Sülh Ermənistan üçün seçim yox, varlıq məsələsidir - TƏHLİL

Ermənistanın Baş naziri Nikol Paşinyanın son bəyanatı regionda yeni siyasi mərhələnin başlandığını göstərir. Onun “Ermənistan Respublikası sülhün nə demək olduğunu bilmir, çünki biz müstəqilliyin ilk günündən münaqişə vəziyyətində olmuşuq” sözləri təkcə tarixi etiraf deyil, həm də Paşinyanın siyasi proseslərə yanaşmasında dönüş nöqtəsi kimi dəyərləndirilir.
Paşinyan bu bəyanatla həm Ermənistanın kollektiv yaddaşına, həm də ölkənin gələcək siyasi kursuna yönəlik mesaj verib. Onun çıxışında səslənən “sülhü qorumaq və institutlaşdırmaq” fikri isə xüsusi diqqət çəkir.
İndiyədək Ermənistanın siyasi leksikonunda “institusionallaşdırma” termini əsasən Qərb dəyərləri və demokratik islahatlarla əlaqələndirilirdi. Paşinyan isə bu anlayışı sülh ideyasına tətbiq etməklə yeni ideoloji platforma formalaşdırır. O, demək istəyir ki, sülh sadəcə müqavilə deyil, siyasi mədəniyyətdir. Sülhün qorunması üçün cəmiyyətin təfəkkürü və dövlət institutlarının düşüncə tərzi dəyişməlidir.
Baş nazirin “erməni xalqı öz seçimi ilə sülhü müdafiə etməlidir” fikri də bu yanaşmanın davamıdır. Bu, Paşinyanın 2026-cı ildə keçiriləcək parlament seçkilərini “sülhün referendumu”na çevirmək niyyətində olduğunu göstərir. O, faktiki olaraq seçicilərə belə mesaj verir: “Məni sülh kursuma görə dəstəkləyin, əks halda Ermənistan yenidən keçmişin forpost siyasətinə qayıdacaq”.
Paşinyanın “forpost məntiqinə qayıtmaq” ifadəsi həm Ermənistanın Rusiya asılılığını, həm də köhnə siyasi elitanın təfəkkür tərzini hədəf alır. Bu sözlərlə o, dolayısı ilə Robert Koçaryan, Serj Sarkisyan və Moskvayönlü dairələrə mesaj göndərir və açıq şəkildə bildirir ki, Rusiyanın forpostu olmaq Ermənistanı nə təhlükəsizlikdə, nə də rifahda saxladı.
İndi Paşinyan Ermənistanı Rusiyanın orbitindən uzaqlaşdırmağa, Qərb, xüsusilə ABŞ və Avropa İttifaqı ilə əməkdaşlığı müstəqil seçim kimi təqdim etməyə və bütün bunları “sülhün müdafiəsi” adı altında legitimləşdirməyə çalışır.
Paşinyanın çıxışında xüsusi yer tutan məqamlardan biri də avqustun 8-də Vaşinqtonda Azərbaycan, Ermənistan və ABŞ liderlərinin imzaladığı razılaşmadır. Baş nazir bu razılaşmanın artıq nəticə verdiyini vurğulayıb və konkret olaraq Marqara–Yexeqnadzor–Sisian–Gorus marşrutu üzrə Türkiyədən Azərbaycana və əks istiqamətdə yük tranzitinə razılıq verdiklərini açıqlayıb.
Bu addım region üçün bir neçə mühüm nəticə doğurur. Belə ki, Zəngəzur dəhlizi anlayışı yeni formaya keçir — artıq məsələ “dəhliz” deyil, qarşılıqlı tranzit məntiqi üzərində qurulur. Bu, həm Bakı, həm də Ankara üçün diplomatik qələbədir, çünki İrəvan faktiki olaraq blokadanı aradan qaldırır, lakin suverenliyini formal olaraq qoruyur.
Eyni zamanda, bu proses Ermənistan–Türkiyə normallaşmasının praktik mərhələyə keçdiyini göstərir. Paşinyanın bu addımı Ankara ilə diplomatik münasibətlərin bərpasına hazırlıq siqnalı kimi dəyərləndirilir. Türkiyə ilə iqtisadi əlaqələrin genişlənməsi, bir tərəfdən daxili sosial təzyiqləri azalda bilər, digər tərəfdən isə Ermənistan iqtisadiyyatını Rusiya asılılığından qurtarmağa xidmət edər.
Ən əsası, Azərbaycan–Ermənistan münasibətləri artıq real əməkdaşlıq mərhələsinə qədəm qoyur. Paşinyanın “Azərbaycan Prezidentinin tranzit məhdudiyyətlərinin aradan qaldırılması ilə bağlı bəyanatına cavab olaraq bu qərarı verdik” deməsi, tərəflər arasında qarşılıqlı etimadın yaranmağa başladığını göstərir.
Paşinyanın bəyanatı Azərbaycan üçün də yeni imkanlar açır. Birincisi, kommunikasiyaların bərpası Azərbaycanın regional logistik üstünlüyünü möhkəmləndirəcək. İkincisi, sülhün institutlaşdırılması prosesi Bakının maraqlarına da uyğundur, çünki qeyri-müəyyənlik iqtisadi inkişafı ləngidir. Üçüncüsü, revanşist qüvvələrin zəifləməsi gələcəkdə sərhədlərin demarkasiyası və delimitasiyasını asanlaşdıra bilər.
Beləliklə, Paşinyanın son çıxışı Ermənistan dövlətinin tarixi istiqamətini dəyişdirməyə yönəlmiş cəsarətli addım kimi qiymətləndirilə bilər. O, xalqını müharibə psixologiyasından çıxarmağa çalışır. Çünki artıq sülh Ermənistan üçün seçim deyil, varlıq məsələsinə çevrilib.
MTM Analitik Qrupu