatə edir. Zəngəzur dəhlizi Şərq-Qərb və Şimal-Cənub nəqliyyat xəttlərini birləşdirən çoxşaxəli tranzit qovşağına çevriləcək. Bu, Mərkəzi Asiya məhsullarının Avropaya, Avropa texnologiyalarının isə Orta Asiyaya çıxışını sürətləndirəcək və region ölkələrinin idxal-ixrac balansını yaxşılaşdıracaq.
Bu dəhliz Türk Dövlətləri Təşkilatı çərçivəsində iqtisadi inteqrasiyanın dərinləşməsinə, Azərbaycan–Türkiyə–Özbəkistan əməkdaşlığının daha səmərəli olmasına şərait yaradır. Bundan əlavə, dəhlizin fəaliyyəti Cənubi Qafqazda iqtisadi maraqların üstünlük təşkil etdiyi yeni əməkdaşlıq mexanizmlərini formalaşdıracaq və regional sülh gündəliyini möhkəmləndirəcək.
Zəngəzur dəhlizinin ən böyük strateji üstünlüyü odur ki, Azərbaycan bu marşrut vasitəsilə Orta Asiya ilə Avropa arasında çevik logistik körpüyə çevriləcək və təkcə tranzit ölkə deyil, həm də xidmət ixrac edən regional logistika mərkəzi statusunu daha da gücləndirəcək.
Qeyd edilənlər Zəngəzur dəhlizinin təkcə Azərbaycan üçün deyil, bütün türk dövlətləri və Mərkəzi Asiya üçün strateji əhəmiyyətini aydın şəkildə göstərir.
MTM Analitik Qrupu