Bu gün

Reallıqla barışıq: Paşinyanın “Qarabağsız” strategiyası - ŞƏRH

Ermənistanın Baş naziri Nikol Paşinyanın seçki platformasında “Qarabağ” sözünə ilk dəfə rast gəlinmir. Bu, Ermənistan siyasətində uzun illərdir “milli ideologiya” səviyyəsinə qaldırılmış bir anlayışın siyasi gündəmdən çıxarılması deməkdir. Əslində, bu fakt təkcə platforma yeniliyi deyil, həm də Ermənistanın siyasi təfəkküründə və regional mövqeyində dönüş nöqtəsi kimi qiymətləndirilə bilər.

1990-cı illərdən etibarən Ermənistanın daxili və xarici siyasəti “Qarabağ” ideyası üzərində qurulmuşdu. İstər Robert Köçəryan, istərsə də Serj Sarkisyan dövründə “Qarabağ klanı” hakimiyyətin əsas dayağı sayılırdı. Seçki kampaniyaları da məhz bu mövzu üzərindən aparılır, seçicilər emosional şəkildə yönləndirilirdi. Lakin 2020-ci il Vətən müharibəsindən sonra yaranan yeni reallıq bu “kartın” artıq siyasi dəyərini itirdiyini göstərdi. Azərbaycanın ərazi bütövlüyünü tam bərpa etməsi və suverenliyini bütün Qarabağ ərazisində təmin etməsi Ermənistanın bu istiqamətdə manevr imkanlarını sıfıra endirib.

Beləliklə, Paşinyanın “Qarabağsız Ermənistan” platforması həm daxili siyasi, həm də regional reallığın qaçılmaz nəticəsi kimi meydana çıxıb.

Paşinyanın bu addımı Ermənistanda həm tənqid, həm də təqdir doğurub. Mühafizəkar dairələr onu “milli maraqlardan imtina etməkdə” ittiham edirlər. Amma reallıqda bu yanaşma Ermənistan siyasətində populizmdən realizmə keçidin təzahürüdür. Paşinyan artıq anlayır ki, Ermənistanın gələcəyi Qarabağ iddiası ilə deyil, iqtisadi, diplomatik və regional inteqrasiya strategiyaları ilə təmin edilə bilər. Bu, onun “sülh və sabitlik” ritorikasının əsasını təşkil edir. Baş nazir yaxşı dərk edir ki, uzunmüddətli inkişaf ancaq qonşularla dinc münasibətlər və açıq kommunikasiya xətləri üzərində mümkündür.

Paşinyanın platformasında Qarabağ məsələsinin yer almaması, əslində, Azərbaycanın yaratdığı yeni geosiyasi reallığın Ermənistan tərəfindən rəsmən qəbul edilməsi kimi dəyərləndirilə bilər. Azərbaycanın 2020 və 2023-cü illərdə əldə etdiyi hərbi-siyasi üstünlüklər bölgədə tamamilə yeni status-kvo formalaşdırıb. Bu gün Cənubi Qafqazda güc balansı Bakının xeyrinə dəyişib. Ermənistan üçün bu reallığı qəbul etməmək nə iqtisadi, nə də siyasi baxımdan mümkündür.

Paşinyanın siyasəti bu nöqtədə məcburi uyğunlaşma siyasəti kimi xarakterizə oluna bilər. Lakin bu uyğunlaşma eyni zamanda Ermənistan cəmiyyətində reallıqla barışıq psixologiyasını da tədricən formalaşdırır.

Onu da qeyd etmək lazımdır ki, Paşinyanın “sülh və sabitlik quruculuğu” ilə bağlı çağırışları ilk baxışda idealist təsir bağışlaya bilər. Amma bu ritorikanın arxasında praktik məqsədlər dayanır. Rəsmi İrəvan çalışır ki, Qərb institutları ilə əlaqələrini möhkəmləndirsin, regiondakı təcriddən çıxsın, iqtisadi layihələrdə iştirak etsin, Azərbaycan və Türkiyə ilə münasibətləri normallaşdırmaqla geosiyasi manevr imkanlarını bərpa etsin.

Bu mənada Paşinyan artıq “Qarabağ məsələsi”ni Ermənistan üçün yük yox, maneə kimi görür.

Seçkilərə “Qarabağsız platforma” ilə getmək Paşinyan üçün riskli addımdır, lakin bu risk artıq əvvəlki illərdəki qədər təhlükəli deyil. Cəmiyyətin böyük hissəsi müharibədən, təcriddən və iqtisadi böhrandan yorulub. İnsanlar daha çox sabitlik, rifah və təhlükəsizlik istəyir.

Bu şəraitdə Paşinyan özünü milli faciənin məsuliyyətini daşıyan lider kimi yox, reallığı qəbul edən və ölkəsini yeni mərhələyə aparan siyasətçi kimi təqdim etməyə çalışır.

Bu baxımdan, Paşinyanın “Qarabağsız Ermənistan” platforması Ermənistanın siyasi tarixində post-münaqişə dövrünün başlanğıcı kimi qiymətləndirilə bilər. Bu platforma eyni zamanda regionda onilliklər boyu davam edən tarixi illüziyaların sonunu simvolizə edir.

Azərbaycanın gücü, diplomatik iradəsi və reallıq siyasəti nəticəsində Cənubi Qafqazda yeni bir münaqişəsonrası siyasi nizam formalaşır. Bu nizamda artıq Qarabağ deyil, sülh, iqtisadi əməkdaşlıq və qarşılıqlı tanınma ön plana çıxır.

MTM Analitik Qrupu 

SORĞU

Erkən nikahlar haqqında düşüncələrimiz

Sizcə nikah üçün erkən yaş həddi neçədir?