Bu gün

Paşinyan ermənilərin saxta kimlik konstruksiyasını dağıdır - TƏHLİL

Ermənistanın Baş naziri Nikol Paşinyanın “erməni konyakı anlayışı yoxdur” bəyanatı, əslində, Ermənistanın onilliklərdir üzərində qurduğu milli mifologiyanın və ideoloji özünütəsdiq sisteminin sarsılması kimi qiymətləndirilə bilər. Paşinyan “erməni konyakı” ifadəsinin beynəlxalq mənada yanlış olduğunu bildirərkən, fərqində olmadan və ya bilərəkdən Ermənistanın qondarma “xüsusiliyini”, hər şeydə “erməni izi” axtaran mifin təməl daşlarını hədəfə alıb.

“Erməni konyakı” anlayışı sovet dövrünün məhsuludur. Sovet ideoloji sistemində milli qürurun məhdud formalarda yaşadılmasına icazə verilir, bu da əsasən mədəni və kulinariya atributları vasitəsilə həyata keçirilirdi. Məsələn, “gürcü şərabı”, “erməni konyakı”, “özbək ipəyi” kimi anlayışlar həmin dövrdə milli kimliyin rəmzlərinə çevrilmişdi. Ermənistan üçün “Ararat konyakı” da o illərdə millilik simvolu kimi təqdim olunurdu. Lakin bu simvol “erməni zəkasının nailiyyəti” deyil, fransız texnologiyasının surəti və SSRİ-nin iqtisadi planlaşdırma sisteminin məhsulu idi. Paşinyanın bu faktı açıq şəkildə dilə gətirməsi bir növ ideoloji maskanı yırtmaqdır.

Baş nazirin “konyak yalnız Fransanın Konyak bölgəsində yetişdirilən üzümdən hazırlanır” sözləri beynəlxalq hüquq və brend sisteminə görə tamamilə doğrudur. Amma bu ifadə Ermənistan cəmiyyəti üçün dərin psixoloji nəticələr doğurur. Çünki “erməni konyakı” uzun illər “erməni dahiliyinin” sübutu kimi təqdim edilirdi. Paşinyan isə bu düşüncə modelini dəyişməyə çalışır.

Nikol Paşinyan artıq bir neçə ildir ki, Ermənistanın ideoloji özünütəsdiq alətlərini dağıtmaqla məşğuldur. Əgər 2018-ci ildə “inqilab” onun ritorikasında azadlığın simvolu idisə, bu gün Paşinyanın çıxışları daha çox “mifdən oyanış” xarakteri daşıyır. O, ardıcıl şəkildə Qarabağ məsələsinin “milli müqəddəslik” statusunu müzakirə obyektinə çevirir, “qələbə” mifinin üzərində qurulan ordu və qəhrəmanlıq kultuna qarşı çıxır. İndi isə “erməni brendi” kimi təqdim olunan “konyak” anlayışının saxta əsaslarını ifşa edir. Bu, sadəcə bir faktın ifadəsi deyil, sistematik şəkildə uydurulmuş kimlik konstruksiyasının sarsıdılması cəhdidir. Paşinyan bu bəyanatlarla demək istəyir ki, ermənilik — uydurma üstünlüklər deyil, reallığı qəbul etməkdir.

Ermənistanın ideoloji sistemi uzun illər təqlid və mənimsəmə üzərində qurulub. Onlar Bizansdan miras qalan mifik iddiaları davam etdirərək “xristianlığın beşiyi bizik” deyiblər, sovet xəritə manipulyasiyalarına əsaslanaraq “Qarabağ tarixi torpağımızdır” kimi iddialar irəli sürüblər. Eyni məntiqlə fransız məhsulunun “erməni konyakı” adı altında milli brendə çevrilməsi də bu xəttin bir parçası idi. Bu sistemin əsas məqsədi xalqda özünəxüsusilik illüziyası yaratmaq, kiçik dövlət kompleksini mədəni simvollarla kompensasiya etmək idi. Paşinyan isə həmin illüziyaları dağıdır. Əslində, o, demək istəyir ki, erməni dəyərləri mənimsənilmiş simvollara deyil, real istehsal, real düşüncə və real kimliyə əsaslanmalıdır.

Bu bəyanatın arxasında həm də Qərbə yönəlmiş siqnal dayanır. Paşinyan göstərmək istəyir ki, Ermənistan Avropa hüquqi və mədəni normalarına uyğun düşünür. Avropa İttifaqı “mənşə adı” prinsipinə əsasən məhsulları qoruyur. “Şampan”, “parmezan”, “konyak” kimi adlar coğrafi mənşə ilə bağlı hüquqi brendlərdir. Paşinyanın bu normanı qəbul etməsi, Ermənistanın Avropa identifikasiyasına inteqrasiya cəhdi kimi də oxuna bilər.

Lakin bu cəhd daxildə psixoloji müqavimətlə üzləşir. Ermənistan cəmiyyətinin böyük hissəsi “erməniliyin” simvolik sütunlarını itirmək istəmir. Çünki bu sütunlar onların kollektiv yaddaşının dayaqlarıdır. Paşinyan isə həmin dayaqları müasir reallığın ağırlığı altında əzir, erməni kimliyinin saxta elementlərinə zərbə vurur.

Onun bəyanatı göstərir ki, Ermənistanın müasir siyasi rəhbərliyi ideoloji miflərdən reallığa keçid dövrünü yaşayır. Bu keçid ağrılıdır, çünki ermənilər uzun illər öz kimliyini reallıqdan deyil, qondarma fərqliliklərdən qidalandırıblar. İndi bu fərqliliklər dağıldıqca kimlik boşluğu yaranır. Bu boşluğu doldura biləcək “yeni erməni ideyası” isə hələ formalaşmayıb.

Paşinyanın çıxışı göstərir ki, Ermənistan postmifik mərhələyə qədəm qoyur. Əgər əvvəllər “ermənilik” saxta simvolların və uydurma tarixin qarışığı idisə, indi o, bu kimliyi reallıq, hüquq və beynəlxalq normalar əsasında yenidən qurmaq istəyir. Lakin bu proses köhnə ideoloji təbəqəni narahat edir. Çünki “erməni konyakı yoxdur” demək, bir mənada “erməni mifinin də olmadığını” etiraf etməkdir.

MTM Analitik Qrupu 

SORĞU

Erkən nikahlar haqqında düşüncələrimiz

Sizcə nikah üçün erkən yaş həddi neçədir?