Bu gün

C5+1 sammiti: ABŞ dialoqunda Bakı olmadan mümkün deyil - TƏHLİL

Azərbaycanın geosiyasi mövqeyi və çoxşaxəli xarici siyasəti ölkəmizi həm regionda, həm də qlobal miqyasda mühüm aktora çevirib. Bunu Qərb dünyası ilə Mərkəzi Asiya dövlətləri arasında qurulan münasibətlərdə Azərbaycanın oynadığı rolda da aydın görmək mümkündür. Bu baxımdan noyabrın 6-da Vaşinqtonda keçiriləcək “Mərkəzi Asiya–ABŞ” sammiti (“C5+1” formatı) xüsusi əhəmiyyət kəsb edir.

“C5+1” platforması 2015-ci ildən fəaliyyət göstərir və beş Mərkəzi Asiya ölkəsi ilə ABŞ arasında siyasi, iqtisadi və təhlükəsizlik sahələrində dialoqu nəzərdə tutur. Format regionun strateji diplomatiyasının əsas mexanizmlərindən birinə çevrilib. Mərkəzi Asiya ölkələri son illərdə regional həmrəyliyi gücləndirib, ticarət dövriyyəsini ikiqat artırıb və yeni iqtisadi hədəflər müəyyənləşdiriblər.

Azərbaycanın bu prosesdə rolu təkcə coğrafi mövqeyi ilə məhdudlaşmır. Bakı həm Şərq-Qərb, həm də Şimal-Cənub nəqliyyat dəhlizlərinin kəsişməsində yerləşməklə regionun tranzit və logistika mərkəzinə çevrilib. Prezident İlham Əliyevin həyata keçirdiyi infrastruktur siyasəti nəticəsində ölkəmiz həm Mərkəzi Asiya, həm də Avropa üçün etibarlı tərəfdaşa çevrilib. Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin də qeyd etdiyi kimi, Azərbaycanın enerji ehtiyatları, əlverişli mövqeyi və Prezident İlham Əliyevin strateji baxışları ölkəmizi regional logistika və enerji gücünə çevirib və Cənubi Qafqazda mühüm rol oynayır.

ABŞ və Mərkəzi Asiya ölkələri ilə əməkdaşlıqda Azərbaycanın enerji sektoru da xüsusi yer tutur. Bakı–Tbilisi–Ceyhan və Cənub Qaz Dəhlizi kimi layihələr regionun enerji təhlükəsizliyinin əsas təminat mexanizmlərindəndir. Artıq Mərkəzi Asiyada hasil olunan neft bu marşrutlarla dünya bazarına çıxarılır. Gələcəkdə Qazaxıstan və Türkmənistan qazının da bu sistemə qoşulması planlaşdırılır. Azərbaycan həmçinin regional təhlükəsizlik məsələlərində də mühüm iştirakçıdır. Bakı terrorizm, ekstremizm, sərhəd təhlükəsizliyi və narkotik qaçaqmalçılığı ilə mübarizə sahəsində Mərkəzi Asiya ölkələri və Qərb tərəfdaşları ilə birgə fəaliyyət göstərir.

Azərbaycanın təşəbbüsü ilə region ölkələri arasında ticarət dövriyyəsinin artırılması istiqamətində əhəmiyyətli irəliləyişlər əldə olunub. Bakı–Tbilisi–Qars dəmir yolu və Ələt Beynəlxalq Dəniz Limanı Mərkəzi Asiyadan Avropaya çıxışı asanlaşdırır. Bu infrastrukturdan ABŞ və Avropa şirkətləri də aktiv istifadə edir. Avropa İttifaqının “Qlobal Gateway” təşəbbüsü də Azərbaycanın həlledici rolu ilə reallaşır. Bu proqram Mərkəzi Asiya və Cənubi Qafqaz regionlarını Avropanın enerji, nəqliyyat və rəqəmsal əməkdaşlıq məkanına inteqrasiya etməyi hədəfləyir.

Bütün bunlar göstərir ki, Azərbaycan Mərkəzi Asiya ilə Qərb dünyası arasında sadəcə tranzit ölkə deyil. Bakı həm iqtisadi, həm diplomatik, həm də təhlükəsizlik baxımından bu münasibətlərin fəal formalaşdırıcısına çevrilib.

MTM Analitik Qrupu 

SORĞU

Erkən nikahlar haqqında düşüncələrimiz

Sizcə nikah üçün erkən yaş həddi neçədir?