Dünən

Yeni Baş nazir, yeni kurs: Yaponiya Rusiya qazından imtina edəcəkmi? - MƏQALƏ

Yaponiyanın tarixində ilk qadın Baş nazir olan Sanae Takaiçinin hakimiyyətə gəlməsi Yaponiyanın həm daxili, həm də beynəlxalq siyasətində kəskin dönüş nöqtəsinin başlanğıcı kimi qiymətləndirmək olar. 64 yaşlı Takaiçinin oktyabr ayında Liberal-Demokrat Partiyasının (LDP) yeni lideri təyin edilərək, hökumət başçısı seçilməsi Yaponiyanın gələcək inkişaf istiqamətini müəyyənləşdirəcək.

Sanae Takaiçi Yaponiyada əksər vaxt "kişi siyasəti" adlandırılan sahədə fəaliyyət göstərməsinə baxmayaraq, gənc ikən motosiklet sürmək və rok musiqisinə pərəstiş etmək kimi qeyri-ənənəvi maraqları ilə seçilib. Maraqlıdır ki, ilk qadın Baş nazir olmasına baxmayaraq, o, feminist mövqeyini dəstəkləmir: imperator evində qadın taxt varisliyinə və eynicinsli nikahlara qarşı çıxır. Siyasi baxımdan isə Takaiçi mərhum Baş nazir Şinzo Abenin xəttinin sadiq davamçısı kimi tanınır.

Takaiçi hökumətinin əsas gündəmi ölkənin hərbi mövqeyini gücləndirməkdir. Onun parlamentdəki çıxışı zamanı "təhlükəsizlik" sözünün 18 dəfə səslənməsi bu mövzuya verilən əhəmiyyəti göstərir.

Takaiçi Yaponiyanın hərbi xərclərini Ümumi Daxili Məhsulun (ÜDM) 2%-ə qədər artırmaq niyyətindədir. Bu, uzun illərdir mövcud olan 1%-lik qeyri-rəsmi tavanın aşılması deməkdir. Bununla belə, hökumət daxilində Trampın bu rəqəmi 5%-ə qədər yüksəltmə tələbi ilə çıxış edə biləcəyi ilə bağlı narahatlıqlar var.

Yeni Baş nazir mərhum Şinzo Abenin kursunu davam etdirərək ölkənin militarizasiya siyasətini aparacaq. Bu doktrinaya əsasən, Yaponiya nüvə silahı da daxil olmaqla, hər cür silahlara sahib olmaq məhdudiyyətlərini aradan qaldırmalıdır. Parlamentin bu yaxınlarda Yaponiya silahlarının xaricə ixracına qoyulan qadağanı ləğv etməsi hərbi kursun gücləndiyini təsdiqləyir. Bu qərarın ləğvi, anti-müharibə mövqeyi müdafiə edən "Komeyto" buddizm partiyasının hakim koalisiyadan çıxması ilə nəticələndi.

Yeni Baş nazirin seçilməsindən qısa müddət sonra ABŞ Prezidenti Donald Tramp Asiya turu çərçivəsində oktyabrın 27-də Malayziyadan Tokioya gəlib. Oktyabrın 29-dək davam edəcək səfər çərçivəsində Prezident Donald Tramp Yaponiya İmperatoru Naruhito və Baş nazir Sanae Takaiçi ilə görüşəcək.

Qeyd edək ki, bu, Donald Trampın prezident kimi Yaponiyaya ikinci səfəridir. O, bundan əvvəl birinci prezidentliyi dövründə 2019-cu ildə Yaponiyada olub. Yaponiya hökuməti ABŞ Prezidenti Donald Trampın rəsmi səfəri ərəfəsində iki mühüm və kompleks məsələlərlə - hərbi xərclərin artırılması və enerji təhlükəsizliyi ilə üzləşir.

Hərbi təhlükəsizliklə yanaşı, Yaponiya elitasını iqtisadi təhlükəsizlik məsələləri də narahat edir. Trampın səfəri ərəfəsində Yaponiya ixracı üçün ABŞ tərəfindən tətbiq edilən gömrük tarifləri ilə bağlı çətin danışıqlar gözlənilir. Yaponiya tərəfi Trampın müsbət rəğbətini qazanmaq üçün ABŞ iqtisadiyyatına 550 milyard dollarlıq iri məbləğli sərmayə yatırmağı təklif edir.

Ən ağır tələb isə ABŞ Maliyyə Naziri Skott Bessent tərəfindən irəli sürülüb: Yaponiyanın "Saxalin-2" layihəsindən Rusiya mayeləşdirilmiş təbii qaz (LNG) idxalını tamamilə dayandırması tələb edilir. Bu, Yaponiya üçün ciddi problemdir, çünki Rusiya Avstraliya və Malayziyadan sonra Yaponiyaya üçüncü ən böyük LNG ixracatçısıdır. Ölkəyə edilən bütün enerji resurslarının idxalının 65.8%-ni Rusiya qazı təşkil edir. Tokio tərəfindən Rusiya qazından imtina edilməsi ikili ticarəti rekord həddə endirəcək və ölkənin enerji təhlükəsizliyinə zərbə vuracaq.

Tramp Administrasiyasının bu tələbləri, Rusiya enerji ixracı ətrafında "boğma kəmərini" daha da sıxmağa davam etdiyini göstərir. ABŞ-nin əvvəlcə Hindistanın Rusiya neft alqı-satqısını iki dəfə azaltmağa nail olması, indi isə Yaponiyadan Rusiyanın LNG tədarükünü tamamilə dayandırmağı tələb etməsi bu strategiyanın bariz nümunəsidir.

Sanae Takaiçinin Yaponiya rəhbərliyindəki dövrü həm ölkənin hərbi mövqeyini yenidən müəyyənləşdirmək, həm də ABŞ-nin Rusiya ilə enerji əlaqələrinin kəsilməsi təzyiqinə cavab vermək zərurəti ilə mürəkkəb bir dövr olacaq. Yaponiya iqtisadi və siyasi müttəfiqi olan ABŞ-nin təzyiqi ilə enerji təhlükəsizliyi və milli maraqları arasında çətin bir tarazlıq yaratmaq məcburiyyətindədir.

Azadxan Axundov

SORĞU

Erkən nikahlar haqqında düşüncələrimiz

Sizcə nikah üçün erkən yaş həddi neçədir?